“Yay mövsümündə havaların isti keçməsi qida məhsullarının daha tez xarab olmasına və qida zəhərlənməsi hallarının artmasına səbəb olur. Mütəxəssislər xüsusilə düzgün saxlanılmayan qidaların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığına dair xəbərdarlıq edir”.
Bunu “Yeni Sabah”a Kliniki Tibbi Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri Xatirə Əliyeva bildirib.
Onun sözlərinə görə, qida zəhərlənməsindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir: Marqarita pizza
“Əllər xüsusilə yeməkdən əvvəl və sonra tez-tez yuyulmalı, köhnə və düzgün saxlanılmayan qidalardan istifadə olunmamalıdır. Meyvə və tərəvəzlər yaxşı yuyulmalı, qidalar isə uyğun temperaturda saxlanmalıdır.
Yay aylarında bəzi qidalar daha riskli hesab olunur. Bunlara mayonezli salatlar, kremli tortlar, açıq satılan süd məhsulları, uzun müddət soyuducudan kənarda qalan yeməklər, yaxşı bişməmiş ət və toyuq məhsulları, eləcə də küçədə satılan dönər və digər “fast-food” məhsulları daxildir”.
Xatirə Əliyeva qeyd edib ki, qida zəhərlənməsi zamanı halsızlıq, baş ağrısı, ürəkbulanma, qusma, ishal və temperaturun yüksəlməsi kimi əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.
Mütəxəssis yay mövsümündə bol su qəbul etməyi, açıq satılan içkilərdən uzaq durmağı və çox şirin qazlı içkilərin istifadəsini azaltmağı da tövsiyə edib.
Həkimin sözlərinə görə, isti hava şəraitində bakteriyalar qida məhsullarında daha sürətlə çoxalır:
“Xüsusilə, ət-süd məhsulları, balıq, mayonezli yeməklər və kremli şirniyyatlar daha tez xarab olduğundan onların saxlanma qaydalarına diqqət etmək vacibdir.
Yay aylarında daha çox təzə bişmiş yeməklərə üstünlük verməyi, ağır və yağlı qidalardan uzaq durmağı, mövsümi meyvə-tərəvəzdən istifadə etməyi tövsiyə edir. Xüsusilə qarpız, yemiş və giləmeyvələr istifadədən əvvəl yaxşı yuyulmalıdır.
Aytəkin Əzizqızı
Telegram kanalımız