Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasının 5-ci turu çərçivəsində səfərdə “Sevilya” (İspaniya) ilə qarşılaşacaq. Qrupda Ağdam təmsilçisi ilə eyni xala malik olan APOEL (Kipr) də səfərdə “Düdelanj”ın ( Lüksemburq) qonağı olacaq.
Lakin “Qarabağ” və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, “Qarabağ” isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, “Qarabağ” “Sevilya”ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək. Bəs, görəsən, Ağdam təmsilçisinin 5 qat Avropa Liqa qalibindən xal almaq şansları nə qədərdir?
AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) İcraiyyə Komitəsinin üzvü, futbol mütəxəssisi Əfqan Talıbov “Yeni Sabah”a açıqlamasında Ağdam təmsilçisinin şanslarını dəyərləndirib. O, “Qarabağ”ın “Sevilya”dan xal ala biləcəyinə inandığını bildirib: pizza sifarişi
“Oyun heç-heçə tamamlanacaq. Ümumi bizə 1 xal lazımdır, o da heç-heç ilə alına bilər. Bəlkə, qələbə də qazana bilərik. Lakin ümumiyyətlə, burada həm çempionatların səviyyəsi, həm oyunçuların səviyyəsi fərqlidir.
İkinci bir tərəfdən, “Sevilya” artıq qrupda öz işini görüb. Ona görə də, bu matçda gənc oyunçulara yer verə bilər. “Qarabağ”ın özündə daxili çempionatın, Avropa arenasında çıxışların yorğunluğu var. Amma bu gün yorğunluq haqqında danışmağa ehtiyyac yoxdur. Avropa arenasında yorğunluqdan danışmaq olmaz. Yalnız motivasiya və mübarizə əsnasında nəticəyə nail olmaq olar. Belə güman edirəm ki, komandada motivasiya yüksəkdir. Bunun da səbəbi qrupdan çıxmaq şansının ilk dəfədir ki, digər illərlə müqayisədə çox olmasıdır. Məncə, bundan sonra da belə şansın ələ düşməsi çətin olacaq. Bu şansdan maksimum dərəcədə istifadə etmək lazımdır”.
O, Ağdam təmsilçisinin hansı hallarda üstün ola biləcəyindən danışıb:
“Taktiki gedişlərdə ən başlıcası, bu oyunda top buraxmamaqdır. İkinci, standart vəziyyətlərdə diqqətli olmalıdır. Üçüncü məsələ də budur ki, rəqibin heyətində bəlli olmayan futbolçular oynayır. Navas oynayırsa, bilirik ki, onun çox güclü keçmələri var. Amma bu kimi aparıcı oyunçular bu gün meydana çıxmayacaq. Bu səbəbdən “Sevilya”nın heyətində daha az yaşlı futbolçuların, gənc oyunçuların bilinməyən tərəfləri var. Onları tanımırıq, oyun üslublarına o qədər bələd deyilik. Həmin futbolçulardan ehtiyyatlı olmalıyıq. Buna önəm verməsək, gözlənilməyən şeylər ortaya çıxa bilər.
Məsələn, Bakıda oynayanda Çiçarito cərimə zərbəsindən qol vurdu. İndi o, bu gün oynayacaq, ya oynamayacaq, bunu bilmirəm. Amma qeyd etməliyəm ki, o da təhlükəli futbolçudur. Standart vəziyyətləri ona görə vurğuladım. Amma düşünürəm ki, “Qarabağ” top buraxmasa, “Sevilya”nın qapısı önündə qol şanslarımız olacaq. “Qarabağ”ın bir problemi də var – “Sevilya” kimi güclü rəqiblər önündə çoxlu qol epizodları olur, amma bunu qola çevirə bilmir. Birinci qolu “Qarabağ” vursa, oyun ya heç-heçə, ya da qələbə ilə başa çatacaq”.
Naibə Məmmədova
Telegram kanalımız