İqtidar rəqiblərini damğalayırsa… -   Ölkə hara gedir? 

saytların hazırlanması

Evə çatdırılma

İqtidar rəqiblərini damğalayırsa… - Ölkə hara gedir? 

Siyasət

19 May 2019 13:26 1345


Hakimiyyət nümayəndələri illərdir ki, cəmiyyətlə monoloq rejimində danışdıqları üçün söylədikləri cümlələrin, sözlərin mahiyyətini ya bilmirlər, izah etməyə lüzum görmürlər. Qarşılıqlı dialoq ortamı olmadığı üçün bəyanatlarının, tezislərinin mahiyyəti qaranlıq qalır. Ənənəvi müxalifət də illərdir eyni monoloq rejimindədirlər deyə, sözlərin, ifadələrin, tezislərin mahiyyətinə varmadan danışırlar. 

Bir sözlə, məmləkətin siyasi səhnəsində elmi, sosioloji, arqumentli müzakirə ortamı yoxdur. İqtidar siyasi rəqiblərini illərdir necə damğalayırlarsa (erməni dəyirmanına su daşıyanlar, xarici qara qüvvələrə satılmışlar), ənənəvi müxalifət də əks fikir, fərqli baxış nümayiş etdirənlərə satqın damğası vurmağa çalışıb. Amma kimlər, nəyi, necə, nə zaman satdığını arqumentləşdirməyi bacarmayıblar, eyni bu iqtidar kimi ancaq qara yaxmağa çalışıblar.

Məmləkətdə siyasətin elmi izahına, terminlərin normal oturuşmasına ehtiyac indi həmişəkindən daha çoxdur. Çünki ölkədə cəmi iki rəng – ağ və qara rənglər hakim qılınmağa çalışılır və bu həm iqtidarın, həm də ənənəvi müxalifətin lehinə olan durumdur.  Sezar pizza

Belə yanaşma ilə hər kəs öz saflarını, sıralarını, güya, sıxlaşdırmağa çalışır, nəticədə isə siyasi analiz bir kənarda qalır.

Hakimiyyət son zamanlar tez-tez islahat, reforma sözü işlədir, ənənəvi müxalifət isə bu sözlərə gülür, tam əksini söyləyir. Gəlin araşdıraq ki, ümumən nə baş verir, ölkə hara gedir?!

Reforma – latın sözü olan “reformo” sözündən götürülüb, formanın və məzmunun dəyişməsi deməkdir (re məhz bu anlamda sözün önündə işlədilir), yəni formanın dəyişdirilməsi yolu ilə bir şeyin məzmununu və ya mahiyyətini (islahatın həyata keçirildiyi obyekti) dəyişdirmək olar. İslahat sözü obyektinin fəaliyyət mexanizmində əhəmiyyətli dəyişikliklər nəzərdə tutur, yəni əsaslı yeni bir nəticəyə gətirib çıxaran fundamental prinsipləri dəyişdirmək deməkdir. Reformanı "təkmilləşdirmə" və ya "modernləşdirmə" konsepsiyası ilə qarışdırmayaq, bunlar fərqli yanaşmalardır.

Gəlin sadə misallarla izah edək: 

1) İqtidar deyir ki, maaş və təqaüdlərin, sosial müavinatların artımı islahatdır – Elmi və məntiq yanaşmaya görə absurd tezisdir. Maaş və təqaüdlərin artımı mahiyyət və formanı dəyişirmi? Təbii ki, yox. Bu sahədə əsl reforma, islahat o zaman olardı ki, məsələn, özəl təqaüd fondları yaradılır və ya maaş ödənişləri saatla hesablanır, həftəlik verilir – bu zaman formanın dəyişməsi, yəni reforma baş verə bilərdi, yəni, məzmun dəyişməsə də, forma yenilənərdi. 

2) İqtidar bəzi siyasi məhbusların əfv olunmasını, bəzi insanların ölkədən çıxışına qoyulmuş qadağanı islahat adlandırır – Absurd yanaşmadır. Ölkədə zatən siyasi məhbus olmamalı, qanunsuz və əsassız olaraq Ana Yasal haqq olan sərbəst hərəkət etmə məhdudiyyəti ümumən tədbiq edilməməlidir. 

