İlduzə Hacıyevanın anasının paylaşdığı video gözlənilmədən yeni müzakirə yaradıb. Kadrlarda autizmli nəvəsinin görüntüsü sosial şəbəkələrdə narahatlıq doğurub. Hətta bəzi istifadəçilər görüntülərin Almaniyanın uşaq müdafiəsi orqanlarının diqqətini çəkə və uşaqların ailədən alınmasına qədər gedib çıxa biləcəyini iddia edirlər.
Bəs Almaniya qanunvericiliyi belə hallarda nə deyir?
"Yeni Sabah" xəbər verir ki, uşaqlar Almaniya vətəndaşıdır və ataları da Almaniyada yaşayır. İlduzə Hacıyeva isə Azərbaycan vətəndaşıdır və hazırda cəza çəkir. pizza sifarişi
Bəs doğrudanmı sosial şəbəkədə yayılan belə bir video Almaniyada uşağın ailədən alınmasına səbəb ola bilər?
Hüquqşünasların bildirdiyinə görə, Almaniyada uşaqların müdafiəsi ilə məşğul olan “Jugendamt” (Gənclər və Uşaqların Müdafiəsi Xidməti) uşağın təhlükədə olması barədə məlumat daxil olduqda araşdırma apara bilər. Lakin təkcə autizmli uşağın ağladığını və ya kriz keçirdiyini əks etdirən video uşağın ailədən alınması üçün hüquqi əsas hesab edilmir. Əsas meyar uşağın rifahının real təhlükə altında olub-olmamasıdır.
Əgər görüntülər uşağın sistemli şəkildə istismar edildiyi, ona qarşı zorakılıq göstərildiyi və ya lazımi qayğı ilə təmin olunmadığı barədə əsaslı şübhə yaradarsa, bu zaman aidiyyəti qurumlar araşdırmaya başlaya bilər. Araşdırma isə avtomatik olaraq uşağın ailədən ayrılması demək deyil. İlk mərhələdə ailənin vəziyyəti qiymətləndirilir, sosial xidmətlər dəstək tədbirləri görür və yalnız uşağın təhlükəsizliyinin başqa cür təmin olunmasının mümkün olmadığı hallarda məhkəmənin qərarı ilə daha sərt tədbirlər tətbiq edilə bilər.
Hüquqşünaslar diqqəti başqa bir məqama da yönəldirlər. Azyaşlının, xüsusilə də sağlamlıq vəziyyəti ilə bağlı həssas görüntülərinin sosial şəbəkələrdə paylaşılması uşağın şəxsi həyatının toxunulmazlığı baxımından etik və hüquqi müzakirələr yarada bilər. Lakin belə paylaşımın özü ayrıca olaraq valideynlik hüquqlarının itirilməsi üçün kifayət etmir. Hər bir iş üzrə bütün faktlar ayrıca araşdırılır.
İlduzə Hacıyevanın anası videoda qızının təqsirsiz olduğunu iddia edərək ona kömək göstərilməsini istəyib. Tiktokerin böyük qızı isə anasız qaldıqlarını və autizmli qardaşlarının vəziyyətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, İlduzə Hacıyeva ötən il Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş vermiş ölümlə nəticələnən yol qəzasına görə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Məhkəmənin ilkin baxış iclası iyulun 22-nə təyin edilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız