16 Avqust - 05:18
Azərbaycanda məmurların kobud davranışı nədən qaynaqlanır?

Azərbaycanda məmurların kobud davranışı nədən qaynaqlanır?

Sosial

20 May 2022 11:14 2023


27 il Azərbaycan ordusunda xidmət edən Fazil Əliyev aylardır ki, "məmur biganəliyi" ilə üz-üzə qaldığını deyir. Mayor rütbəsinə kimi xidmət edən Fazil Əliyev təqaüdə çıxıb və bundan sonra da "idarələrdə süründürməçiliklə" qarşılaşıb.

Beş aydır Binəqədi İcra Hakimiyyətindən kirayə pulu ala bilmədiyindən şikayətlənən ehtiyatda olan zabit daha yüksək qurumlara şikayət etsə də, hələ ki, işində irəliləyiş olmayıb.

BBC Azərbaycancaya danışan bir neçə digər Bakı sakini də müraciət etdikləri bəzi məmurların onlara kobud davranışından şikayətləniblər - söhbət etdiyimiz insanlar deyir ki, müxtəlif hökumət qurumların kobud məmur davranışı ilə üzləşirlər.

Bir Bakı sakini deyir ki, onun şəxsiyyət vəsiqəsini məhkəmədə işçi yerə atıb, Bakıda yaşayan bir Lənkəran sakininə isə "qaz idarəsində" evinə təbii qaz çəkilməsi üçün rüşvət tələb ediblər və vermədiyi üçün ona kobud davranıblar.

Millət vəkili Zahid Oruc deyir ki, Azərbaycanda icra hakimiyyəti idarə forması "Sovetlərdən qalıb, xalqın tələbini qarşılamır". O Azərbaycanda məmurların xalqla davranışında qüsurların olduğunu etiraf etsə də, hökumətin bunu aradan qaldırmaq üçün tədbirlər görmək niyyətini də müdafiə edir.

Keçmiş hərbçi, mayor Fazil Əliyev deyir o məmur kobudluğu, saymazlığı ilə üz-üzə qalıb.

"Beş aydır, şikayətimə baxmırlar"

Keçmiş hərbçi Fazil Əliyev deyir ki, Binəqədi İcra Hakimiyyətinin baş mühasibi Hicran Dadaşova onunla kobud davranır, "süründürməçilik" edir. Hicran Dadaşova isə BBC-yə müsahibəsində məmur kimi kobud davranması ilə bağlı ittihamları qəbul etmədiyini deyib.

Fazil Əliyev hərbi xidmətdən təqaüdə çıxıb, amma qeydiyyatı Binəqədi rayon ərazisinə olsa da, İcra Hakimiyyətinin baş mühasibinin onun kirayə pulunu beş aydır ödəmədiyini deyir.

"Ötən il, 2021-ci il oktyabrın 27-dən sənədlərimi təqdim etmişəm, dekabrın 27-də Binəqədi İcra Hakimiyyəti sərəncam verib ki, Fazil Əliyev kirayə ev növbəsinə qoyulsun, kirayə pulu ilə təmin olunsun. Lakin oranın baş mühasibi Hicran məni get-gələ salıb. Mənim kirayə haqqımı ödəmək istəmir, telefon zənglərinə cavab vermir. Əsas gətirir ki, sən ilin sonunda sənəd verdiyinə görə, biz sənə kirayə haqqının ödənişini nəzərdə tutmamışıq. Mən Məhərrəm Əliyevə (Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi) şikayət etmişəm gecikməyə görə, bunlar da mənim şikayətim səbəbindən məni bilərəkdən, qərəzli olaraq ləngidirlər",- Fazil Əliyev deyib.

Şikayətçi iddia edir ki, Hicran Dadaşova "əlçatmaz məmur olub" və onun kimi başqa şikayətçilərin də "telefonlarına cavab vermir, gələni qəbul etmir".

Binəqədi Rayon İcra Hakimiyyətinin baş mühasibi Hicran Dadaşova ona qarşı səslənən itithamlarla razılaşmır və deyir ki, Fazil Əliyevin müraciətinə rəsmi cavab veriləcək.

"Özü dəfələrlə zəng vurub və ona deyilib ki, ərizəsinə cavab veriləcək. O, Məhərrəm Əliyevə də yazılı müraciət edib, həmin müraciət də bizdədir və mən telefonla izah etmişəm ki, siz rəsmi müraciət etmisiz, müraciətinizə də rəsmi sürətdə cavab veriləcək, gözləyin. Biz onunla rəsmi görüşməmişik və mən ona necə kobud davrana bilərəm?",- Hicran Dadaşova sual edib.

Prezidentin xüsusi nümayəndəsi

Azərbaycanda icra hakimiyyəti idarə forması "Sovetlərdən qalıb, xalqın tələbini qarşılamır və artıq Prezidentin xüsusi nümayəndəsi inistutunun gələcəkdə icra hakimiyyətlərini əvəz edəcək bir struktur kimi görməsi özlüyündə konkret məqamın göstəricisidir", Zahid Oruc deyir.

Millət vəkili etiraf edir ki, məmur davranışlarında nöqsan və qüsurlar var, onların ictimailəşməsi halında da "çox sərt" tədbirlər görülür. Zahid Oruc məmurların kobud davranışı ilə bağlı tənqidi fikirləri əsaslı hesab etmir və düşünür ki, son dövr ərzində yaxşı mənada kifayət qədər dəyişiklər var.

"Bütün strukturlarda hər bir şəxs çalışır ki, ondan çox da şikayət olmasın, o ictimai hədəfə gəlməsin, medianın tənqidinə tuş olmasın. İndi bu fərqi, düşüncələrdəki dəyişikləri, yanaşmaları biz unuda bilmərik".

