Hakim Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublikasından seçilən deputatlarının siyahısında dəyişiklik etməyə hazırlaşır. Hazırda bununla bağlı partiya daxilində ciddi müzakirələr aparılır.
Yenisabah.az xəbər verir ki, VI çağırış Milli Məclisə Naxçıvandan seçilən deputatların bir neçəsi sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində muxtar respublikadan namizəd olmayacaq. Bununla bağlı tələbin Prezidenti Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəflidən gəldiyi bildirilir. Naxçıvan rəhbərinin keçmiş deputatların əksəriyyəti ilə əməkdaşlıqda maraqlı olmadığı deyilir.
Məlumatlara görə, Fuad Nəcəfli bununla bağlı YAP-ın rəhbər şəxsləri ilə müzakirə aparıb. O, 2020-ci ildə YAP-ın siyahısı ilə Naxçıvandan Milli Məclisə deputat seçilən 3 nəfərin - Vasif Talıbovun, Siyavuş Novruzovun və Səttar Mehbalıyevin yenidən namizəd göstərilməsinin əleyhinə olduğunu deyib. pizza sifarişi
Fuad Nəcəfli həmçinin Ədalət, Hüquq, Demokratiya partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevin də Naxçıvandan deputat seçilməsinə qarşı çıxıb. O, YAP rəhbərliyi vasitəsilə Qüdrət Həsənquliyevə növbədənkənar parlament seçkilərində başqa dairədən namizədliyini irəli sürməyi tövsiyə edib.
Qeyd edək ki, Qüdrət Həsənquliyev iyunun 27-də mətbuata verdiyi açıqlamasında bəzi yüksək çinli məmurların onun yenidən deputat seçilməsinə mane olacaqlarını deyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız