Separatçı rejimin başçısı Araik Arutunyan və tərəfdaşları 44 gün Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı müqavimət göstərərək cinayətkarlıqla məşğul olublar. Onların qanunsuz əməllərinə görə artıq Baş Prokurorluqda cinayət işi açılıb.
Maraqlıdır, Qarabağda hərbi cinayət törətmiş şəxslərin aqibəti necə olacaq?
Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, insanlıq əleyhinə cinayətlərin törədilməsi özündə 10-a yaxın maddəni ehtiva edir: Dominos pizza
“Hüquq mühafizə orqanları çox gərgin rejimdə fəaliyyətlərini davam etdirirlər. İstər Dağlıq Qarabağ ərazisində muzdlu şəkildə gəlib döyüşənlər, istər Dağlıq Qarabağın “rəhbər”ləri Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan, kasetli bombalardan, raketlərdən istifadə etməklə müharibə cinayəti törədiblər. İnsanlıq əleyhinə cinayətlərin törədilməsi özündə 10-a yaxın maddəni ehtiva edir. Cinayət işləri başlanılıb və biz İnterpolun üzvüyük. Cinayətlər istintaq nəticəsində sübuta yetirildikdən sonra onların saxlanılıb Azərbaycana təhfil verilməsi üçün təbii ki, İnterpola müraciət ediləcək və onlar barədə axtarış elan olunacaq, çünki bu şəxslər cinayətləri Azərbaycanın suveren torpaqlarında törədiblər və Azərbaycan qanunlarını pozublar. Burada insan ölümünə səbəb olan əməllər törədiblər”.
Çingiz Qənizadə qeyd edib ki, onların saxlanılaraq Azərbaycana verilməsi tələbi beynəlxalq hüquq normalarına, İnterpolla Azərbaycan arasında bağlanmış müqaviləyə tam uyğundur:
“Sadəcə bunun icrasına müəyyən dövlətlər necə yanaşacaqlar? Yəni onların beynəlxalq hüquq normalarına əməl edib-etməyəcəkləri başqa məsələdir. Amma mən inanıram ki, hazırkı dövrdə Ermənistan tərəfindən törədilən bu hadisələr artıq bütün dünyanın müzakirə predmetinə çevrilib və biz yavaş-yavaş işğaldan azad olunan əraziləri beynəlxalq ictimaiyyətə göstərməklə onların kimliyini, vandallığını sübut edirik. Eyni zamanda unutmayaq ki, ermənilərin mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı Human Rights Watch təşkilatı, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən kəskin və pisləyici bəyanatlar verilib. Ermənistanın bu hərəkəti vəhşilik adlandırılıb. Bunların hamısı ona əsas verir ki, bu yaramazların istintaqa cəlb edilməsi üçün Azərbaycan tərəfindən qaldırılan məsələlər digər dövlətlər tərəfindən də müsbət icra olunsun”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız