“Azərbaycan və Türkiyə dövlətləri ayrı-ayrı əraziyə, bayrağa, idarəetmə formasına və fərqli qanunlara, hakimiyyətə malik olan dövlətlərdir. Bir millət olsaq da hər birimizin suverenliyimizə və müstəqil inkişafımıza hörmətlə yanaşmalıyıq. Son günlər Türkiyə Yüksək Öyrətim Kurulunun Azərbaycanın bir sıra universiteti haqqında yarı rəsmi, yarı qeyri - rəsmi verdiyi məlumatlarda iki dövlət münasibətlərinə xələl gətirə biləcək ifadələr işlənir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Türkiyə Yüksək Öyrətim Kurulu Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrini tanımır:
“Yəni 51 universitetimizin 40-a yaxını YÖK-ün tanıdığı universitetlər siyahısında (YÖK) kılavuzlarında yoxdur. Niyə o zaman Türkiyənin bütün universitetləri bizdə tanınmalıdır?! pizza mizza
Hazırda Türkiyədə 15 min azərbaycanlı gənc təhsil alır. Azərbaycanda isə təhsil alan 5124 əcnəbi tələbədən 2754-ü Türkiyə vətəndaşıdır. Ölkəmizin ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə 2050 nəfər, magistratura səviyyəsi üzrə 176, doktorantura üzrə 104 Türkiyə vətəndaşı təhsil alır. Qalanlar dil kursları, qısamüddətli mübadilə proqramları çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil almaqdadırlar.
Türk vətəndaşları özəl yox, hətta ən nüfuzlu Azərbaycanın dövlət universitetini bitirib öz ölkəsinə gedəndə diplomunun tanınması ilə bağlı ciddi problemlər yaşayırlar.
Amma indi vəziyyət bir az fərqlidir. Bir göz qırpımında on minlərlə tələbə və məzunu olan Azərbaycan universitetlərini gözdən salmağa çalışır və bu edilərkən heç bir ağla batan səbəb göstərilmir. Son 2 ayda gedən qəribə hadisələr ilə bağlı araşdırma aparırıq, məlumat əldə etməyə çalışırıq. Amma 2 ölkə münasibətində son 2 ayda hansı möcüzə baş verdiyini Türkiyə səfirliyi, təhsil müşavirliyi məlumat verməkdən gizlənir.
Dostlar, diplomatik korpus qapılar bağlayan yox, qapılar açan strukturdur. YÖK ilə 3 gündür danışırıq, heç bir məlumat yoxdur.
Əfəndilər, əgər hansısa bir problem varsa, niyə bu, açıq müzakirə olunmur? Ortaya dəlillər qoyulmur?!”
Ekspert əlavə edib ki, aprel ayından etibarən ancaq şifahi şəkildə məlumat verilir, lakin rəsmi məlumatlar açıqlanmır:
“Gəlin şəxsi, kommersiya maraqlarımıza görə dövlət maraqlarını qurban verməyək, insanların hüquqlarını tapdalamayaq. Deyək ki, YÖK hansısa Azərbaycan universitetinin diplomunu tanımır və öz ölkəsində təhsil almasını istəmir. Nə olacaq? Heçnə! O şəxs də Avropa və Amerikada, başqa ölkədə təhsilini davam etdirməyə gedəcək. Türkiyə yüzlərlə tələbəni itirəcək, Avropa, Amerika isə qazanacaq!
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın illər üçün ölkəsinə gələcək xarici tələbələrin sayının 250 min olmasını hədəfləyib, amma görünən odur ki, YÖK bu siyasətə mane olmaq istəyir. Azərbaycan tələbəsi magistr, doktorantura təhsilini Türkiyədə yox, başqa ölkələrdə davam etdirəcək və nəticədə onlar itirəcək.
YÖK Azərbaycan universitetləri ilə bağlı, onların tanınmaması ilə bağlı mütəmadi siyahı tərtib edir və hər 6 ayda o siyahıya öz istəyinə uyğun olaraq artırma və azaltma edir, kimisə daxil edir, kimisə çıxarır və bu, sirli bir siyasətə əsaslanır. Belə yanaşma tərzi doğru deyil.
Bundan gənc, günahsız insanlar əziyyət çəkir. Son illərdə bir neçə universitetin inkişafı, Türkiyə ilə intensiv əlaqələri kimlərinsə xoşuna gəlməyib deyə, şəxsi maraqlara xidmət edərək bir siyahı tərtib edib”.
K. Əsədovun sözlərinə görə, Azərbaycan da Türkiyə universitetlərinin, xüsusilə, özəl universitetlərin diplomlarının tanınması ilə bağlı məsələyə yenidən baxmalıdır:
“Nə qədər Azərbaycan universitetinə əngəl törədilirsə, o qədər də Türkiyə universiteti əngəllənməlidir və qardaşlarımız anlamalıdır ki, biz müstəqil ölkəyik və bizə üstdən aşağı baxmaq olmaz. Bəlkə bizim də Türkiyənin dövlət və özəl universitetlərinin diplomlarının tanınması ilə bağlı əməli addım atmağımıza ehtiyac var?!
Bir də son olaraq onu demək istərdim ki, Azərbaycan universitetlərində vəziyyətin necə olduğunu hər halda Azərbaycan dövləti və Azərbaycan təhlükəsizlik orqanları daha yaxşı bilir və nəzarətdə saxlayır. Buna görə də istər YÖK, istərsə də hər hansı başqa ölkənin təşkilatı Azərbaycan universitetlərini ittiham edirsə buna reaksiya vermək lazımdır. Bir-birimizi didib parçalamaq əvəzinə hamılıqla haqq-ədalətə nail olmaq və hətta məhkəmələrə müraciət etməyə çəkinməmək lazımdır. Çünki hər hansı şübhə və ya ittihama görə on minlərlə tələbə və məzunu olan qurumları sual altına almaq yolverilməzdir”.
Telegram kanalımız