Xocalının 5 yaşlı şəhidi, 24 naməlum məzar -   Şəhidlər xiyabanından REPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Xocalının 5 yaşlı şəhidi, 24 naməlum məzar - Şəhidlər xiyabanından REPORTAJ

Sosial

02 Dekabr 2025 16:06 1609


Şəhidlər xiyabanı Bakı şəhərində 20 Yanvar faciəsi və Qarabağ müharibəsində həlak olmuş insanların dəfn olunduğu memorial məkan kimi fəaliyyət göstərir. Burada həm kimliyi müəyyən edilmiş, həm də “naməlum” statusunda olan şəhid məzarları yerləşir. Hazırda həmin məzarlarda torpağa tapşırılan şəhidlərin kimliyinin müəyyən edilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən işlər aparılır.

Eksqumasiya və genetik ekspertiza prosedurları nəticəsində şəhidlərin ad və soyadlarının öyrənilməsi, onların ailələrinə dəqiq məlumatların verilməsi və s. kimi proseslərin icrası davam edir.

“Yeni Sabah” Şəhidlər xiyabnından reportaj hazırlayıb. Toyuqlu pizza

Mənim təsəvvürümdə Bakı səmasının ən uca nöqtəsində yazılmış bir kitab kimidir Şəhidlər xiyabanı…

Burada küləyin də vıyıltısı ehtiramla səslənir, çünki bu torpağın hər qarışı qələmlə deyil, qanla yazılmış tarixin bir parçasıdır.

120-dən çox məzar qazıldı o il, o gün...

Tarixə nəzər salsaq, bir vaxtlar bura Dağüstü park, Kirov parkı və Çəmbərəkənd qəbiristanlığı olub. İndi yaxınlığında ucsuz-bucaqsız Çəmbərəkənd parkı da salınıb. Sonra adlar dəyişdi, adlar dəyişdikcə illər dəyişdi, amma bu torpaq minlərlə övladının son nəfəsini əbədiyyətə daşıyan məkan olaraq qaldı. Böyük bir dövr ərzində bura sükutun duyulduğu, həqiqətlərin gizləndiyi yer kimi qaldı. Başdaşları sökülüb parkın döşəməsinə çevriləndə belə, o daşların yaddaşı insanlıqdan incidi, amma unudulmadı…

Qara Yanvar gecəsində isə Bakı yenidən vətən sevgisinin qan rənginə boyandığı günlərlə üz-üzə qaldı. 120-dən çox məzar qazıldı o il, o gün... Səhərin ilk işığında insanların çiyinlərində azadlığın tabutları ilə yuxarı zirvəyə, bu gün “Şəhidlər xiyabanı” adlandırdığımız müqəddəs məkana gətirildi.

Hər il minlərlə insan o məzarın önündə dayanır, amma heç kim orada yatanın kim olduğunu bilmir.

Xiyabanda gəzdikcə məzarların sayı da yaddaşlardan silinir...

Və budur qarşıma çıxan bir məzar var…

Daşının üstündə qeyd olunub:

“Naməlum”.

Görəsən hansı ananın yaralı övladıdır orada yatan? Ya da hansı balanı gözüyaşlı qoyan anadır, atadır orada uyuyan?

Hər il minlərlə insan o məzarın önündə dayanır, amma heç kim orada yatanın kim olduğunu bilmir. Bəlkə də hər il kimlərsə öz doğması olar deyə o məzarların üstünə qərənfillər düzür. Bütün bunları düşünürək, öz-özümə deyirəm:

“Görəsən, adı nə idi? Anası əzizləyəndə onu necə çağırırdı? Ya da sevdiyi qızın gözləri nə rəngdə idi? Gələcək xəyallarında nələr var idi? Biz onu tanımırıq, amma əminəm ki, o bizi tanıyır...” deyib, sonsuz sayda cavabsız suallarla yoluma davam edirəm.

Qarşımda xiyabanın mərkəzində yerləşən “Əbədi Məşəl” abidə kompleksi dayanır. Kompleks 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə ucaldılıb. Qızılı rəngdə şüşə günbəzdən ibarət olan bu abidə şəhidlərin xatirəsinin daim yaşadığını simvolizə edir. 2007-ci ildə aparılan rekonstruksiya zamanı abidənin sütunları ucaldılıb və səkkizguşəli ulduz elementləri qızılla işlənib. Düşünürəm ki, o ulduz Azərbaycanın özüdür: Bölünməz, daim ucalan və göyə baxdıqca tarixini xatırladan ulduz… Alovlanan məşələ baxaraq düşünürəm ki, görəsən bütün şəhər qaranlığa qərq olsa, onun da işıqları sönərmi? Yox, sönməz. Çünki bu işıq sönsə, qara günlərin qaranlığı da geri dönər.