Buna baxmayaraq, Zahid Oruc hesab edir ki, məmuriyyət həmişə, tarixən problemli mövzu olub. O hesab edir ki, çox az sabiq məmur haqqında müsbət məsələlər təqdim etmək mümkün olur.

"Məktəb olmalıdır. Məmuriyyətin də məktəbi olmalıdır. Bu, özlüyündə uzun onillər tələb edən hadisədir. Harada qüsurlar varsa, mən onu oranın hələ formalaşa bilməməsinə bağlayıram", o deyir.

Motosikletçinin döyülməsi

Bir neçə həftə əvvəl Azərbaycan sosial mediasında bir nəfərin öz Lexus markalı maşınından düşərək çatdırılma xidməti əməkdaşını təhqir edib, hədələdiyini göstərən görüntülər yayılmışdı.

Yerli medianın yazdığına görə, həmin şəxs Prezident Administrasiyasının təminat şöbəsinin keçmiş müdiri Sultan Dadaşov olub. Görüntülərdə orta yaşlı bir kişinin əvvəl motoskletçini yolun kənarına sıxışdırmağı, sonra isə öz avtomobilindən düşüb ona təzyiq göstərməsi əks olunur.

Bu hadisəni göstərən kadrlar Azərbaycanda məmurların davranışı barədə geniş müzakirə mövzusu açıb.

Həmin vaxt hüquq-mühafizə orqanları məsələnin araşdırıldığını desələr də, hadisədən ötən iki həftədən çox müddətdə nəticə barədə məlumat verilməyib və Baş Prokurorluq onlarda yeni məlumatın olmadığını deyib.

"Xalqdan mandat almamaq və cəzasızlıq"

Siyasi psixoloq Samirə Qasımlı deyir vaxtaşırı sosial mediada ictimailəşən bəzi məmurların kobud və saymaz davranışının səbəbi hesabatlılığın, məsuliyyət hissinin olmamasına görədir.

Onun fikrincə, Azərbaycanda məmurlar və icra qurumlarında çalışanlar vəzifəyə "xalqın mandatı ilə gəlmədiklərinə görə" şikayətçilər qarşısında özlərini borclu saymırlar.

O, demokratik ölkələrdə seçkilərlə hakimiyyətə gələnlərin məsuliyyətini vurğulayır: "Onların mandatının bir müvəqqəti dönəmi var və onlar hər şey etməyə çalışırlar ki, bu etimad kreditini doğrultsunlar ki, növbəti dönəmə də mandatı uzada bilsinlər. Növbəti seçkidə də xalqdan dəstək ala bilsinlər. Bizim kimi ölkələrdə seçki yoxdur, xalqdan heç kim mandat almır, istər qanunverici hakimiyyət, istər icraedici hakimiyyət. Ortaya bu cür davranış qaydaları çıxır. Hesabatsızlıq, məsuliyyət hissinin olmaması, kobudluq. Bilirlər ki, onlarla vətəndaş arasında bir ciddi bağlılıq yoxdur. Eyni zamanda cəzasızlıq mühiti də var. Çünki normal olmayan davranışlarına görə, yaxud da öz vəzifə səlahiyyətlərini yerinə yetirməmələrinə görə cəzalandırılmırlar", - Samirə Qasımlı deyib.

Azərbaycan prezidenti çıxışlarında məmurların vətəndaşlarla davranışlarının problemli olduğunu, ancaq belə davrananların cəzalandığını vurğulayıb.

"Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar",- İlham Əliyev bu sözləri yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Ancaq Samirə Qasımlı hesab edir ki, bəzi icra hakimləri və məmurların korrupsiya ittihamları ilə həbs olunması heç də insanların gözlədiyi cəza deyil. Onun sözlərinə görə, belə məmur həbsləri "gözdən pərdə asmaq" məqsədi daşıyır və xalqdan gələn şikayətlər əsasında olmayıb.

"Belə həbslər ona görədir ki, bizdə də korrupsiyaya qarşı mübarizə var, statistika bu şəkildə hazırlanır. Əslində baş verənlər cəzasızlıq, özbaşınalıq, Prezidentin dediyi kimi məmur özbaşnalığıdır",- Samirə Qasımlı deyib.

Yeni təyinatlar

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc BBC News Azərbaycancaya deyir ki, onun təşkilatı məmurların birbaşa davranışı ilə bağlı sorğu etməyib, amma icra hakimiyyəti, mərkəzi icra hakimiyyəti orqanları, hökümət strukturlarına münasibəti öyrəniblər.

"Keçirdiyimiz sorğularda bəzi sualların alt qruplarında "münasibətiniz nə üçün mənfidir" deyənlərin bir elementi məmurların kobud davranışına bağlı olub. Biganəlik, süründürməçilik, bürokratizm əsla inkar oluna bilməz. Amma o səbəbdən kadrların dəyişiklikləri baş verib. Bizim dediyimiz institusional islahatlar məhz o səbəbdən reallaşır",- Zahid Oruc bildirib.

Millət vəkili hesab edir ki, 2019-cu ildən bəri Prezident İlham Əliyevin kadr təyinatlarını, məmurları vəzifələndirməsini "yeni hakimiyyət quruculuğu" kimi xarakterizə etmək olar.

Azərbaycan Baş Prokrorluğunun məlumatına görə, 2019-2021-ci illər ərzində qurum tərəfindən korrupsiya cinayətlərinin nisbətən daha geniş əhatə etdiyi sahələrin ilk beşliyində ƏƏSMN-nin qurumları, yerli icra hakimiyyətləri, bələdiyyə, tibb sektoru və təhsil sektoru gəlir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!