“Bu gün ölkədə 4472 orta ümumtəhsil məktəbi var. Onların hər biri büdcədən maliyyələşir. Məktəblərdə hər hansı bir tədbir icazə və xəbərdarlıqla keçirilir. Bu gün orta məktəblərin heç birinin muxtariyyəti yoxdur. Yeni qanun layihəsində orta məktəblərə həm idarəçilik, həm də maliyyə muxtariyyətinin verilməsi nəzərdə tutulur”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, belə olarsa, orta məktəblər publik hüquqi şəxs qismində fəaliyyət göstərərək gəlir əldə edəcəklər:
“Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. Bu prinsip həyata keçirilən zaman riayət olunmalı bir neçə vacib amil var. Orta məktəblər təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq üçün müəyyən tədbirlər həyata keçirə bilərlər. Amma bu təhsil xidmətlərindən kənar olmamalıdır. Qeyd edim ki, 2011-ci ildə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər orta məktəb öz maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər. Bu o deməkdir ki, qanunvericilik aktlarına görə məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Bu o deməkdir ki, heç bir halda, məqsəd və məramından asılı olmayaraq orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirilmiş, hazırlanmış məhsulların pulla satılması yolverilməzdir”. Sezar pizza
Ekspertin sözlərinə görə, məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilərlər:
“Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Çünki məktəb binaları daxilində satışa çıxarılan məhsulların sağlamlıq, gigiyenik qaydalara nə qədər uyğun olub olmaması məlum deyil və bu şagirdlərin sağlamlığı üçün təhlükəli ola bilər. Pullu xidmət dedikdə dərsdənkənar rəsm, rəqs, hansısa bir idman növü üzrə bilik və bacarıqların şagirdlərə öyrədilməsi nəzərdə tutulur. Orta ümumtəhsil müəssisələri özlərini maliyyələşdirməlidir. Onlar təhsil xidməti göstərməlidir. Sadəcə bu istiqamətdə qarşıya qoyulan vəzifəni təmin edəcək kadrlarımız yoxdur. Bu gün ölkə büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsil sahəsidir. Ancaq bununla bərabər təhsil müəssisələri özləri-özlərini təmin etməyi də bacarmalıdır. Məsələn, Sinqapurun iki universiteti hər il ölkə büdcəsinə 1 milyard dollara yaxın vəsait gətirir. Azərbaycanda isə nə universitet, nə də orta məktəblər dövlət büdcəsinə pul gətirmir. Yalnız mənimsəməklə məşğuldurlar. Ona görə də onlar dövlətin təhsil proqramında nəzərdə tutulmayan xidmətlər üzrə pullu xidmət göstərə bilərlər. Yəni əlavə xidmətlər ödənişli olacaq”.
K.Əsədovun bildirib ki, problem kadr məsələsindədir:
“Bu istiqamətdə bacarıqlı, peşəkar kadrlar, direktorlarımız yoxdur. Ona görə də ilk növbədə lazımi qədər maliyyə biliyinə malik kadrları yetişdirməliyik. Düşünürəm ki, bu minvalla Azərbaycandakı orta məktəblər bir neçə ildən sonra publik hüquqi şəxsə çevriləcək. Məktəblər məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Keyfiyyətli təhsil fonunda isə şagird günün ikinci yarısında hazırlığa getməz. Dünyada qəbul edilən proses bundan ibarətdir. Bu mənada maliyyələşmə orta məktəblərə pis təsir göstərməyəcək. Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılılıqları aradan götürüləcək. Ondan sonra isə təhsildə fərqlənən şəxslərə əldə edilmiş vəsait hesabına mükafatlar veriləcək. Məsələ ondan ibarətdir ki, bu proses şəffaf olacaqmı? Yəni məktəb direktorları əldə edilmiş gəlirləri yenə də öz yaxınlarına, qohumlarına təyin edəcəklərmi? Ən vacib məsələ bu prosesdə şəffaflığın və hesabatlılığın formalaşdırılmasıdır”.
Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsi martın 29-da Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olunub.
Əsmər Qabil
Telegram kanalımız