Həyəcan, göz yaşları, sevinc, kədər... Dünən Bakıda keçirilən möhtəşəm final oyununun təsvirə ehtiyacı varsa, bu sözlər kifayət edər.
Hələ oyuna sayılı günlər qalmış Bakı sözün əsl mənasında ağzı açıq qazan kimi qaynayırdı. Bundan əvvəl də mötəbər yarışlara ev sahibliyi edən küləklər şəhəri bu dəfə daha fərqli görsənirdi. İstər şəhərdə olan insan coşğusu, istər sosial şəbəkələrdəki. Bu da öz növbəsində şəhərimizə rəng qatırdı. Oyundan əvvəl hər addımbaşı turistlərə rast gəlmək mümkün idi. Matç BOS-da keçirildiyindən çılğın ingilis azarkeşlərini ən çox Koroğlu stansiyasında görmək olardı. Birinin əynində "Arsenal", birinin əynində "Çelsi" forması, birində mavi şərf, birində qırmızı...
***
Bir "Çelsi" azarkeşinə yaxınlaşıb Azərbaycan haqqında təəssüratlarını soruşduq. İngilis turist həm ölkəmizin gözəlliyindən danışdı, həm qonaqpərvərliyimizdən, həm də komandasına inamından: "Bakı çox gözəldir. Şəhəriniz kifayət qədər inkişaf edib. Təmiz küçələriniz, mehriban insanlarınız var. Buradakı insanlardan nəyisə soruşanda mehribanlıqla cavab verirlər. Düşünürəm ki, bu gün azarkeşi olduğum komandanın qalibiyyətini seyr edəcəyik. Sizə də təşəkkürümü bildirirəm". "Arsenal" azarkeşinə yaxınlaşdıqda isə, sual verməyimizi gözləməyib "Bakı gözəldir!" deyə ucadan qışqırdı və uzaqlaşdı. Görünür, əcnəbi artıq bu sualları əzbərləmişdi.
***
İndi isə keçək tarixi matçın qısa xülasəsinə. İlk hissədə “Arsenal”ın daha üstün olduğunu söyləsək, yanılmarıq. Amma ilk hissənin sonlarına yaxın “Çelsi” təzyiqləri artırmağa başladı. “Arsenal”ı yormağı bacaran “zadəganlar” ikinci hissə başlayan kimi ardıcıl qollarla “topçular”ın qapısını topa tutdu. “Arsenal” isə ürəyini yalnız bir qolla çıxa bildi. Sonuncu top titrəyişi yenə “Çelsi”dən gəldi və beləliklə, onlar adlarını Bakı finalına “mavi” hərflərlə yazdırmağı bacardılar.
***
Oyunda bəzi anlar var idi ki, finalı daha dərindən bizə hiss etdirirdi. Məsələn, Özilin gözlərinin dolması diqqətlərdən yayınmırdı. Qardaş ölkədə kuboku başına qaldırmağa həvəsli olan futbolçu donuq-donuq “Çelsi”nin qələbəsini izləməyə məhkum olunmuşdu. Amma müşahidə etdiyimiz qədəri ilə bu məğlubiyyət ən çox Lyakazettini incitmişdi. Yerdə qalan futbolçular nə ağlamırdı, nə gülmürdü. Donuq ifadədən bütün hiss etdiklərini anlamaq mümkün olurdu. Sarri sevinirdi, Emeri həm məyusluq, həm əsəb içində o yan bu yana vurnuxurdu. Qısa desək, sevincin fonunda kədəri izləyirdik.
***
“Çelsi”nin hər qolunda stadion azarkeş səsindən silkələnir, “Arsenal”ın hücumlarında belə, tərəfdarların onlara təzyiqini görürdük. Açığı, heç də təəccüblü deyildi mənzərə. Hələ “topçular” ayaqlarını Bakıya atmamış əksər yerli azarkeşlərin “zadəganlar”a azarkeşlik edəcəyi aydın görsənirdi. Səbəblər də məlumdur. “Arsenal”ın Mxitaryan mövzusundan sonra bizə qarşı çevirilməsi yerli azarkeşlərimizi onlara qarşı döndərmişdi. Finalda da azdan-çoxdan şahidi olduq. Mxitaryan gəlmədi, komandası uduzdu. Yox, deyə bilmərik ki, o, gəlsəydi, komandası qalib olacaqdı. Komanndanı çiyinlərində daşıyan daha yaxşı futbolçular var idi. Sadəcə, alınmadı. “Arsenal”ın bizə etdiyi basqının əvəzini “Çelsi” böyük hesabla çıxdı.
***
Mötəbər yarışın Azərbaycanda keçirilməsi ökə adına yaxşı amil olsa da, bəzi məqamlara görə, ingilis mediasında haqqımızda xoşagəlməz yazılar oxuduq. İstər Mxitaryanın Azərbaycana gəlməməsi olsun, istər stadionun tribunalardan uzaq olması olsun və sair və ilaxır. Amma istənilən halda Azərbaycan bu yarışı çalışdığı qədər ilə yaxşı təşkil etməyi bacardı. Bu ingilis mediasını nə qədər razı salmasa da. Bizə isə, xoş xatirələr qaldı.
Çempionlar Liqasının finalını da nə zamansa Bakıda görmək ümidi ilə...
Naibə Məmmədova
Telegram kanalımız