Dünən AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan 2-ci oyununu Macarıstanla keçirdi. Macarlar da torbanı başımıza saldı. Və millimiz 1:3 hesabı ilə uduzdu. Bəli, daha o qədər də təəccüblənmirik, şok keçirmirik. Milli bizi yalnız udanda təəccübləndirir artıq. Oyun haqqında nə danışaq? Sussaq, yaxşıdır. Danışmağa dəyməz, yorulmayaq.
Bəlli olan bir məsələ var. Biz bu məğlubiyyətləri yerli baş məşqçi hesabına da əldə edə bilərdik. Mütləq ki, bir əcnəbiyə ehtiyacımız yox idi. Hələ-hələ ilinə 300 min avro qazanıb, bir iş görməyən baş məşqçiyə ümumiyyətlə. Bu da yazılsın AFFA-nın növbəti fərasətsiz addımının altına. Ki, bu addımlar da az deyil. Qurbanovu göndərdilər, Sadıqovu göndərdilər. Vallah onlarla gec olsun, güc olmasınla ağ günə çıxardıq biz. Qurbanovla az qalibiyyət də yaşamadıq. Amma balta sapı özümüzdən olur. AFFA düşmən kəsilib, elə bil bizə. Nə vaxt nəyəsə ümidlə yanaşırıq, şilləni çırpır gülümsəyən yanağımızın üstünə, otururuq yerimizdə.
Bir xorvatı sırıdılar canımıza, onunla da açığı nəinki Biləcəri, heç Sabunçudan da o yana keçə bilməyəcəyik bu gedişlə. Arada dəyişiklik etmək lazımdır, gözəldir. Amma sən baş məşqçisən, analiz qabiliyyətin olmalıdır. Futbolçunun yerində dəyişiklik etdin, gördün uğurlu alınmır, bunu əsas oyunda niyə gözümüzə soxa-soxa təkrarlayırsan axı?! Nədir, bu millətin illərdir çəkdiyi futbol dərdi, milli dərdi?! Biz niyə görmürük o günəşli günlərdən?! pizza hut
AFFA nə zamana kimi futbolumuza badalaq verəcək? Nə zamana kimi yapışacaq qanı, iliyi qurumuş bədbəxt futbolumuzdan? O qədər azarkeşə yazıq deyil? Yazıqdı!
Uğurlu olmayanda demokratik ölkələrdə bilirsiniz də, yəqin ki, nə addım atırlar? Hə, bax o addımı gözləyirik sizdən. Ən azından işıqlı gələcək üçün. Bu futboldur, biznes məkanı yox!
Naibə Məmmədova
Telegram kanalımız