“Zelenski çox çətin və məsuliyyətli bir dövdə hakimiyyətə gəlib. Məsələ orasındadır ki, Ukraynada oturuşmuş oliqarxik rejim var və Zelinskidən qabaq da heç kim həmin rejimi dəyişməyə nail olmayıb. Bu, Ukraynanın təməlində dayanmış sistemdir”.
Bunu “Yeni Sabah”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O, Zelenskinin bundan sonra atacağı addımları dəyərləndirib:
“Eyni zamanda bildiyiniz kimi Ukrayna ərazi bütövlüyü məsələsində çağırışlarla üz-üzədir. Donbas məsələsində Rusiya ilə danışıqlara başlamaq yaxud Rusiya ilə danışıqlara getmədən məsələni həll etmək lazımdır. Hər halda böyük siyasi təcrübəsi olmayan Zelenski Ukraynada mövcud problemləri həll etməlidir. Əsas məsələlərdən biri ondan ibarətdir ki, Zelenskinin ətrafında kimlər var və faktiki olaraq dövləti kim idarə edəcək”. Dominos pizza
Z.Məmmədov Ukraynanın yeni prezidentinin Azərbaycanla bağlı planlarında da söz açıb:
“O ki qaldı Ukrayna-Azərbaycan münasibətlərinə - 2013-cü ildən sonra münasibətlərimizdə daha az baş tutan görüşlərin şahidiyik. Baxmayaraq ki, Ukrayna ilə Azərbaycanın geosiyasi, geoiqtisadi maraqları üst-üstə düşür, indiki halda Ukraynanın başı daxili problemlərə qarışıb. Ona görə də daha prioritet məsələlər var. Azərbaycan-Ukrayna isə klassik olaraq SSRİ-nin dağılmasından sonra yaxşı münasibətlərə malik olan dövlətlərdir. Təbii ki, Proşenkonun dövründə hakimiyyətdə erməni və bəzi ermənipərəst nazirlərin, qüvvələrin olduğu da hər kəsə məlumdur. Zelenskinin Nazirlər Kabinetində kimlərin olması, hansı soyadlı şəxslərin olması hələlik bizə məlum deyil. Amma düşünürəm ki, iki ölkə arasında münasibətlər Proşenkonun zamanından daha yaxşı müstəvidə ola bilər”.
Qeyd edək ki, dünən Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
Günay Rəsulqızı
Telegram kanalımız