Lixtenşteynin U-21 millisi Avropa çempionatının seçmə mərhələsində azərbaycanlı həmyaşıdlarını məğlub etməklə tarixlərində ilkə imza atıblar. Belə ki, Lixtenşteynin U-21 bu zamana kimi nəinki, qələbə qazanmaq, rəsmi oyunlarda xal üzünə həsrət idi. Millimiz sağ olsun, bu həsrəti vüsala yetirdi.
Dünənki ağır məğlubiyyəti "Yeni Sabah"a şərh edən jurnalist Natiq Muxtarlı bildirib ki, Azərbaycanın U-21 yığmasının Lixtenşteynə məğlub olmasında təəccüblü heç nə yoxdur.
"Lixtenşteyn futbolu son illərdə xeyli inkişaf edib. Həm klub, həm də yığma səviyyəsində. Əslində bütün dünya ölkələrində futbol inkişaf edib. Təkcə Azərbaycandan başqa. U-21-in məğlubiyyəti göstərir ki, Azərbaycan futbolunun gələcəyi yoxdur, kordur. Azərbaycanda uşaq futboluna sərmayə qoyulmadığı üçün durumun belə olması da təbiidir. On ildir yazırıq ki, futbolun inkişafı uşaq futboluna yaradılan şəraitdən asılıdır. Ancaq futbolun inkişafının hamı üçün aydın olan bu yolunu AFFA rəhbərliyi görmür ki, görmür. Azərbaycanın əsas yığması da, aşağı yaş üzrə milliləri də digər ölkələrin aşağı divizionlarında çıxış edən futbolçulara möhtacdır. Sezar pizza
AFFA israrla bu siyasəti davam etdirir. Ancaq uşaq futboluna yatırım edilmir ki, edilmir. Azərbaycan dövləti futbolun inkişafına kifayət qədər vəsait ayırır. Ancaq çox təəssüf ki, AFFA rəhbərliyi bu vəsaiti tamamilə başqa istiqamətdə xərcləyir. Elə ona görə də, yığmalarda oynamaq üçün yerli futbolçu tapılmır. AFFA rəhbərliyi isə deyir ki, məqsədimiz Avro-2020-nin final mərhələsinə vəsiqə əldə etməkdir. Kiminlə? Necə? Azərbaycan futbolunu inkişaf etdirmək üçün idarəetmə strategiyası dəyişməlidir. Bu idarəçilərlə heç nəyə nail ola bilməyəcəyik. Eləcə, baxacağıq ki, artıq Lixtenşteyn, Farer adaları, Malta kimi komandalar o qədər inkişaf ediblər ki, Azərbaycan yığması onlar üçün də qapazaltı olub. Futbol təsərrüfatındakı idarəçilər nə qədər tez dəyişdirilsə, bir o qədər yaxşı olar. Onsuz da bunlar futbolumuzu 20-30 il geri salıblar. Heç olmasa, indi dəyişiklik olmalıdır ki, bizdə də futbol adına hansısa işlər görülsün. Yoxsa, işimiz ancaq Lixtenşteyn kimi “cırtdanlar”a məğlubiyyətlərdən sonra boş-boş danışmaqdan ibarət olacaq".
Qeyd edək ki, Lixtenşteynin əsas millisi də ilk qələbəsini 1998-ci ildə yığmamızı məğlub edərək qazanmışdı.
Əcəmi Əsədulla
Telegram kanalımız