“Yeni spiker deputatların sözünü kəsmir”   - Əliməmməd Nuriyev

saytların hazırlanması

Evə çatdırılma

“Yeni spiker deputatların sözünü kəsmir” - Əliməmməd Nuriyev

Siyasət

17 Avqust 2020 17:54 1096


Məlum olduğu kimi, Milli Məclisin yeni tərkibi fəaliyyətinin ilk rübünə yekun vurub. Millət vəkilləri, əslində, iyulun 15-də məzuniyyətə çıxsalar da, növbədənkənar sessiyanın keçirilməsi səbəbi ilə deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər geri çağırıldılar. Avqustun 7-dən etibarən isə onlar yenidən məzuniyyətə gedib.

Maraqlıdır, parlamentin yeni tərkibi bu müddət ərzində hansı fəaliyyətləri ilə yadda qaldı?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Yenisabah.az-a açqlamasında bildirib ki, koronavirus səbəbilə ilk rübdə parlamentin fəaliyyəti tam olmadı, amma ümumilikdə fəaliyyətin qiymətləndirilməsi üçün müəyyən trendləri göstərmək mümkündür: Sezar pizza

“Pandemiya dövründə parlamentarilər yığışdı və bir çox mühüm qərarlar qəbul olundu. Ümumiyyətlə, parlament yenidən dizayn olundu. Bu dizayn isə özünü onda göstərdi ki, Milli Məclisin rəhbərliyinin formalaşması prosesində artıq yalnız bir partiyanın yox, parlamentdə təmsil olunan müxtəlif partiyaların nümayəndələrinin də iştirakçılığı təmin olundu. Eyni zamanda müəyyən postlara da digər partiyaların nümayəndələri daxil oldular”. 

Əliməmməd Nuriyevin sözlərinə görə, digər mühüm bir məsəl isə Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması olub:

“Belə bir strukturun yaranmasına ehtiyac var idi. Parlamentin ilk sesiyasında ölkə başçısının parlamentin fəaliyyətini bütövlükdə dəyərləndirməsi, yeni parlamentin qarşısında hansı vəzifələrin durması ilə bağlı mesajlar verməsi Prezident Administrasiyasındakı mühüm struktur dəyişikliklərində özünü göstərdi. Biz bütün bunların nə kimi keyfiyyət dəyişikliklərinə səbəb olmasının gələcəkdə şahidi olacağıq. Çünki siyasi partiyaların parlament rəhbərliyinə gəlməsinin hansı nəticələrə gətirib çıxaracağını dərhal demək çətindir. Sessiya fəaliyyətini hələlik tam şəkildə yerinə yetirməyib”.

Həmsöhbətimiz qeyd edib ki, yeni parlamentdə çox maraqlı imkanlar yaradılıb. İclasların keçirilməsində müəyyən ləngimələr olmasına baxmayaraq, parlament özünü başqa formada göstərə bildi:

“Xüsusilə, pandemiya yeni parlamentarilərə özlərini mürəkkəb şəraitdə göstərmə imkanı yaratdı. Bu parlamentarilər əvvəlkilərdən fərqli olaraq daha çox göz önündədirlər. Məsələn, əvvəl 15-20 deputat nəzərə çarpırdısa, indi say daha çoxdur. Biz onların istər KİV-də, istərsə də sosial şəbəkələrdə müəyyən fəalığını görürük. Bu maraqlı tendensiyadır. 

Bu dövrdə parlamentdə təmsil olunan və təmsil olunmayan partiyaların nümayəndələri ilə görüş siyasi konfiqurasiyanın yaradılması istiqamətində real addımların atılmasına edilən cəhdləri göstərdi və proses davam etməkdədir. Bu da parlamentin yeni tərkibinə keyfiyyət dəyişikliyi gətirəcək”. 

