Dünən Mariupol 81 günlük mühasirədən sonra təslim oldu.
Doğrudur, təslimiyyət, əlbəttə ki, uğruna savaşıb həlak olanların ruhları üçün böyük bir əzabdır, lakin çarəsizlik varsa, bəzən təslimiyyət ən düzgün yoldur.
XXI əsrin vur-tut 21 ilini yaşamışıq. Bu 21 ildə isə gözümüz nələr görməyib?! Amma rusun vəhşiyi bu illərdə bircə qram belə dəyişməyib. Ya da yox, çox dəyişib, hətta azğınlaşıb. Sezar pizza
90-cı illərdə Xocalıda ermənilərlə əlbir olub millətimi qanına qəltan edən rus, bu gün Mariupolda öz doğma qardaşlarını – ukraynalıları öldürməklə məşğuldur. Mariupoldan qabaq isə Buça, İrpen və Obolon hadisələrini deməyə yəqin ki, ehtiyac yoxdur.
Ötən gün “Azov”un təslim olduğunu eşidəndə həqiqətən içimdən qəribə bir gizilti keçdi. Çünki 81 gün ərzində öz vətəni uğrunda saysız-hesabsız şəhidlər (bəli, məhz şəhid. Çünki haqq yolunda savaşıb, vətənini, ailəsini müdafiə edən və bu yolda həlak olan hər kəs dinindən asılı olmayaraq şəhiddir mənə görə) verən “Azov” ötən gün çarəsizlikdən silahı qoydu yerə.
“Azov”un komandanı Denis Prokopenkonun açıqlamasına qulaq asdım. Adam təslimiyyəti nə qədər sindirə bilməsə də, daha çox canlar getməsin deyə bu qərarı verdiyini bildirdi.
Mariupoldan geriyə qalanlar isə insanlıq faciəsinin ən acımasız göstəricisidir. Çünki təslimiyyətdən öncə Rusiya prezidenti Vladimir Putin “Azovstal”da müqaviməti davam etdirən hərbçilərin təxliyəsinə razılıq verməmişdi. Bununla yanaşı zavod ərazisi hər cür silahdan atəş altında idi. O cümlədən ruslar zavodun bunkerlərinin çıxışlarını bağlamağa çalışırdılar. Qınamaqla deyil. 81 gün ac-susuz sadəcə əldə silah savaşırsan.
Bu foto isə Ukrayna "Telegram" kanallarının birində təslimiyyətdən 2-3 gün öncə paylaşılmışdı. Təslim olmayan "Azov" əsgəri çöldən düşən işığa bürünüb. Mistik bir mənzərə...

“Azovstal”a hücumlar olan ərəfədə isə içəridə yüzlərlə yaralılar var idi. Hətta bəzilərinin bədən üzvlərinin kustar üsullarla amputasiya olunmasına baxmayaraq, onlar yenə də təslim olmurdular. Yaralıların çoxu isə dərman və qida qıtlığından həyatını itirmişdi.
Qısacası, "Azovstal" 81 günlük müqaviməti davam etdirən tarixi bir qalaya çevrildi. Gələcək nəsillər isə şübhəsizdir ki, bu tarixi əsl qəhrəmanlıq nümunəsi kimi xatırlayacaq.
Çünki əbədiyaşar qəhrəmanlar əsla ölmür...
Rəfi Müslümov
Telegram kanalımız