Məlum olduğu kimi, Azərbaycanda işsizliyin 5 faiz civarında olduğu bildirilir. Bu ilin yanvar ayında əhali sayının 10 milyon 60 min 194 nəfərə çatdığı açıqlanıb.
Bu statistikaya əsasən, Azərbaycanda təxminən 503 min 9 nəfər işsizdir. Lakin koronavirusla mübarizə çərçivəsində 600 min işsiz insana (buraya karantinə görə işini itirənlər də daxildir) 190 manat birdəfəlik yardım göstərilib. Təqribi rəqəmləri nəzərə alsaq, bunun 5 faiz olduğunu hesab etmək mümkündür. Amma bir də işsiz olduğu halda yardım ala bilməyənlər oldu. Bunun səbəbi isə bəzilərinin sosial yardım alması, bəzilərinin adlarına ev və maşınlarının olması, bəzilərinin isə ailə vəziyyətini düzgün qeyd etməməsi idi. Təbii ki, sadalanan faktorlar onların işsiz olmadığı mənasına gəlmir. Sadəcə standartlara uyğun gəlmədilər. Çünki yardım göstərilən zaman ödənişin ən çox ehtiyacı olanlara çatması üçün müəyyən tələblər qoyulmuşdu. Maraqlıdır, tələblərə uyğun gəlməyən işsiz şəxsləri də nəzərə alsaq, ölkədə ümumi işsizlərin sayı nə qədər olar?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytenant İlham İsmayıl bildirib ki, koronavirus pandemiyası işsizlik faizi ilə bağlı statistik rəqəmlərin həqiqəti əks etdirmədiyini sübut edib: “Sualın daxilində həqiqətən də yaxşı cavablar var idi, hansı ki, vəziyyət doğrudan da deyildiyi kimidir. Koronavirus pandemiyası bu məsələni-yalanı sübut etdi. İstər işsizlər haqqında, istər ölkədəki yoxsulluğun faizi haqqında verilən statistik rəqəmlərin həqiqəti əks etdirmədiyi ortaya çıxdı. Dördpendirli pizza
Ölkədə tamamilə başqa mənzərədir. 190 manat üçün 2 milyona yaxın adam müraciət eləmişdi, deyilənə görə, onlardan 600 mininə yardım göstərildi. Heç yardımın sona qədər edilib-edilmədiyi də məlum deyil. Bütün bunlar onu göstərdi ki, ölkədə kifayət qədər ciddi işsizlik problemi var, proses get-gedə artır.
Sizlə danışan şəxsin özünün də 65 yaşı yoxdur və işsizdir. Sadəcə olaraq mən heç yerə müraciət etmirəm. Bunu əyani sübut etmək üçün deyirəm. Mənim kimi çoxlu sayda insan var. Müraciət etmirlər, abırlarına qısılırlar. Bu statistikanı real şəkildə birinci elə jurnalistlər üzə çıxara bilər. İkincisi, koronavirus özü sübut elədi. Yaxşı olar ki, yanaşmanı dəyişsinlər, həqiqəti ortaya çıxarsınlar. O pullar iş yerlərinin açılmasına sərf olunsaydı, yığılan rüşvətlər xaricə aparılmasaydı, xaricdə tikilən villaların yerinə Azərbaycanda sənaye müəssisələri açılsaydı, problem təbii ki, aradan qalxardı. Təəssüf ki, illərlə davam edən bu vəziyyət heç bir şəkildə düzəlməyib”.
Maraqlıdır, həbs edilən keçmiş məmurlardan yığılan pulların fonda köçürülməsi və bölgələrdə iş yerlərinin yaradılması üçün xərclənməsi mümkündürmü? İlham İsmayıl qeyd edib ki, bu addımların atılması üçün kompleks islahatlar keçirilməlidir: “Bunlar sizin, mənim və işsiz kütlənin arzularıdır ki, fond yaratsınlar, rüşvətdən yığılan pulları bu və digər sahələrə istiqamətləndirsinlər, nəticədə iş yerləri açılsın. Biz təkliflərimizi verə bilərik. Bu addımları atmaq üçün kompleks islahatlar keçirilməlidir və deyilənlər onun tərkib hissəsi olmalıdır. Olmadıqca proseslər bir-birini tamamlamayacaq, tamamlamadığına görə də rüşvət də, işsizlik də, yoxsulluq da qalmağa davam edəcək”.
Sayad Həsənli
Telegram kanalımız