Əlləri ovcuna sığacaq qədər balaca bir qız…

Xiyabanın aşağısına enib digər “Naməlum” məzarları axtarıram. Qəribədir, illərdir Bakıda yaşasam da, heç vaxt məzarlığın bu hissəsinə gəlməmişəm. Niyəsini bilmirəm, amma ilk dəfədir buradakı qəbrləri görürəm. Addımladıqca qarşıma çıxan hər bir ad məni məktəb illərimə aparır. Adlarını əzbər bildiyim qəhramanları məzarı qarşıma çıxır. Əlif Hacıyev, Alı Mustafayev, Gültəkin Əsgərova, Salatın Əsgərova, Albert Aqarunov...

Bu anda xiyabana birlikdə gəldiyimiz iş yoldaşım mənə zəng vurur:

- Aşağı tərəfdəki naməlum qəbrlərə baxdım. Çingiz Mustafayevin də məzarı buradadır. Fotosunu çəkim?

- Çək. O da bizim məsləkdaşımız, Vətən uğrunda şəhid olub. 

- Yaxşı. Sonra xiyabanın digər tərəfinə də baxıb gələcəm.

- Oldu. Mən də bu sıradakı naməlum qəbrlərə baxım, sonra ümumi saya birlikdə baxarıq.

Elə aşağı düşən kimi gördüyüm məzarlardan birinin yanında ayaq saxlayıram. İlk olaraq gözümə xırda, kiçik, bəlkə də heç olmamasını istədiyim bir qəbir sataşır.

Əlləri ovcuna sığacaq qədər balaca bir qız…

“Xocalıdan olan 5 yaşlı qız”

Hələ 5 yaşı tamam olmamış bu həyatdan qoparılan məsum körpə. 5 yaşımı xatırlamağa çalışıram. Görəsən bu dəhşəti o yaşda gözümlə görsəydim nələr hiss edərdim? Bunları düşündükcə şəhid olan balaca qızcığazın taleyi ürəyimi parçalayır...

Naməlum şəhidlər yenidən dəfn olunacaqlar

Addımladıqca qarşıma çıxan Birinci Qarabağ savaşında həlak olan, kimliyi bilinmədən dəfn edilən igidlərin məzarları çıxır. Onların da kimliyini yalnız torpaq bilir... Adları olmasa da, izləri burada yaşayır. Bu məzarlar, bu lal daşlar, bu soyuq divarlar bizim dünyaya göstərdiyimiz şahidlərdir deyib, onlar haqqında məlumat axtarmağa başlayıram.

1 saylı Şəhidlər xiyabanında 855 şəhid məzarı var. Onlardan 24-ü naməlumdur. Bundan başqa, 20 Yanvar hadisələri zamanı şəhid olan 162 nəfər də burada dəfn edilib. Onlardan isə 4-ü naməlum şəhidin məzarıdır.    

Hərbi Prokurorluğun qərarı ilə 2021-ci ilin yayında Birinci Qarabağ müharibəsi şəhidlərinin naməlum qəbirləri açılıb. Məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Şəhidlərin kimliyi müəyyən edildikdən sonra yenidən dəfn ediləcəklər, onların ad və soyadları, eyni zamanda fotoları qəbir daşlarına həkk olunacaq. Lakin hələlik açılan məzarların heç birinin kimliyi müəyyənləşdirilməyib...

“Unutmaq ən böyük xəyanətdir”

Beynimdə xeyli düşüncələr dolaşır. Cavabını tapa bilmədiyim suallar mənimlə birlikdə xiyabanda gəzişir. Elə bu anda çox yaxından gələn Azan səsini eşidirəm. Gözümə nəhəng görünən Bakı kimi bir şəhərdə nadir eşidilən bu səs sanki Xiyabanın üstündən qanad açır.

Beynimdə iki qonşu ölkə arasındakı sülh məsələsini də düşünürəm. Görəsən bağışlaya bilərikmi? Bu ağrılar haçansa unudulub gedərmi? Bəzilər üçün asandır heç nə olmamış kimi davranmaq. Bəziləri üçün də dərin bir əzabdır heç bağışlaya bilməmək... Görəsən mən də o anların yaxından şahidi olsaydım bağışlaya bilərdimmi? Bəlkə də heç vaxt bu suallara cavab tapa bilməyəcəm .

Elə səsin sədaları altında xiyabandan uzaqlaşıram. Bu anda sanki əsən külək də qulağıma pıçıldayır:

“Unutmaq ən böyük xəyanətdir”.

Sakitcə yoluma davam edirəm. Azadlığın nə olduğunu biz az da anlayaraq…

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!