“Hikmət Hacıyevlə görüş çox səmimi atmosferdə keçdi” -   Bakıya səfər edən erməni “YENİ SABAH”A DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Hikmət Hacıyevlə görüş çox səmimi atmosferdə keçdi” - Bakıya səfər edən erməni “YENİ SABAH”A DANIŞDI

Siyasət

25 Noyabr 2025 14:06 1672


Noyabrın 21-22-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.

Bakıda səfərdə olmuş Ermənistan nümayəndə heyətinin üzvü Boris Navasardyan “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: Toyuqlu pizza

- Bakıya səfərlə bağlı ümumi təəssüratlarınız necədir?

- Bir sözlə desəm, təəssüratlar müsbətdir. Mən əvvəlcədən bizim missiyamızı kommunikasiya xarakterli bir təşəbbüs kimi qəbul edirdim. Bizim üçün vacib idi ki, Ermənistanda iki ölkə arasında sülh prosesi ilə bağlı mövcud olan daha real gözləntiləri çatdıraq. Bu gözləntilərin ünvanı Azərbaycanda qərarverici şəxslər və təbii ki, Azərbaycan cəmiyyəti idi.

Bakıda əmin olduq ki, müzakirələrimizin nəticələri ünvanına tam şəkildə çatdırılıb. Geniş ictimaiyyətlə bağlı isə gördüyünüz kimi, imkan daxilində jurnalistlərlə təmas qururuq və ümid edirik ki, suallarınıza verdiyimiz cavablar sizin həmvətənlərinizin əksəriyyəti tərəfindən adekvat şəkildə qəbul olunur. Düşünürəm ki, azərbaycanlı həmkarlar missiyalarının necə qarşılandığını daha yaxşı təsvir edərlər, amma mənim Bakı və Yerevandakı görüşlərdən onların da razı qaldığını düşünməyə əsasım var.

- Bakıda keçirilən görüşlər zamanı hansı məsələləri müzakirə etdiniz?

- Əgər 21–22 oktyabrda Yerevanda daha çox sülh prosesini necə irəlilətmək barədə ilkin və kifayət qədər işlənməmiş ideyalar müzakirə olunurdusa, bir ay sonra Bakıda artıq konkret təşəbbüslər formalaşdı. Yaxın vaxtlarda kütləvi informasiya vasitələrinin bir-birimiz haqqında və ölkələrimiz arasında münasibətlərin normallaşması perspektivləri barədə etibarlı və qərəzsiz məlumat mənbəyi kimi rolunun artırılması istiqamətində konkret addımlar atılacaq. Söhbət həm media qurumları arasında daha sıx təmasların yaradılmasından, həm də hər iki tərəfdə keyfiyyətli jurnalistika qaydalarının tətbiqindən gedir. Əminəm ki, Yerevan və Bakı mətbuat klublarının uzunillik birgə işi bu sahədə yaxşı əsas olacaq.

Artıq müəyyən konkretlik olan başqa istiqamət isə münaqişənin həlli və regional əməkdaşlığın müxtəlif aspektləri üzrə birgə ekspert fəaliyyətidir. İlk növbədə, bu, rəsmi danışıqlar iştirakçıları üçün sülh sazişinin tez bir zamanda imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması şərtləri ilə bağlı tövsiyələrdir. Əlbəttə, humanitar məsələlər, iqtisadi əməkdaşlıq imkanları və digər mövzular da cəlb etməyi planlaşdırdığımız ekspertlərin diqqətindən kənarda qalmayacaq.

- Bu görüşlərin nəticələrindən gözləntiləriniz nələrdir?

- Gözləntilərin mübadiləsi və fəaliyyət istiqamətlərinin razılaşdırılmasından sonra növbəti addım praktik fəaliyyət olmalıdır. Əgər bu baş verərsə, “Sülh körpüsü” təşəbbüsümüzün doğru yolda olduğunu hesab edəcəyik. Uğurun digər göstəricisi prosesin iştirakçı dairəsinin genişlənməsi – ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin qoşulması və təşəbbüsün geniş ictimaiyyət tərəfindən müsbət qiymətləndirilməsi olacaq.

- Hikmət Hacıyevlə görüşünüzdən təəssüratlarınız necədir?

- Görüş çox səmimi atmosferdə keçdi. Düşünürəm ki, həm biz, həm də cənab Hacıyev qarşılıqlı səmimiyyətə əmin olduq. Bu, əlaqələrin effektivliyi üçün ən etibarlı bazadır.

- Bakıdan hansı mesajla getdiniz?

- Bu gün münasibətlərin normallaşması üçün intensiv prosesə başlamaq imkanı açılıb. Bu fürsətdən istifadə edərək sülh potensialı artırılmalıdır ki, regionumuz üçün ortaya çıxacaq yeni risklər 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmaların ardıcıl icrasına təsir etməsin.

- Şəhərdə gəzintiyə çıxmışdınız. Sizi tanıyan sadə insanların reaksiyası necə oldu?

- Təəssüf ki, vaxt azlığı bizə bakılılarla birbaşa ünsiyyət qurmağa imkan vermədi. Lakin mövcud olan məhdud imkanlar cəmiyyətdə, təşəbbüsə dəstəyin, şübhələrdən daha çox olduğunu göstərir. Ümid edirəm ki, gələcəkdə ilkin təsəvvürlərin doğruluğuna daha dolğun şəkildə əmin olmaq imkanı olacaq.

- Əvvəlki illərlə müqayisədə Bakıda hansı dəyişiklikləri müşahidə etdiniz?

- Postsovet dövründə bu, Azərbaycanın paytaxtına beşinci səfərim idi. Şəhər həm yaşıllıq baxımından, həm də memarlıq, təmizlik və nəqliyyatın tənzimlənməsi baxımından daha nizamlı görünür. 2011-ci illə müqayisədə diqqətimi çəkən əsas dəyişiklik budur. Amma gördüyünüz kimi, bu, qısa səfər çərçivəsində sadəcə səthi müşahidədir.

-  Ermənistan cəmiyyəti sizin Bakı səfərinizi necə qarşıladı?

- Gözlənildiyi kimi, münasibət fərqli şəkillərdə idi. Bu da gözlənilən və tam təbiidir. Həm bizdə, həm sizdə bir-birimizə qarşı dərin etimadsızlıq qalmaqdadır və bu, münasibətlərin normallaşdırılması prosesinə, o cümlədən rəsmi və qeyri-rəsmi səviyyədə birbaşa təmaslara da təsir edir. Əgər bu etimadsızlıq olmasaydı, bizim təşəbbüsümüzün də mənası olmazdı. Buna görə də ziddiyyətli reaksiyalara sakit yanaşmaq və gələcək fəaliyyət üçün ölçülmüş nəticələr çıxarmaq lazımdır.

- Yəqin ki, siz və səfər yoldaşlarınız Bakıda hansısa xatirə suvenirləri almısınız. Sirr deyilsə, nə?…

- Bunun üçün də vaxt olmadı, lakin biz Yerevan görüşündə olduğu kimi həmkarlarla hədiyyələr mübadiləsi apardıq. Bu hər iki səfərin “turist hissəsinin” çatışmazlığını müəyyən dərəcədə kompensasiya etdi.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!