Əliməmməd Nuriyev hesab edir ki, parlamentin yeni tərkibindəki əsas fərq parlamentarilərin özlərini daha sərbəst ifadə edə bilmələridir:

“Deputatların sözlərini kəsmək kimi bir məsələ yoxdur. Parlamentin yeni sədrinin bu istiqamətdə olan fəaliyyəti qeyd olunmalıdır. O, məsələlərə daha demokratik yanaşır. Əvvəlki parlamentdə rəhbərlik tərəfindən çıxışlarla bağlı tolerantlıq o qədər də görünmürdü, amma yeni rəhbərlikdə görünməkdədir. Parlamentarlara imkan verilir və onlar düşündükərini danışa bilirlər”. 

Qanunvericiliyin keyfiyyət məsələlərinə gəldikdə isə hüquq müdafiəçisi düşünür ki, hansı keyfiyyətdə qanunların verilməsi barədə danışmaq hələlik tezdir:

“Bunun üçün vaxt lazımdır. Biz pandemiya dövründə parlamentin məsələlərə daha tez reaksiya verməsinin də şahidi olduq. Çünki ayrı-ayrı qanunlarda dəyişiklik baş verdi. Amma yenə də hesab edirəm ki, xüsusi karantin rejiminin bütün qaydalarını özündə ifadə edə biləcək bir situasiya yaranıb ki, bununla bağlı qanun qəbuluna ehtiyac var. Fikrimcə, gələcəkdə  bu istiqamətdə də addımlar olacaq. Mövcud şərait parlamentə xüsusi hallarda hansı qanunvericilik aktlarının  qəbul edilməli  olduğu ilə bağlı fikir verdi”.

Əliməmməd Nuriyev deputatların hesabat vermə məsələsini də yüksək qiymətləndirib:

“Deputatlar artıq hesabat verirlər. Onlar həm bunu sosial şəbəkədə paylaşır, həm də çap edirlər. Bu yaxşı addımdır.  Bu, seçici və millət vəkilləri  arasında  əlaqənin göstəricisidir. Seçici bu yolla deputatına qiymət verə bilir. Bu, həm də digər kənar təşkilatlara deputatların hesabatlarını götürüb təhlil etmək imkanı verəcək. Belə olduqda hansı işlərin görüldüyünə, görüləcəyinə, hansı cəhdlərin və boşluqların olduğuna dair fikir formalaşır. Məsələn, növbədənkənar seçkilərdə bütün dairələrdən deputatlar tam seçilmədi, natamamalıq var, bu çox vacib məsələdir. Hesab edirəm ki, pandemiyadan sonra boş qalan yerlər üçün seçkilər keçiriləcək. Parlamentdə bütün dairələr üzrə ilkin  təmsilçilik çox vacib bir məsələdir. Çünki  hər bir ərazinin seçicisi var”.

Müsahibimiz  parlamentdə təşəbbüskarlığın genişləndiyini diqqətə çatdırıb:

“Bəzən ayrı-ayrı deputatlar tərəfindən maraqlı məlumatvermənin şahidi oluruq. Qeyd etdiyim kimi, biz tam bir illik fəaliyyəti gözləməliyik ki, parlamentin fəaliyyətini ətraflı qiymətləndirə bilək. Amma bəzi pozitivliklər var. Mən komitələrin bir çoxunda vətəndaş cəmiyyəti ilə işləmək təşəbbüsünü gördüm. Şəxsən özüm bir neçə komitənin - insan hüquqları, hüquq siyasəti və iqtisadiyyat komitəsinin iclasında iştirak etdim. Ombutsmanın, Hesablama Palatasının hesabatında oldum. Çünki vətəndaş cəmiyyəti dəvət olundu. Lakin büdcə müzakirələri zamanı vətəndaş cəmiyyəti dəvət olmadı. Bunu virusla izah etmək olar, amma bütövlükdə ictimai proseslər genişləndirilməlidir. Parlametarların  vətəndaş cəmiyyəti ilə əlaqələri diqqətdə saxlamalıdır. Plenar iclaslara ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin dəvət olunması çox yaxşı olar. Komitə iclaslarında buna başlanıb və əminəm ki, genişlənəcək”. 

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!