Aprelin son günləri olsa da, Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir. Paytaxt Bakıda və digər şəhərlərdə sakinlər “sanki noyabr ayıdır” deyərək havaların gec isinməsindən narazılıq edir. Xüsusilə tez-tez dəyişən hava şəraiti gündəlik həyatla yanaşı, insanların sağlamlığına və əhvalına da təsir göstərir. Meteoroloji müşahidələr də göstərir ki, bu il yaz mövsümü əvvəlki illərlə müqayisədə daha dəyişkən keçir. Bəs havaların normadan daha sərin keçməsinin səbəbi nədir?
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, aprel ayı öz mahiyyəti etibarilə dəyişkən hava şəraiti ilə xarakterizə olunan aydır və bu cür hava axınları əvvəlki illərdə də qeydə alınıb:
“Ay ərzində temperaturun gah yüksəlməsi, gah da kəskin enməsi birbaşa müxtəlif hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi ilə bağlıdır. Belə ki, isti hava kütlələrinin daxil olması nəticəsində havanın bir qədər isti keçməsi müşahidə olunur və temperatur göstəriciləri yüksəlir. Lakin bunun ardınca soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi baş verdikdə hava şəraiti yenidən soyuyur, temperaturlar aşağı enir, şimal-qərb küləyi güclənir və hətta yüksək dağlıq ərazilərdə qar yağması halı müşahidə edilir”.
May ayı ilə bağlı gözləntilərə toxunan xidmət rəsmisi qeyd edib ki, hazırda may ayı üçün aylıq proqnozun hesablanması işləri aparılır. May ayı üzrə dəqiq proqnozlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Telegram kanalımız