Ötən gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Məlumata görə, ABŞ dollarına tələb iyunun 18-nə nisbətən 6,1 milyon dollar, yəni təxminən 22,7 faiz artaraq 33 milyon dollar təşkil edib. Maraqlıdır, Azərbaycanda dollara tələb niyə artıb? Bu artım devalvasiyaya səbəb ola bilərmi?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda dollar tələbat, ümumiyyətlə, digər ölkələrlə müqayisədə daha çoxdur. Bunun da səbəblərindən biri ondan ibarətdir ki, bizim daxili tələbatın böyük hissəsi idxal hesabına ödənilir:
“Malların idxal edilməsi dollara tələbatı artırır. Belə ki, sahibkar malı xaricdən alıb gətirir, burada Azərbaycan manatına satılır və yenidən həmin manat dövriyyəni davam etdirmək üçün dollara çevrilir. Bizim sabit tələbatımız budur”. Pepperoni pizza
Ekspert qeyd edib ki, hazırkı artım vətəndaşların ehtiyatlarında olan pulu dollara çevirmələri ilə əlaqədardır:
“Artıq bu ilin əvvəlindən etibarən, yəni neftin qiyməti düşdükdən, ölkədə maliyyə sıxıntısı yarandıqdan sonra maliyyə sferasındakı dalğalardan ehtiyyatlanan vətəndaşlar özlərinin evdə ehtiyatda saxladığı pulları kütləvi şəkildə dollara, daha etibarlı valyutaya çevirmək istədilər, indi də istəyirlər. Hazırda dollara tələbatı artıran bu amillərdir. Vətəndaşlarımız düşünür ki, devalvasiya ola bilər, dolların kursu 1 manat 70 qəpikdən 2 manata qalxar və s. Məlumdur ki, vaxtaşırı olaraq mediada müstəqil ekspertlərin dəyərləndirmələri olur və o dəyərləndirmələrin bir hissəsi məhz bu istiqamətdə olur, bu da cəmiyyətin fikrinə təsir edir və tendensiya yaradır, həmin tendensiyaya uyğun olaraq da ölkədə dollara tələbat artır. Digər bir tərəfdən həmişə bu aylarda Azərbaycana turist axını olurdu və proses əksinə gedirdi, yəni dollara tələbat azalırdı. Çünki həmin turistlər ölkəyə dollar gətirirdi və bu, bir qədər dollara tələbatı azaldırdı. Bu il turist yoxdur, bu səbəblə də tələbat artıb. Lakin əsas dollara tələbatı artıran amil az əvvəl dediyim-vətəndaşların dəfinə kimi ehtiyyatda saxladıqları vəsaitlərin dollara çevrilməsi prosesidir. Vətəndaşların bu istəyini tətikləndirən səbəblər olur. Belə ki, hökumət bu istiqamətdə müəyyən tədbirlər görüb, dolların alınmasına kvota qoyub. Hər bir vətəndaş 500 dollaradək pul dəyişə bilər. Bu da tendensiyanı bir qədər stimullaşdırır. Vətəndaşlar o qənaətə gəlirlər ki, deməli, hökumət dollara tələbatın qarşısını almağa çalışır, yəqin ki, devalvasiya qaçılmazdır. Bu, psixoloji təsirlər var”.
Həksöhbətimiz öz vəsaitlərini dollara çevirməyə çalışan vətəndaşlara müraciət edərək vurğulayıb ki, yaxın aylarda ölkədə devalvasiya gözlənilən deyil:
“Azərbaycanda bu pandemiya yenidən genişlənməyə başlasa da, artıq dünya bu pandemiyadan çıxır. Dünyanın normallaşması isə neftin qiymətinin normallaşmasına gətirib çıxaracaqdır. Yəqin ki, avqust-sentyabr aylarında neftin qiyməti 50-60 dollar arası olacaq ki, bu da Azərbaycan üçün dayanıqlı iqtisadi durum yaratmağa imkan verəcəkdir. Yaxın zamanlarda devalvasiya gözlənilən olmadığı üçün dollar axtarmağa dəyməz”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız