Noyabrın 30-da Azərbaycanda baş verən helikopter qəzası cəmiyyətdə ajiotaja səbəb oldu. 14 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qəza ilə bağlı müzakirələr səngimək bilmir.
Hər hansı fakta istinad etmədən, istintaqın nəticəsini gözləmədən ehtimallar əsasında yürüdülən fikirlər cəmiyyətdə çaşqınlığa səbəb olub.
Bu cür ekstrimal situasiyalarda necə davranmaq, insanlar arasında çaşqınlıq yaranmasının qarşısını almaq üçün nə etmək lazımdır? pizza mizza
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Yenisabah.az-a açıqlamasında deyib ki, helikopter qəzaları dünyada intensiv şəkildə təsadüf olunan hallardandır:
“Helikopter qəzalarına dünyada intensiv şəkildə təsadüf olunur. Təkcə bu il, 2021-ci ildə dünya ölkələrində təqribən 9 helikopter qəzası qeydə alınıb. Bu qəzalar ABŞ-da, Fransada, Kanadada, Türkiyədə və dünyanın inkişaf etmiş digər dövlətlərdə baş verib.
Azərbaycanda DSX-ya məxsus Mİ-17 helikopterinin qəzaya uğraması da bu kontekstdəndir. Qəza baş veribsə, səbəbləri araşdırılacaq, müvafiq ölçü götürüləcək. Dövlət qurumları tədqiqata başlayıblar. Araşdırma aparılacaq, nəticələri bilinəcək. Araşdırmanın aparılması üçün əldə hər cür imkan var. “Qara qutu” əldədir, üstəlik, helikopterdə olan və sağ qalan iki nəfər canlı şahid də var. Bu qədər faktın mövcudluğu imkan verəcək ki, səbəblər araşdırılsın və tapılsın”.
Ekspertin sözlərinə görə, baş verən faciəni təxribat kimi şərh edənlər var:
“Təəssüf ki, baş vermiş faciə üzərində təbliğat və təxribat qurmaq, burada öz maraqlarını təmin etmək istəyən şəxslər və qruplar ortaya çıxıb. Qəzanı təxribat kimi şərh edənlər özləri təxribat törətmək istəyənlərdirlər.
Bu adamlar təkcə helikopter qəzasını deyil, Azərbaycanla bağlı bütün hadisələri kontekstdən çıxarırlar. Yaxın bir neçə il ərzində baş vermiş hadisələrə və bu təxribatçı şəxslərin həmin hadisələrə münasibətlərinə diqqət yetirsək görərik ki, heç vaxt faciələrimizə kədərlənməyib, şad günlərimizdə sevinməyiblər. Ermənistan üzərindəki qələbəmizi də qəbul etməyiblər, şübhə ilə yanaşıblar. Bu tip insanların indiki faciəyə də qeyri-normal yanaşacaqları gözlənilən idi. Xalqımız ayıq xalqdır və kimlərin təxribatçı, kimlərin milli təəssübkeş olduğunu gözəl anlayır.
Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.
Nəzrin Vahid
Telegram kanalımız