Hakimiyyətdə başladılan gəncləşmə siyasəti həm ölkənin sadə vətəndaşları, həm siyasi qruplar, həm də ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Bu vaxta qədər iqtidar haqqında səslənən əsas ittihamlardan biri də ömrünün çoxunu yüksək vəzifələrdə keçirmiş, korrupsionerləşmiş məmurların hələ də vəzifədə qalması idi.
Bunu daha çox ittiham kimi səsləndirənlər isə xüsusilə müxalifət təmsilçiləri olurdu. Artıq proses başlayıb və hökumət gəncləşir. Amma vaxtlı-vaxtsız bunu tələb kimi irəli sürən radikal kəsim bunu nəinki təqdir etmir, görmzədən gəlir. Manipuliyasiyanın ən effektiv üsullarından olan “görməzdən gəlmə” taktikasını nümayiş etdirən müxalifət İlham Əliyevin gəncləşmə siyasətinə qarşı çox düşünmədən alternativ tapdı: “Qocalar klubu”.
Ötən gün bir araya gələn müxaliət liderlərinin başına 73 yaşlı Əli İnsanovun gətirilməsi ilə siyasi düşərgənin radikal qanadı da “islahatlara” başladığını rəsmən elan etdi. AXCP və Müsavatın bu ilin əvəlindən başlayan uğursuzluqları, Müsavat Partiyasının daxilində başlayan rəhbərliyə qarşı etiraz dalğası, Milli Şuranın 19 oktyabr aksiyası uğursuzluğu, 2 noyabr mitinqindən imtina etmək, Milli Şura rəhbərliyində təmsil olunan iki mühüm şəxsin məişət səviyyəsində olan qalmaqalların və bir neçə bu kimi məsələləri gündəmdən çıxarmaq üçün özünü klan lideri kimi təqdim edən Əli İnsanovdan yararlanmaq əslində pis fikir deyildi. Amma bu o zaman olardı ki, 73 yaşlı İnsanov yeni bir fikir ifadə edə, yeni bir ideya ortaya qoya biləydi. Əvəzində 20 ildən artıqdır səslənən fikirlər, narazılıqlar, təşəbbüslər cmləbəcümlə təkrar edildi. Hətta o toplantıda iştirak edənlərdən biri ötən əsrdə yardılan SİDSUH deyilən birlik kimi bir ittifaqın yenidən formalaşmasını təklif etdi. pizza sifarişi
Radikal müxalifətin dəyirmi masasının bəzi iştirakçıları və tərəfdarları yaşlı insanlar idi. Zalda jurnalistlər istisna olmaqla, gənclərin olmaması ilk nəzərə çarpırdı. Müxalifətdə nəsil dəyişikliyi baş vermir, vaxt 90-cı illərdə olduğu kimi donub qalıb. Müxalifət kadrların cavanlaşması istiqamətində bəlkə iqtidarın proqramının bir “kopyasını” alsın. Bəlkə kurs təşkil olunsun. Gənclərlə qocaların yarışı bir qədər zor deyilmi?
Bir-birinə nifrət edənlərin, korparativ maraqlar naminə bir araya gələnlərin ortaya normal bir ideya qoya bilməyəcəkləri öncədən də bəlli idi. İndi özünü “dissident” kimi təqdim edən İnsanovun “həqiqət uğrunda” mücahid yox, həbsxanada yatmış banal rüşvətxor məmur olduğu ola bilsin ki, gənc nəsil üçün bəlli deyil. Amma orta və yaşlı nəsil bunu öz adı kimi dəqiq bilir. Təsəvvür edirsinizmi, vaxtilə o dünən yan-yana oturduğu insanları “mikroblar” adlandırırdı və onların cəzalandırılması üçün ən feadal çağırışlar edirdi. Amma indi o tükənmişlər ittifaqı tərəfindən “xilaskar” qismində təqdim olunur.
