Zəngəzur dəhlizi uğrunda mübarizə müharibəyə çevrilə bilər?

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzur dəhlizi uğrunda mübarizə müharibəyə çevrilə bilər?

Siyasət

12 Sentyabr 2024 11:00 1289


Son vaxtlar İran rəsmiləri Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı hərarətli mövqe ortaya qoymaqdadır. Son olaraq  İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi dəhlizin əleyhinə çıxış edib. 

O, "Mehr" agentliyinə deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək. Bəzi analitiklər, İranın bu mövqeyini sırf anti-Azərbaycan ideologiyası ilə əsaslandırsa da, bir çoxları Tehranın məsələyə daha geniş regional aspektdən yanaşdığını qeyd edir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Zəngəzur dəhlizinin geopolitik önəmi, onun sadəcə bir kommunikasiya vasitəsi olmasından daha böyükdür:  Pepperoni pizza

“Zəngəzur dəhlizi təkcə bir kommunikasiya vasitəsi deyil, eyni zamanda geopolitik bir faktordur. Ona görə də, təbii olaraq, bu məsələ ilə bağlı regionda marağı olan bütün dövlətlər öz mövqeyini ortaya qoyur. Çox təəssüf ki, bu mövqelər bir çox hallarda toqquşur. Bu məsələdə Rusiyanın ciddi maraqları var. Moskva istəyir ki, bu yola nəzarəti öz əlinə alsın. ABŞ isə bu dəhlizə beynəlxalq güclər tərəfindən nəzarət edilməsində maraqlıdır. İran bu mövzuda ABŞ və ya Avropanın iştirakı ilə hər hansı bir nəzarətin olmasına kəskin şəkildə etiraz edir. Yəni biz buna yalnız Azərbaycanla Naxçıvanı birləşdirən bir yol kimi baxmamalıyıq. Əgər belə olsaydı, nə Rusiya, nə ABŞ, nə də İran bu məsələdə belə canfəşanlıq göstərməzdi. Hamı başa düşür ki, bu yol olduqca ciddi geopolitik bir silahdır. Hər kəs çalışır ki, bu silahı ələ keçirsin. Ona görə də, Zəngəzur dəhlizi uğrunda çox ciddi mübarizə gedir. İran da bu baxımdan məsələ ilə bağlı ortaya mövqe qoyur. Tehran Qərb ölkələrinin əksinə, Rusiyanın dəhlizdə nəzarətinə daha maraqlıdır. İran başa düşür ki, Ermənistan Rusiyanı regiona buraxmaq istəmir. Əksinə, İran Zəngəzur dəhlizini Azərbaycana görə yox, Ermənistanın dəhlizə nəzarəti Qərbə verməsi ilə bağlı narahatdır. Yoxsa, İran öz ərazisindən bizə yol verirsə, necə ola bilər ki, Ermənistan ərazisindən keçən hansısa yola “qırmızı xətt” deyə bilər?” 

Sərdar Cəlaloğlunun fikrincə, Azərbaycan və Ermənistan dəhlizə nəzarətlə bağlı ortaq razılığa gəlməlidir: 

“Burada söhbət kommunikasiya məsələsindən çox ona kimin nəzarət edəcəyindən gedir. Gələcəkdə bu yol orta dəhliz vasitəsi ilə, Çin və Avropanı birləşdirəcək çox qlobal və strateji kommunikasiya vasitəsinə çeviriləcək. Bu dəhlizə nəzarət edən tərəf gələcəkdə dünya iqtisadiyyatında da nəzarət funksiyasını ələ alacaq. Ən yaxşı variant odur ki, bu yola Bakı və İrəvanın ortaq razılığa gəldiyi bir ölkə, yaxud elə ikisi birlikdə nəzarət etsin. Yerdə qalan variantların hamısı da bizim üçün “qırmızı xətt” olmalıdır. Yalnız bu halda İran da dəhliz məsələsi ilə bağlı yumşaq mövqe ortaya qoya bilər”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!