Bu gün Ermənistan Xarici İşlər nazirinin ölkəsinin XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirməsinə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən cavab gəlib.
Nazirliyin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumatda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaq. Həmçinin bildirilib ki, bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir.
Qeyd olunub ki, Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil. pizza hut
Həmçinin bildirilib ki, Z.Mnatsakanyanın daxili auditoriyaya yönəlmiş son açıqlaması, hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.
Sonda qeyd olunub ki, Ermənistan artıq müəyyən etməlidir ki, sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-quo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil.
Telegram kanalımız