Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Göyçay rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Dövlət Baytarlıq Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Göyçay Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin tədbirləri başlayandan indiyə kimi 18 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 35330 baş iribuynuzlu, 289 baş təkdırnaqlı heyvanda qarayara, 2050 baş sahibli itdə quduzluq, 101694 baş ev quşunda (“La-sota” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 3100 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2248 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Sezar pizza
Fevral ayının 10-dan isə Göyçay rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1”,Tur-15 tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 62950 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.
Ümumiyyətlə, Göyçay rayonunun 1 şəhər və 54 kəndində 37 min baş iribuynuzlu, 60 min baş xırdabuynuzlu, 4900 baş it və 700000 başdan artıq ev quşu mövcuddur.
Maariflənmə işlərinə rayonda fəaliyyət göstərən aqrar inkişaf könüllüləri də dəstək verir. Hazırda Göyçayda Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə yaradılmış 10 nəfərdən ibarət aqrar könüllülər də bu fəaliyyətlə məşğuldurlar.
Göyçay rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlarda nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.
Telegram kanalımız