Əslində, zaman-zaman radikal kəsim bu kimi taktikalara əl atıb. Onlar üçün sağçı, solçu, mərkəzçi, liberal və ya dini baxışın heç bir fərqi yoxdur. Düşünün ki, özünü Əbülfəz Elçibəyin davamçısı elan edən bir təşkilat İrana bağlı olduğu heç kimə sirr olmayan “Müsəlman birliyi” ilə də əməkdaşlıq edir. Elçibəyin İran siyasəti ilə bağlı çıxışları və mövqeyi hər kəsə bəllidir. O zaman bunlar hansı məntiqlə özlərini Elçibəy davamçısı elan edirlər?
Gündəm olduğu üçün daha bir məsələni də xatırlatmağa ehtiyac var. Əli Kərimli mütəmadi olaraq “milli mütəşəkkil hərəkat” barədə danışır. Özlərinin "dost"u adlandırdıqları hüquq müdafiəçisi Oqtay Gülalıyevə yardımla əlaqədar vəsait toplamaq üçün təşkilatlana bilməyən insanlar hansı “hərəkat”dan danışa bilər? Hətta onun müalicəsi ilə bağlı açılan bank hesabına heç bir maliyyə vəsaitinin ödənmədiyi ortaya çıxdı. Və bu gün Gülalıyevə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yardım göstərilir. Bu müxalifətə gözəl bir dərs, Əli Kərimliyə ev tapşırığı idi.
Məsələnin başqa bir tərəfi isə Qərbə edilən ümidlərin hələ də boşa çıxmasıdır. Əli İnsanov həbsdən azad olunan zaman, elə həbsxananın qarşısındaca çox alovlu bir çıxış etmişdi. Sanki həbsdən Nelson Mandela azad olunmuşdu və o özünü həqiqətən də elə görürdü. Amerikanın, Avropanın onu dəstəklədiyini o qədər əminliklə deyirdi ki, siyasi proseslərdən xəbəri olmayan insan həmən inanardı. Onu həbsdə kim aldatmışdı, kim ona belə yalan məlumatlar vermişdi, bu maraqlıdır. Əgər İnsanov doğru analiz etmək qabiliyyətinə malikdirsə, o zaman anlamalıdır ki, indi xarici ölkələrin dəstəyi ilə fəaliyyət göstərən qruplar öz ölkəsinə xəyanət edən kimi qəbul olunur. Xüsusilə Tunis, Liviya, Misir və digər ərəb ölkələrində baş verən inqilablar, o inqilablardan illər keçməsinə baxmayaraq, hələ də ölkələrin normal nizama düşməməsi və anarxiyanın davamı bu fikri qətiləşdirdi. Etibarsız qərb siyasi dairələri 200 ildir mövcud olan “parçala, böl və hökm et” siyasətini ustalıqla həyata keçirirlər. Bu siyasətə maşa olanlar öz ölkələrini neçə onilliklər boyu geri çəkdiklərini çox gec anlayırlar və zamanı geri qaytarmaq, edilən xəyanətləri aradan qaldırmaq mümkün olmur. Xalq isə uzun illər narahatlıq içərisində yaşamağa məhkum olur. Və bu zaman onu satanları əbədi olaraq yaddaşına həkk edir. Burada məsələnin mənəvi tərəfi daha böyükdür.
Və sonda onu da qeyd edək ki, elə həmin toplantıdaca bu “Qocalar klubu”nun üzvləri öz maraqları üçün bir araya gəlmək məcburiyyətində qaldıqlarını etiraf etdilər. Dəyərmi masa zamanı radikal müxalifətin liderləri qeyd edirlər ki, maraqları üst-üstə düşəndə birgə, ayrı olanda isə tək başına hərəkət edəcəklər. Təsəvvür edirsinizmi, ideya üçün deyil, maraq üçün bir araya gəldiklərini açıq şəkildə elan edənlərin hansı səmimiyyətindən danışmaq mümkündür. Belə insanlara inanmaq və ya arxalanmaq olarmı? Belə insanlar onların ardınca gələnlərini hara kimi apara bilərlər? Deyəkmi... Öz maraqlarına nail olana kimi...
Cahid
Telegram kanalımız