Bəzən xəyanət insanı dağıtmır, oyadır...

saytların hazırlanması

Evə çatdırılma

Bəzən xəyanət insanı dağıtmır, oyadır...

Yazar

29 Aprel 2026 12:14 154


Gecədə qəribə sakitlik var idi. Küçənin işıqları pəncərədən içəri süzülür, otağın künclərində kölgələr oynayırdı.

Bir zamanlar bu evdə gülüşlərimiz, söhbətlərimiz var idi… İndi isə hər şey donmuşdu. Hətta divardakı saatın səsi belə bu səssizliyi yarmağa macal tapmırdı.

Xəyanət bəzən qışqıraraq gəlmir. O, səssiz-səmirsiz həyatımıza daxil olur. Sadəcə tək bir baxışda, ya da izahı olmayan susqunluqda gizlənir.

Onu hiss etdiyin ilk anda inanmamağı seçirsən və ya hər şeyin yuxu olduğunu düşünməyə çalışırsan… Çünki həqiqət çox vaxt ürəyə ağır gəlir. Nə qədər güclüyəm desən də, həmin yükü qaldıra bilmirsən.

Həqiqəti görəndə və ya eşidəndə isə qəribə bir boşluğa düşürsən. Nə qışqıra bilirsən, nə də ağlaya. Əlini telefona atıb kimlərisə çağırmaq istəyirsən. Bəlkə kimləsə danışa bilsən, keçər deyə düşünürsən. Amma bilirsən ki, boğazında yığılıb qalan qəhər sənə danışmağa da imkan verməyəcək. Necə ki, ağlamağa imkan vermir.

Sənə toxunan əlləri başqa bədəndə və ya bədənlərdə təsəvvür etməyə başlayırsan. Həmin an bədənindən keçən sızıltı bütün ruhunu incidir.

O an sadəcə, içində nəyinsə qırıldığını hiss edirsən. Elə bir səs çıxır ki, onu yalnız sən eşidə bilirsən. Sanki uzun illər qurmağa çalışdığın, qoruduğun, güvəndiyin dünya bir anda çat verib kiçik hissələrə ayrılır. Ətrafa dağılan parçaları yığmağa çalışsan da, bacarmırsan. O qədər kiçik hissələrə ayrılır ki, toz zərəcikləri belə daha böyük görünür gözünə.

“Bəlkə də mən yanılıram” deyə düşünmək istəyirsən. Etdiyin sorğu suallarda belə kiçik də olsa ümid axtarırsan.

Telefonu masanın üstünə qoyub, pəncərəyə yaxınlaşanda küçədə həyatın davam etdiyini görürsən. Gecənin səssizliyi bir anda külək vıyıltısı kimi içindən keçir.

Baş götürüb getmək istəyirsən, amma hara gedəcəyini bilmirsən. Sakitləşmək üçün çarələr axtarırsan.

Ağlamağa başladığın an içində nələrsə soyumağa başlayır. Rahatlaşdığına inanmaq istəyirsən. Soyuq duş da sakitləşməyinə kömək olmur. Çünki ürəyin kimi bədənin də sızıldamağa başlayır. Həmin sızıltı isə yaranı yenidən deşirsənmiş kimi bədəninə ağrı verir.

Ətrafda hər şey çox normal görünür, amma sənin içində fırtınalar qopur. Hansı ki, heç özün də həmin fırtınaları dindirmək gücündə deyilsən.

Xəyanətin ən ağır tərəfi təkcə aldanmaq deyil. Ən ağırı özünə olan inamın sarsılmasıdır. “Niyə?” sualı insanın içini yeməyə başlayır. Cavab tapmayanda isə özünü günahlandırmağa çalışıb, qarşı tərəfə yetə bilmədiyini düşünürsən.

Dərindən nəfəs alıb hər şeyin sonu olduğunu fikirləşirsən. Ölmək üçün yollar axtarmağa başlayırsan. İçindəki ağrı hissini necə söküb atacağını bilmirsən. Çünki bəzən xəyanət insanı dağıtmır, oyadır. Həqiqətlə üz-üzə qoyur. Və o həqiqət nə qədər ağrılı olsa da, yalandan daha təmiz görünür gözünə.

Zaman keçdikcə anlayırsan ki, xəyanət heç dünyanın sonu demək deyil…


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!