Xaricilərlə evlənən azərbaycanlılar buna görə boşanmır –   Qəribə səbəb

saytların hazırlanması

Evə çatdırılma

Xaricilərlə evlənən azərbaycanlılar buna görə boşanmır – Qəribə səbəb

Sosial

14 Oktyabr 2025 17:17 661


Bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.

Xaricilərlə ailə həyatı quran məşhurlar da az deyil: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva, müğənni Yeganə Mürsəlova, bəstəkar-prodüser İsa Məlikov, aparıcı Xoşqədəm Hidayətqızı, model Günay Musayeva, ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva və s.

Bir müddət əvvəl əcnəbi idmançı ilə nikaha girən L.Vəliyeva “Yeni Sabah”a açıqlamasında bildirib ki, atası onun bu seçimini təəccüblə qarşılasa da narahat olmayıb: pizza hut

“Atam ilk dəfə bu xəbəri eşidəndə bir az təəccübləndi, amma çox da narahat olmadı. O, həyat yoldaşımın idmançı olduğunu biləndə dedi ki, əsas odur, yaxşı insan olsun. Sadəcə bir qədər vaxt istədi ki, onu yaxından tanısın. Zaman keçdikcə onun dəyərlərini, hörmətini, yanaşmasını və mehribanlığını gördü”.

L.Vəliyeva anasının bu qərara birmənalı yanaşmadığını və onu razı salmağın elə də asan olmadığını söyləyib. Onun sözlərinə görə, zamanla anası da sözügedən münasibətə yaşıl işıq yandırıb:

“Çətini anamı razı salmaq idi, ilk başda o, bu münasibəti anlamaqda çətinlik çəkirdi. Zamanla həyat yoldaşımın mədəni, mehriban insan olduğunu görüb seçimimin doğruluğuna inandı. Hazırda anamın yeganə istəyi mənim xoşbəxt olmağımdır. Bütün ailə olaraq hamı onu çox istəyir və onun necə mehriban insan olmağını görür”.

O, əcnəbi ilə ailə qurmaq qərarını necə verdiyindən də danışıb:

“Əslində, bu qərara gəlməyim tələsik olmadı. Biz ilk dəfə iki il yarım əvvəl Çində keçirilən atletika yarışında tanış olmuşduq. Əvvəlcə sadəcə dost kimi münasibət qurduq, bir-birimizi tanımağa başladıq. Sonra isə aramızda uzaq məsafə yarandı. İki il yarım bir-birimizi görmədik. Amma buna baxmayaraq daim əlaqə saxlayırdıq. Sevdiyin insandan uzaqda olmaq bəzən çətinlik yaradırdı. Həqiqətən elə zamanlar olurdu ki, düşünürdük, bəlkə heç bir-birimizi görə bilməyəcəyik. Amma buna baxmayaraq, Allah bizim yolumuzu açdı, qovuşdurdu. Hörmət və sevgi sayəsində bütün maneələri aşdıq”.

Lamiyə xanım onu da vurğulayıb ki, qarşı tərəfin ailəsi onu ilk gündəm səmimi qarşılayıb və ailə üzvü kimi qəbul ediblər.

Sosioloq Hüseyn İbrahimov isə “Yeni Sabah”a açıqlamasında deyib ki, son zamanlar belə evliliklərin sayında artım var. O qeyd edib ki, peşə təhsili, əmək fəaliyyəti ilə bağlı olan inteqrasiyanın nəticəsində insanların bir-birini tanıması və ölkəyə turist axınının güclənməsi və s. amillər xaricilərlə evliliklərin sayının artmasına gətirib çıxarır:

“Belə halları sürətləndirən əsas amil isə sosial mediadır. Son illərdə insan həyatında sosial şəbəkələrin rolu artıb və burda tanış olmaq asanlaşıb. Bir çox hallarda sosial media əhəmiyyətli və sürətli dəyişikliklərdə rol oynayır”.

Ekspert xarici vətəndaşlarla evlənməyin bir adət halına gəlmədiyini, qonşu dövlətlərdə belə nikahlara daha çox rast gəlindiyini söyləyib:

“Azərbaycan da belə proseslərə inteqrasiya olunan bir ölkədir. Bütün hallarda ailələr qurularkən müəyyən məsələlərə diqqət yetirilməlidir. Ailə quran zaman qarşı tərəfin hansı ölkədən olması məsələsinə diqqət yetirilməlidir. Çünki ailə dövlətin mənbəyidir və kiçik bir dövlət deməkdir. Cəmiyyətimiz, tariximiz və ənənələrimizlə təməl prinsipləri yaxın olan ölkələrin vətəndaşları ilə evlənmək daha doğru bir qərar olar”.

Sosioloq onu da əlavə edib ki, xaricilərlə ailə həyatı quran insanların boşanma nisbəti özümüzkilərə nisbətən aşağıdır və bunun əsas səbəblərindən biri yaş kateqoriyasının yüksək olmasıdır. Onun fikrincə, boşanmalar əsasən gənc ailələrdə müşahidə olunur:

“Xarici vətəndaşla ailə quranlar isə adətən gənc yaşlarda olmurlar. Bu nüans dünya görüşü baxımından da öz təsirini göstərir”.

Aytac Əliyeva 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!