3) İqtidar deyir ki, iqtisadiyyatda islahat gedir, misal kimi də aqrar sektorda, turist sayında artımı misal göstərirlər – Səhv yanaşmadı, aqrar sahədə də, turizmdə də forma və mahiyyət dəyişməyib, hər iki sahədə dövlətin heqamun üstünlüyü davam edir və artım da çox cüzi, makroiqtisadi rəqəmlərə təsir edəcək həcmdə deyil. Ümumiyyətlə, istisadi islahatlar idarəetmənin FORMASI və MAHİYYƏTİ dəyişmədən mümkün deyil.

4) Hökumət deyir ki, məhkəmə-hüquq islahatı başlayıb, davam edəcək – Yenə çox yanlış söyləmdir. Birincisi ona görə ki, məhkəmə sisteminə islahat yox, ədalət lazımdır, ikincisi də islahat məzmun və formanın dəyişməsi ilə mümkündür. 

Yəni: a) Andlılar məhkəməsi yaradılır, b) Vəkillik institutu ilə ittiham institutunun səlahiyyətləri və imkanları bərabərləşdirilir, b) Məhkəmə-hüquq sitemi hakimiyyətin icra qolundan asılılığı sıfıra enir.

İslahat sözünün işləndiyi sahələrin siyahısını uzada da bilərəm, amma düşünürəm ki, məğzini izah edə bildim. Sonda bir daha tezislərimi möhkəmləndirim: İslahat, reforma idarəetmə sisteminin FORMASININ və MAHİYYƏTİNİN dəyişməsi ilə mümkündür, fərmanlarla deyil də, yeni qanunların qəbulu və Ana Yasa dəyişiklikləri ilə aparılır. Əsl reforma o zaman olacaq ki, ictimayyətin inandığı yeni bir Ana Yasa komissiyası qurulacaq, onlara 1 il vaxt veriləcək, həmin peşəkar və inanılmış hüquqşünaslar və ekspertlər yeni Ana Yasa hazırlayıb idarəetmənin formasını və məzmununu dəyişməyi təklif edəcəklər, bu sənəd ümumxalq müzakirəsinə çıxarılacaq, siyasi partiyalar lehinə və əlehinə təbliğat aparacaq, tezislərin təkmilləşdirilməsi üçün sonda həmin komissiya bir daha toplanıb əlavə və düzəlişləri qəbul edərək sənədi ümümxalq səsverməsinə çıxaracaqlar. 

Referendumdan sonra artıq FORMASI və MƏZMUNU dəyişmiş idarəetmə sisteminin oturuşması üçün parlament seçkiləri keçiriləcək, hökumət ən çox səs almış partiyanın içindən, və ya koalisiyalardan çıxacaq və islahatlar başlayacaq. Bu dövrdə indiki prezident səlahiyyət müddəti bitənə qədər prosesin moderatoru rolunu oynayacaq.

Yaxşı, bu gün baş verənlər islahat deyil, bəs nədir? Baş verənlərin məğzi sistemin təkmilləşdirilməsinə yönəlik addımlardır. Əvvəl çox baha alınan siyasi loyallığın daha ucuza alınması cəhdidir. Yuxarıda da qeyd etdiyim kimi, bu bu reforma deyil, təkmilləşmədir, islahat isə fərqli anlayışlardır. Loyallığı əvvəl kökatmış və kökəlmiş məmur-oliqarxlar təmin edirdilər, bu çox baha başa gəlirdi, indi isə “CEO”-lar təyin edilir, ucuz başa gəlir və həm də siyasi “vitrini” yeniləyib daha cəlbedici etmək istəyirlər. Bu idarəetmənin təmərküzləşməsinə və effektivliyinin artmasına səbəb olur-olacaq, amma forma və məzmununu dəyişmir, dəyişə də bilməz.

Beləliklə islahat, reforma söhbətlərini elmi, sosioloji, siyasi müstəviyə çəkməyə cəhd etdim, fərqli fikirlərə, müzakirələrə açığam, amma lütfən düşünərək danışaq, arqumentli müzakirələr aparaq…

Natiq Cəfərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!