Bir neçə gün öncə məhkəmə hakimlərinin haqsız hökmlərinə etiraz edərək aclıq edən, hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan Əkbərov Alim Çərkəz oğlu barədə geniş yazı vermişdik.
Məhkumun atası Çərkəz Əkbərovun “Yenisabah”a verdiyi məlumata görə mart ayının 11-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib: “Oğlum Alim də məhkəməyə gətirilmişdi, səhhəti çox pis idi, 1 aydan artıqdır ki, aclıq edir. Məhkəmədə çıxış edərək hakimdən tələb etdi ki, onun işində zərərçəkmiş qismində tanınan “Holcim Azərbaycan”, “Gilan” MMC və “Gobustone” MMC-nin nümayəndələri məhkəmə prosesinə gəlsinlər və guya mən onların etibarlarından sui-istifadə edərək tikinti materialları almışam. Həmin şirkətlər nə vəkilin sorğularına cavab verir, nə də şikayətlərini geri götürürlər. Saxta sənəd verən notariusları, bankları nə istintaq, nə də məhkəmə gedən zaman çağırıb dindirmədilər, adları heç bir sənəddə keçmir. Oğlum xahiş etdi ki, cinayət işi Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Həmçinin onun aclıq etməsinə nə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, nə də Penitensiar Xidmət münasibət bildirir”.
Şikayətçi Çərkəz Əkbərov onuda bildirdi ki, hakim Əli Seyfəliyevin Alimin aclıq etməsi ilə bağlı mətbuatda gedən yazıdan xəbəri var və məhkəmə prosesinin obyektiv qərar çıxarması üçün prosesi aprel ayının 27-nə kimi təxirə salıb. Toyuqlu pizza
Xatırladaq ki, Alim Əkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birgə həbs olunan Süleymanov Anar Vəli oğluna 7 il 6 ay, Hüseynli Zəmanət Ədalət oğluna isə 3 il şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsidə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, zərərçəkən qismində tanınan “Holcim Azərbaycan” şirkəti 330 min manatlıq ziyanın ödənilməsini tələb edir. Digər 2 şirkət - “Gilan” MMC və “Gobustone” MMC-nin ziyanlarını Anar Süleymanov və Zəmanət Hüseynli ödəyib.
Azər İsrafilov
Telegram kanalımız