Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan-Ermənistan sərhədininin Vardenis-Kəlbəcər rayonları istiqamətində erməni tərəfi təxribat törətməkdə davam edir. Döyüşlərin Zod kəndi yaxınlığında getdiyi bildirilir.
Yenisabah.az döyüşlərin aktiv getdiyi Zod kəndi barəsində məlumatları təqdim edir.
Ermənilərin Sotk adlandırdığı Zod Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində yerləşən bir kənddir. Tarixi Azərbaycan torpaqları olan Göyçə mahalında yerləşən kəndin adı 1995-ci ildə dəyişdirilərək erməniləşdirilib. pizza
Bəzi açıqlamalara əsasən, “Zod” qədim türk dillərində “sərt, keçilməz, uca, dağlıq yerdə məskunlaşmış el, oba, yurd yeri” deməkdir.
Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən yalnız azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir.
XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi, əsasən, Azərbaycan türklərindən ibarət olmuşdur. XX əsrin ortalarından 1988-ci ilə qədər SSRİ-nin və Ermənistanın apardıqları məqsədyönlü siyasət nəticəsində ərazidə yaşayan azərbaycanlılar məcburi şəkildə köçürülüb. 1988-ci ildə beş minə yaxın azərbaycanlının yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki peşə məktəbi, bir yüngül metallurgiya müəssisəsi, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmiyyətli Zod Dağ-Mədən Kombinatı da burada yerləşib. Dəmir yolu və digər mühüm nəqliyyat və infrastruktura malik kənd ötən əsrin 80-ci illərində yüksək inkişaf səviyyəsinə çatmışdır. 1948-ci ildə kənd əhalisinin, əsasən, ziyalılardan ibarət olan əhəmiyyətli bir qisminin Azərbaycana deportasiya edilməsi kəndin inkişafına, təhsil və mədəniyyətinə ciddi zərbə vurdu.
Zodlular hazırda Göygöl rayonunda, xüsusən də həmin rayonun Yeni Zod kəndində və respublikanın bütün bölgələrində məskunlaşıblar. Hazırda kənd yaxınlığında yerləşən Zod mədəninin 70%-i Azərbaycanın nəzarətindədir.
Telegram kanalımız