“İnsanın daxilində Allah olmayanda, iman, inam olmayanda gətirib bu cür hallara - başqalarını təhqir etməyə çıxarır”.
Bu sözləri Yenisabah.az-a Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə sosial şəbəkələrdə məşhurlara tez-tez təhqirlər yazılması ilə bağlı danışarkən deyib:
“Lev Nikolay Tolstoy deyirdi ki, əgər Allah yoxdursa, deməli hər şeyə icazə verilib. Hər şeyə icazə verilə bilməz, hər şey qanun çərçivəsində olmalıdır. Bu gün sosial şəbəkələrdə təhqirlərin artmasına səbəb kimi birinci yerdə allahsızlıq, ikinci yerdə tərbiyəsizlik, üçüncüdə isə mədəniyyətsizlik dayanır. Dördüncü bir səbəb də var. Elə adamlar var ki, onların Allahı da, mədəniyyəti də var, amma onlar işsizlikdən və məşğuliyyətsizlikdən bu cür davranırlar, sosial şəbəkələrdə nifrətlərini qusurlar”. pizza sifarişi
Sənətçi son illər özünün də bu cür şərhlərlə linç edildiyini bildirib:
“Son iki ildə mən də bu cür təhqirlərlə üzləşirəm. Elə insanlar var ki, heç məni tanımır, heç vaxt mənimlə ünsiyyətdə olmayıb, nə qonşum, nə qohumumdur, nə ona verəcəyim var, nə də ailə üzvlərindən kiməsə sataşmışam, adam məni tanımır, amma şərh yazır ki, “Kaş ki, sənin Ekmo-aparatına daş düşəydi, ölüb qalaydın orada!” Belə adama mən nə deyim?!
Bu ancaq allahsızlıqdan irəli gələn şeydir. Bir də zəiflikdən. Bu cür şərhi ancaq zəif və cılız adamlar, yaxud mədəniyyətsizlər yazır.
Mən hər zaman demişəm, əgər biz 20-30 il sonra bu cür problemlərlə rastlaşmaq istəmiriksə, heç olmasa ayda bir-iki dəfə məktəblərdə dini dərslər keçirməliyik. Söhbət dini fanatizmə aparan dərslərdən getmir, ədəb-ərkandan gedir”.
Bir müddət əvvəl çəkdiyi videolardan birinə görə sosial şəbəkələrdə sərt reaksiyalarla üzləşən aktyor yazılan şərhlərə fikir vermədiyini deyib:
“Mən də çox təhqirlərə məruz qalıram, amma boş verirəm. Türklərin yaxşı sözü var: “Boş ver, abi”. Çörçill deyirdi ki, “Mən onun-bunun danışığına qulaq assaydım, Çörçil olmazdım”. Mən özümü Çörçillə əsla müqayisə etmirəm, amma mən də illər ərzində hamının tanıdığı Bəhram Bağırzadə olmuşam, çünki danışan insanlara qulaq asmıram. Rəhmətlik anam həmişə deyərdi ki, “Bəhram, başını sal aşağı, işinlə məşğul ol”. Mən də başımı aşağı salıb işimi görürəm, insanlar hürəcəklər, hər dəfə nəsə deyəcəklər, yazacaqlar, mənsə Allahın izni ilə ona təvəkkül edib yaşayacağam. Sabah başıma bir iş də gəlsə, biləcəyəm ki, bu, Allahdan gəlib”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız