“Metro stansiyalarının artırılması ilə bağlı bu yaxınlarda Bakı Metropoliteni bəyan etmişdi ki, bir neçə stansiyanın açılışıyla əlaqədar işlər aparılır. Xüsusilə də, Ziya Bünyadov prospekti və ona qoşulan digər küçələr arasında yeni stansiyalar olacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Mütəxəssis son vaxtlar Bakı və ətraf ərazilərdə baş verən tıxaclardan, habelə bu problemlərin çıxış yollarından söz açıb. pizza sifarişi
E.Cəfərova görə, metro elə bir yeraltı nəqliyyat vasitəsidir ki, o, istənilən yerdə tikilə bilməz:
“Çünki buna ən azından yer qatının relyefi imkan verməlidir ki, ərazidən metro xətti çəkilsin. Həmçinin, metrostansiyalarının tikilməsi çox baha başa gəlir. Xüsusən də Azərbaycanda metrostansiyalarının tikilməsi sovet dövründəki texnologiyalar ilə uzun illər çəkib. İndi də həmin texnologiyalar onsuz da Azərbaycanda yoxdur ki, biz sürətli metro stansiyaları tikək. Buna külli miqdarda vəsait də tələb olunur”.
Ekspert düşünür ki, yeni metro xəttlərinin çəkilməyindənsə, Bakı şəhərində yerüstü nəqliyyat vasitələrinin keyfiyyətli hərəkətini təşkil etmək lazımdır:
“Heç kimə sirr deyil ki, Bakı şəhərində ictimai nəqliyyata buraxılan avtobusların sayı azdır. Özəl daşıyıcılar marşruta həddindən artıq az, yararsız və köhnə avtobuslar buraxırlar. Hətta ötən dəfə özəl daşıyıcılardan birinin avtobuslarında texniki nasazlıq baş vermişdi, “BakıKart” işləməmişdi və 1 sutka ərzində vətəndaşlar saatlarla dayanacaqlarda qalmışdı”.
Müsahibimiz təklif edib ki, milyardlarla pulu yerin altına xərcləməkdənsə, bir neçə milyon pulu yerin üstünə xərcləsək, eləcə də ictimai nəqliyyatdakı avtobusların sayını artırsaq, qismən də olsa, bu məsələni həll edə bilərik:
“Lakin bununla yanaşı metro stansiyalarının artırılmasına ehtiyac var. Elə şəhərlər var ki, məsələn İspaniyanın Barselona şəhərində ictimai nəqliyyat, əsasən, yeraltı cəmləşib: metro stansiyalar, sürətli qatarlar və s. Elə şəhərlər də var ki, ümumiyyətlə, heç metrosu belə yoxdur. Mən Estoniyanın paytaxtı Tallini misal çəkə bilərəm ki, orada ictimai nəqliyyat ideal işləyir və metro da yoxdur. Yerüstü ictimai nəqliyyat kifayət edir, çünki kifayət qədər avtobuslar var, işi çox rahat və düzgün qurublar. Hətta bir ara Estoniyada ictimai nəqliyyatı pulsuz etmişdilər ki, vətədaşlar fərdi avtomobildən istifadəni azaltsınlar”.
Nəqliyyat üzrə ekspert təəssüflənib ki, biz bəzən asan yolları qoyub nədənsə çətin yollara gedirik:
“Belə ideyalar ortaya atılır ki, metro qatarları və stansiyalarının sayı artırılsın. Artırılsın, amma onun da bəlli bir limiti var ki, ondan artığını etmək olmur. Metrolar arasında minimal interval müddəti var - 2 dəqiqə. Ondan az etmək olmaz, çünki təhlükəsizlik məsələlərinə görə burada bir arakəsmə məsafə olmalıdır. Həmçinin, Bakı Metropoliteni sovet vaxtında tikilib və oraya yalnız 5 vaqon yerləşir. İndi isə oraya 6-cı və yaxud 7-ci vaqonu daxil etmək mümkün olmur, bunu nəzərə almaq lazımdır”.
Həmsöhbətimiz ayındlaşdırıb ki, bu səbəbdən, yaxşı olardı ki, biz əlimizin altında olan ictimai nəqliyyatın avtobus seqmentini gücləndirək, daha sonra metronu nədəsə günahlandıraq:
“Doğrudur, yeni stansiyalar açılmalıdır, amma faktiki olaraq, bu gün avtobus seqmentində vəziyyət bərbaddır. Biz müşahidə edəndə görürük ki, avtobusların sayı azaldılıb. Fərdi müşahidələrimə görə, uzunluğu 20 km. olan marşruta buraxılan avtobusların sayı 10-dan azdır, 7-8 avtobus buraxılır. Uzunluğu 40 km. olan marşrutlar var ki, oraya da 10 avtobus buraxılır. Halbuki ən azı oraya 20-30 avtobus buraxılmalıdır. Əgər marşrutda avtobus yoxdursa, biz oraya avtobus zolağı çəksək də, yaxud sıxlıq olmasa da, onsuz da bu avtobus yoxdur və vətəndaş yenə də gözləyəcək.
Həftənin şənbə-bazar günlərində biz görürük ki, avtomobil sayı azalır, amma buna baxmayaraq, yenə də avtobuslar yoxdur və vətəndaşlar saatlarla dayanacaqlarda gözləyir. Demək ki, biz həm metroya, həm də avtobuslara xüsusi diqqət yetirməliyik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız