“Viza rejiminin aradan qalxması Türkiyəyə işçi axınını artıracaq” -   İqtisadçı-ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Viza rejiminin aradan qalxması Türkiyəyə işçi axınını artıracaq” - İqtisadçı-ekspert

İqtisadiyyat

11 Dekabr 2020 12:28 1145


Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı protokol imzalanıb. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə başçısı İlham Əliyevin dəvəti ilə dekabrın 9-10-da Azərbaycanda rəsmi səfərdə olub və Bakıda protokol imzalanıb. Protokola əsasən, münasibətlərin daha da inkişaf etməsi üçün hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət etməsi mümkün olacaq.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, hazırda Türkiyədə kifayət qədər Azərbaycan vətəndaşı olan əməkçilər var. Viza rejiminin aradan qalxması isə bu sayın daha da artmasına səbəb olacaq:

“Bundan sonra bizdən daha çox işçi Türkiyəyə səfər edəcək. Çünki Azərbaycanda əmək bazarında kifayət qədər boşluqlar var. Yəni işçi qüvvəsi çoxdur, iş təklifləri isə məhduddur. Düzü, beyin axınının olacağını güman etmirəm. Çünki intellektual şəxslərin səfəri o qədər də problem deyil. Onların seqmenti kiçikdir. Amma sadə əməkçilərin axını artacaq. Burada iş tapa bilməyən, ciddi peşəsi olmayan şəxslər pul qazanmaq üçün Türkiyəyə səfər etməyi üstün tutacaqlar. Çünki hazırda orada işləyənlər Türkiyədə iş təkliflərinin daha çox olduğunu deyirlər. Mən şəxsən bir neçə nəfər tanıyıram ki, bu fikirləri səsləndirib. Məsələn, tutaq ki, kiminsə burada ixtisası müəllimdir. O, işə qəbulla bağlı imtahan verir, balı aşağı olduğu üçün yer tuta bilmir. Dərhal Türkiyəyə üz tutur, gedib müxtəlif şəhərlərdə dayə və yaxud başqa hansısa bir peşəyə yiyələnir. Yeni protokolun əmək bazarında əsas təsir bu yöndə olacaq”. pizza mizza

Türklərin Azərbaycanda biznes qurma ehtimalına gəldikdə isə ekspert diqqətə çatdırıb ki, bizim ölkə iqtisadiyyatında köklü problemlər var:

“O problemləri nə qədər ki həll etməmişik, Azərbaycanda iş yerləri çoxalmayacaq. Məsələn, bizdə iş yerlərini artırmaq üçün hökumət pullu ictimai işlər yaradır, dövlət şirkətlərində ştat vahidlərini artırırlar. Bunlar əmək bazarını zənginləşdirmək, iş yerlərini artırmaq üçün bir üsul deyil. Üsul tam başqa cür olmalıdır. İndi qeyd edəcəyim şeyin ilk baxışda əmək bazarına aidiyyətinin olmadığı düşünülür, amma köklü şəkildə bağlıdır. Məsələn, mülkiyyətə zəmanət verilməsi kimi həllini tapmayan məsələ var. Azərbaycanda istənilən sahibkar hər an onu gözə alır ki, onun əmlakı əlindən alına, sökülə və yaxud dövlət nəzarətinə götürülə bilər. Amma əslində, ölkədə mülkiyyətə qızıl zəmanət verilməlidir. Sahibkar bilməlidir ki, onun əmlakını heç kim əlindən ala bilməz. Amma Azərbaycan elə bir məkan deyil. Bundan əlavə Azərbaycanda müstəqil məhkəmələr olmalıdır. Tutaq ki, mən sahibkaram, mənim halal malımı qanunlardan yan keçərək elə sənədləşdirirlər  ki, əmlakım əlimdən çıxır. Bu zaman mən əmin olmalıyam ki, dərhal şəxsi və ya qurumu məhkəməyə verib haqqımı bərpa edə biləcəm. Bunun üçün müstəqil məhkəmə olmalıdır. Əgər belə bir situasiya Azərbaycanda olsa, Azərbaycan təbii olaraq investisiya üçün cəlbedici bir məkandır".

Ekspert deyib ki, investisiya yatırılması baxımından Azərbaycanın həm coğrafi mövqeyi, həm də təbii sərvətləri mühüm rol oynayır:

"Rəqabət mühiti, biznesin fəaliyyətinə manelər aradan qaldırılsa, bütün Avropa Azərbaycana gələr və burada investisiya qoyar, bununla da kifayət qədər iş yerləri açılar, nəticədə zəngin əmək bazarı olar və Azərbaycan insanının seçim imkanı artar. Ölkə vətəndaşı da heç yerə getməz, hətta gedənlər də geri gələr. Lakin sadaladığım problemlər işə mane olur. Həqiqətən, Azərbaycan investisiya üçün çox unikal bir ölkədir. Amma bizim problemlərimiz o unikallığı öz çətiri altında gizlədir, imkan vermir ki, beynəlxalq investisiya Azərbaycana gəlsin”.

Sayad HƏSƏNLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!