“Zorakılıq deyəndə ilk olaraq ağla qadınlar gəlir. İlk düşündüyümüz isə ailədaxili zorakılıqdır. Əksər hallarda qadınlar zərərçəkən, kişilər isə xəsarət yetirən tərəf olur”.
Bu sözləri “Yeni Sabah”a kişilərə qarşı zorakılıqların artma hallarından danışarkən sosiloq, kriminoloq İnqilab Şahbazov deyib. O bildirib ki, rəsmi məlumatlarda qadınların kişilərə qarşı etdiyi zorakılığın miqyası artmaqdadır:
“Əsasən, zorakılığa məruz qalan qadınlardır deyə düşünürük. Bu, artıq həm reallıqdır, həm də bizim şüuraltına belə işləyib. Rəsmi məlumatlarda qadınların kişilərə qarşı etdiyi zorakılığın miqyası artmaqdadır. Müəyyən mülahizələr irəli sürəcəm. Sezar pizza
Birincisi, kişilər əvvəlki vaxtlara nisbətən evə daha çox pul gətirə bilmir. Evin əsas qazanan şəxsi olduğu üçün onun üzərinə təzyiq düşür və o vəzifəsini yerinə yetirə bilməyəndə artıq ona qarşı zorakılıq halları artır. Burada maddi təminatın zəifləməsi və kişinin təminatı ödəyə bilməməsini göstərə bilərəm.
İkinci məsələ o ola bilər ki, konservativliyi azalan, liberallaşan cəmiyyətlərdə qadınlar da artıq kişilərə xas bir sıra əməlləri yerinə yetirə bilir və bir müddətdən sonra bu normallaşır. Zorakılıq da bunlardan biridir. Yəni tarixən kişilər qadınlara bunları tətbiq edirdisə, liberallaşan cəmiyyətlərdə qadınlar ”Qadın bunu etməz”, “Ayıbdır”, “Bunu edə bilmərəm, nə deyərlər?” bu cür məhdudiyyət qoyan sözləri, ictimai qınağı heçə sayır və nəticədə deyir ki, kişi mənə qarşı zorakılıq tətbiq edə bilirsə, mən niyə etməyim?”
Kriminoloq bildirib ki, belə cəmiyyətlərdə qadınlar özlərini kişidən asılı olmayan, müstəqil qəbul edirlər:
“Düşünürlər ki, bir problem varsa, bunu özüm həll edim. Məsələn, əgər dünənə kimi qapalı cəmiyyətlərdə qadın həyat yoldaşı tərəfindən zorakılığa məruz qalanda kişi qohumuna müraciət edib tədbir görməsini istəyirdisə, liberallaşan cəmiyyətlərdə isə qadınlar öz problemimi özüm həll edəcəm deyir. Zorakılıq konteksində də bunu deyə bilərik. Eyni zamanda qadınlar əvvəllər olmayan qədər oğurluq, mütəşəkkil cinayətkarlıqda da iştirak edirlər. Bu sahədə də araşdırmalar kifayət qədər deyil. Dediklərimiz yalnız dünya təcrübəsindən olan fikirlərdir. Amma belə bir artım varsa, araşdırmağa dəyər”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova qadınlar tərəfindən kişilərin zorakılığa məruz qalması hadisələrində artım müşahidə edildiyini deyib.
Əsmər Qabil
Telegram kanalımız