Bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. ABŞ Prezidenti Co Bayden isə bu əməliyyatın İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab olduğunu bildirib.
Bəs Qırmızı dənizdə gəmilərə hücum edən husilər kimlərdir?
Yenisabah.az BBC-yə istinadla onlar barədə məlumatı təqdim edir: pizza hut
Adını hərəkatın qurucusu Hüseyn əl-Husidən götürən husilər Yəməndə yaranmış silahlı qrupudur. “Ənsar Allah” (Allahın tərəfdarları) kimi tanınan qrup 1990-cı illərdə ovaxtkı prezident Əli Abdullah Salehə qarşı mübarizə aparmaq üçün yaradılıb. Səudiyyə Ərəbistandan dəstək alan sabiq prezident Saleh 2003-cü ildə husiləri məhv etməyə çalışsa da, bunu bacara bilməyib və husilər hər iki tərəfin hücumu dəf etməyi bacarıblar.
Ötən ilin sonlarına yaxın İranın dəstəklədiyi husilər gəmilərə hücum etdikdən sonra Qərb qüvvələri onların məhv edilməsi istiqamətində hərəkətə keçib. Dünən isə husilərin nəzarətində olan paytaxt Səna və onların Qırmızı dəniz limanı olan Hudeyda da daxil olmaqla, 12-dən çox obyekt hava zərbələri ilə vurulub. Yəməndə zərbə endirilən hədəflər isə husilərin logistik mərkəzləri, hava hücumundan müdafiə sistemləri və silah anbarları olub.
Qeyd edək ki, husilər 2014-cü ildən Yəmən hökumətinə qarşı vətəndaş müharibəsi aparır. BMT-nin 2022-ci ilin əvvəlinə olan məlumatına görə, indiyə kimi bu müharibədə təxminən 377 min insan ölüb, 4 milyon insan isə evindən didərgin düşüb.
Xatırladaq ki, Yəmən Xarici İşlər Nazirliyi hücumdan sonra açıqlama yayıb. Açıqlamada bildirilib ki, rəsmi London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların bədəlini ödəməyə hazır olmalıdır.
Telegram kanalımız