“İstənilən ölkədə inzibati xətalara və məsuliyyətə cəlb olunanların sayının artma və azalması bir neçə faktordan asılıdır. Nəzərdə saxlamaq lazımdır ki, bunlar ciddi araşdırma tələb edən məsələlərdir. Araşdırmasız yalnız və yalnız müəyyən mülahizələr yürüdə bilərik. Tamamilə dəqiq fikirlər irəli sürə bilmərik”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında kriminoloq İnqilab Şahbazov deyib. O məhkəmə işlərinin artma səbəbləri haqqında danışıb:
“Həqiqətən cinayət saylarında artım varsa, bu, təbii ki, məhkəmə işlərini artırır. Verilən statistika da onu göstərir ki, artım müşahidə olunan cinayət növlərindən biri də mülkiyyət cinayətləridir. 2015-2016-cı illərdən mülkiyyət əleyhinə olan cinayətlərdə artım var. Bu sadə nümunədir. Təxminən 6% artım olub. pizza
İkinci səbəb odur ki, cinayət artmamış ola bilər əvəzində cinayətlərin açılma tempi, cinayətkarın yaxalanması polis əməkdaşları tərəfindən daha effektiv şəkildə təşkil olunursa, əvvəllər tutulmayanlar indi həbs olunacaqlar. Beləliklə, statistika qalxır. Ola bilər ki, keçən il də, bu il də 500 oğurluq hadisəsi baş verib. Amma keçən il onların yalnız 50%-i aşkarlanmışdırsa, bu il polis işinin daha yaxşı təşkili nəticəsində, eyni zamanda cinayətkarların qeyri-peşəkar olmasına, insanların cinayəti polisə şikayət etməsinə görə, mümkündür ki, bu say artsın. Polis əməkdaşlarının işinin yaxşı təşkili cinayət işlərinin daha çoxunun açılmasına, məhkəmə işlərinin sayının artmasına səbəb ola bilər.
Üçüncü artım səbəb isə qanunvericiliyə edilən dəyişikliklərdən sonra müəyyən cinayət əməllərinin dekriminallaşdırılması ilə bağlı ola bilər. Artıq kriminal əhəmiyyətə malik deyil, inzibati xəta kimi qəbul olunur. Ola bilər ki, dünənə kimi cinayət əməli hesab olunan indi inzibati xətadır. Statistika da bunu inzibati xəta kimi qəbul edir və bu xətaların sayı artır. Eynilə məhkəmələrə bu üzrə gələn işlər də arta bilər.Əsas bu üç faktor var. Amma bunlar sadəcə müəyyən mülahizələrdir. Daha ciddi araşdırma aparılması və səbəblərinin öyrənilməsi lazımdır”.
İ.Şahbazov son dövrlərdə çox müşahidə olunan ailədaxili cinayət və oğurluqlardan da danışıb:
“Rəsmi statistikaya baxsaq, cinayət hallarında 2015-ci ildən bu ilə kimi artım müşahidə olunub. Bunun səbəblərindən biri də təbii ki, oğurluqların artmasıdır. Məncə, bunun əsas səbəbi, müəyyən əhali qrupları üçün maddi durumun nisbətən pisləşməsi ola bilər. Dünya ölkələrində aparılan araşdırmalar bunu göstərir. Adətən iqtisadi durumla oğurluq bir-birilə əlaqəli olan iki amildir. Biri dəyişəndə digərinin də dəyişikliyi hiss olunur. Oğurluqlarda maddi vəziyyət önəmlidir. Bunlar oğurluğu artıran və qarşısını alan amillərdir. Təbii ki, burada psixoloji faktorları da ortaya qoya bilərik. Amma daha güclü təsir iqtisadivəziyyətlə əlaqədardır. Ailədaxili şiddətə gəlincə isə burada da iqtisadi səbəblər var. Məsələn, ailə qurublar gənc və ya çoxdanın ailəsidir, məsələn 15-20 ildir birlikdə yaşayırlar, amma iqtisadi durum pisləşəndə tərəflər arasında gərginlik yarana bilər. Bir tərəf işini itiribsə, bu daha ciddi gərginlik yaradır. Beləcə iqtisadi səbəblər oğurluq qədər ailədaxili cinayətlərə də təsir edə bilir. Lakin ailədaxili zorakılıqda eyni zamanda mənəvi, mədəni, psixoloji faktorları da nəzərdən qaçırmamalıyıq. Ola bilər ki, adamlar zorla evləndiriliblər. Bizdə zorla evlilik halları, təəssüf ki, az deyil. Bu cür ailələr daim zorakılığa meyilli olur. Çünki tərəflər bir-birinə həqiqətən bağlı deyil və kiçik bir problem olan kimi bu cinayətə dönə bilir”.
Kriminoloqun sözlərinə görə, sosial iş ximdəti zəif göstərilirsə, ərazidə böhranlı ailə qrupları geniş yayılıbsa, amma onlar haqqında heç bir tədbir görülmürsə, bu da ailədaxili problemlərə, gərginliklərə yol açacaq:
“Ola bilər ki, bu gün tərəflər bir-biri ilə şifahi mübahisə edirlər, amma sabah bu fiziki müstəviyə keçə və cinayətə səbəb ola bilər. Danılmaz faktdır ki, Avropa ölkələrinə və Qərb mədəniyyətinə nisbətdə bizdə ər-arvad bir-birilə yola getmirlərsə, sosial və ictimai basqı altında, bəzən isə ailə yaxınlarının basqısına görə boşanmırlar. Sonda içəridə yığılan aqressiya birdən partlayır. Kişi qadına və ya əksinə zorakılıq tətbiq edilir. Son olaraq bir şeyi də qeyd etmək istəyirəm. Hərçənd ki, bunun statistikası yoxdur, olsa yaxşı olardı. Dəfələrlə görmüşük ki, iki tərəf boşansa belə bir müddət sonra tərəflərdən biri adətən kişi qadına zorakılıq tətbiq edir. Onu döyür, bəzən ciddi xəsarət yetirir, öldürür. Müxtəlif formada zərər yetirir. Bir növ intiqam almaq deyərdim, müəyyən dərəcədə düzgün səslənməsə də, amma ona oxşayır. Halbuki onlar rəsmi olaraq ər-arvad deyillər.
İki cinayətin əsas faktorlarını bunlarda görürəm. Amma təəssüf ki, bunların heç bir sosioloji araşdırması yoxdur. Bu barədə faktlara əsaslanan fikir söyləmək olmur”.
Qeydedək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, inzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,8 faiz artaraq 39094 nəfər olub.
Əsmər Qabil
Telegram kanalımız