Son illər təmənnalı nikahların sayı artıb. Bəzi qızlar varlı ailələrin oğlanları ilə izdivaca can atırlar, eləcə də oğlanlar imkanlı ailənin qızlarını almağa çalışırlar. Xüsusilə oğlanlar arasında bu tendensiya daha qabarıqdır.
Bəs görəsən, niyə qayınata hesabına yaşamaq istəyənlərin sayı bu qədər artıb? Təmənnalı izdivacların çoxalması nə ilə bağlıdır? Gənclərin ailə institutuna münasibəti dəyişib, yoxsa bu sırf maddi durumla əlaqəlidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, bu, hər zaman belə olub: Dördpendirli pizza
“Bu, həmişə belə olub, son illərin tendensiyası deyil. Hətta Azərbaycan nağıllarında da deyilir ki, keçəl istəyir padşahın kürəkəni olsun, yetim qız padşahın oğluna ərə getmək istəyir və s. Daim insan yaşamaq uğrunda mübarizə aparır. İnsan öz gücünün, istedadının, qabiliyyətinin yetərli olmadığını dərk edəndə əlavə dəstəyə ehtiyac duyur. Əlavə dəstək üçün də insanın ömründə bir dəfə şansı olur: ya ərə getmək, ya da arvad almaq. Elə bil lotereya çəkirsən. Amma bu lotereyada 99 faiz hallarda “bəxtinizi bir daha sınayın” yazısı çıxır. Bir faizdə isə uğurlu olur. Ona görə insanlar şansını sınayır, bu normal bir şeydir”.
Onun sözlərinə görə, asan yolla nə isə əldə etmək istəyənlər çox vaxt bunu bacarmırlar:
“İnsan həyata gəlir, çarpışır, vuruşur, bəziləri mənim və mənim kimilər kimi 3 universitet bitirir, xaricdə təhsil alır, çalışır, vuruşur, yaşadığım 22 mərtəbəli bina qədər kitab oxuyur, gecələr yuxusuz qalır. Bu, mövqe qazanmaq çətin yoldur. Bir də asan yol var. Məsəldə deyildiyi kimi, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Bu, insan xislətinə xas olan bir şeydir. Amma hamı bir olmur, Allah hərəni bir cür yaradıb. Bəzən insan özü hiss eləməsə belə, cəmiyyət ona hiss etdirir ki, sən öz gücünlə bu vəhşi arealda heç bir yer tuta bilməyəcəksən. Allah insanı yırtıcı yaradıb, kim güclüdürsə, gücsüzü yeyir, ya da onu qarşısında işlədir. Cəmiyyət vəhşi prinsiplər üzərində qurulub, bu dünyaya kapitalizm quruluşu yaraşır, hər yanda da qurulub. Gənclər də müasir dövrdə bu prinsiplə yaşayırlar, onlar valideynlərindən daha çox zəmanəyə bənzəyirlər, ona görə də gənclərin varlı ər, yaxud varlı ailədən qız axtarması yadırğanmamalıdır. Zəmanə bunu tələb edir, mən heç kimi qınamıram. Lakin tövsiyəm budur ki, insan öz zəhməti ilə müəyyən mənsəbə çatsın, cəmiyyətdə layiqli yerini tutsun. Lotoreya ilə udulan avtomobillərin çoxunun aqibətini görmüşəm, çoxu bir neçə gündən sonra qəzaya uğrayır, yaxud oğurlanır. Çünki zəhmətsiz əldə olunub. Həmçinin bu cür - evlənmək hesabına guya xoşbəxtlik qurmaq da bir illüziyadır. Mən inanmıram ki, bu uzun müddət davam edəcək. Hayla gələn vayla gedər deyiblər”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız