Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat verilib.
Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub. pizza mizza
2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.
2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.
2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib.
BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. Bunlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub.
2018-2019-cu tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim “Tərəqqi” medalına, 10 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 24 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
Eləcə də 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.
Telegram kanalımız