Sosial şəbəkələrin erməni seqmentini Qarabağı tərk edən sakinlərin fotoları "bəzəyir". Bizdən fərqli olaraq, onlar Xocalını qışda, şaxtanın qılınc kimi kəsdiyi, sazağın insanın iliyinə işlədiyi fevral ayında tərk etmirlər. Üstəlik, başları açıq, ayaqları yalın deyil. Heç onları güllə-boran edən də yoxdur.
Bu gün öz könlü ilə Qarabağı tərk edən ermənilərə dair 5-6 xəbər oxumuşam. Şəkillərə diqqətlə baxmışam; heç kimin gözündə qorxu yoxdur, heç kimin dodağı səyrimir, heç kimin saçları biz-biz durmayıb.
Çox rahatdırlar, elə bil ki, İrəvandakı Haykanuş xalalarının nəvəsinin toy məclisinə gedirlər. Bahalı paltarlarını əyinlərinə keçiriblər, hətta makyaj etməyə də vaxt tapıblar. "Laçın" buraxılış məntəqəsində sərhədçilərimiz onları hörmətlə qarşılayır, nəzakətlə yola salır. Bizdən fərqli olaraq, çayda boğulan, dərə aşağı yuvarlanan yoxdur. Öz arzularının arxasınca gedirlər. Toyuqlu pizza
Hətta vicdanını itə satmış adam da bilir ki, bu, könüllü yerdəyişmədir. Heç kim onları Qarabağdan getməyə məcbur etmir. Qondarma respublikaları başlarına uçandan sonra yer ayaqlarının altından qaçıb. Görünür, törətdikləri bunca cinayətdən, bunca xəyanətdən sonra qalıb Azərbaycanda yaşamağı özlərinə ar bilirlər.
Azərbaycan cəmiyyəti ermənilərin könüllü şəkildə Qarabağdan getməyini toy-bayram edir. Düz edir. Mən də sevinənlərdən, bəlkə də ən çox sevinənlərdən biriyəm.
Bilirsiniz, niyə sevinirəm?
Yazım:
Bundan sonra Qarabağda terrorçu doğulmayacaq. Yəni, qoynumuzda ilan bəsləməyəcəyik.
Bundan sonra elmə, texnikaya xərcləməli olduğumuz pulu bu sarsaqları susdurmaq üçün silah-sursata xərcləməyəcəyik.
Bundan sonra Vətənimizin ən dilbər guşəsində, o cənnət Qarabağımızda özümüz yaşayacayıq.
Nəhayət, bundan sonra heç kim çörəyimizi yeyib üzümüzə ağ olmayacaq.
Bilmirəm, nədənsə, ermənilərin öz xoşu ilə Qarabağdan getməyinə təəssüflənənlər, bunu özünə dərd edənlər də var. Biz ki onları zor gücünə, silah gücünə göndərmirik. Öz xoşları ilə gedirlər. Cəhənnəmə ki!
Kim istəsə, erməniyə yas tuta bilər. Amma biz ətəyindən yapışıb ermənini Qarabağda tutası deyilik...
Seymur VERDİZADƏ
Telegram kanalımız