“Kimin nə düşündüyü heç məni maraqlandırmır” -  Cavid Hüseynov

“Kimin nə düşündüyü heç məni maraqlandırmır” - Cavid Hüseynov

İdman Veb saytların hazırlanması

21 Avqust 2019 14:01 1200


“Zirə”nin kapitanı Cavid Hüseynovun “Yeni Sabah”a müsahibəsi: 

- Sizin “Qəbələ”dən getməyinizi maddiyyatla bağlı olduğu bildirilir. Bu nə qədər doğrudur? 

- Kimin nə düşündüyü heç məni maraqlandırmır. Ortada klub rəhbərliyi var, mən varam. Bizim danışıqlarımız olub. Bu danışıqlar hansısa maddiyyata söykənməyib. Bu qədər sadə.

- “Zirə”də özünüzü necə hiss edirsiniz? 

- İki klubdan real təklif var idi. Sonda “Zirə”yə keçidim baş tutdu. Təəssüratlarım müsbətdir. İnşallah həm klub, həm də mənim üçün xeyirli olar. Adaptasiyada sözün düzü problem yaşamadım. Elə bir çətinliyimiz olmadı. Komandanın demək olar ki, 50-60%-i  yeni fubolçulardır. Amma buna baxmayaraq, uyğunluq baxımından çətinlik olmadı.

- Yeni mövsümün ilk oyununda məğlub oldunuz. Məğlubiyyəti necə şərh edərdiniz?

- Məğlubiyyət gözlənilməz oldu. Çünki oyuna ciddi hazırlaşmışdıq. İki komandanın da şansları var idi. Sadəcə olaraq, bizdə 11 metrə vəziyyətində sual yarandı. Belə deyək, 99% 11 metrə yox idi. Amma nədənsə hakim penalti göstərdi. Lakin buna baxmayaraq, biz hər şeyi son ana saxlamalı deyildik. Əlehimizə verilən qərar da olsa, buna gətirib çıxartmamalıydıq. Qismət belə imiş. Birinci oyundur. Düzdür, bu sonda bizə baha başa gələ bilər, 3 xal idi, heç nədən itirdik. Çalışacağıq ki, gələn oyunlarda belə səhvlər etməyək.

- Belə aydın olur ki, 11 metrlik cərimə zərbəsindən narazısınız.

- Əlbəttə. Top birinci Mirabdullanın əlinə dəyib daha sonra bizim futbolçuların əlinə dəydi. 

- “Zirə”nin bu ilki hədəflərdən danışaq. Komanda qarşısına konkret hansı məqsədləri qoyub?

- “Zirə”nin bu ilki məqsədi Avroliqadır. Çalışacağıq ki, bu il Avroliqaya gedək. Nə dərəcədə alınacaq, nə dərəcədə alınmayacaq bunu bilə bilmərik. Zaman göstərəcək. İnşallah alınar. Çempionat hələ təzə başlayıb. Oyunumuz 1-2 oyundan asılı deyil ki, Avroliqaya getmək bizə mane olsun. Hələ ilk turu oynamışıq. Düşünsək ki, qarşıda nə qədər oyunlarımız  var, mümkündür, sonda AL-a getmək üçün xal toplaya bilərik. Bu barədə çətinlik olmamalıdır. 

- Avroliqadan söz düşmüşkən, yəqin ki, keçmiş komandanızın “Dinamo” ilə oyunlarını izləmisiniz… 

- Hə, izlədim.

- Sizcə, məğlubiyyətin səbəbləri nə idi, qalibiyyət üçün komandaya nə mane oldu?

- Əvvəlcə, onu deyim ki, mən bilən həmin vaxt artıq Gürcüstan çempionatı başlamışdı. Bizdə isə tam fərqli, çempionat başlamamışdı. “Qəbələ” komandası formada deyildi. Yeni oyunçular var. Bu il komanda olaraq, köklü dəyişikliklərə əl atıblar. Akademiyanın uşaqları çoxluq təşkil edir. Düzdür, legionerləri də var, amma yenə deyirəm, komanda tam formada deyil. Oyuna baxanda görürdün ki, “Dinamo” da o qədər güclü rəqib sayılmaz. Amma istənilən halda, “Qəbələ”dən daha hazırlıqlı olduğu görünürdü. Əsas fərq də bu idi.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!