Son zamanlar mütəxəssislər və ictimaiyyət tərəfindən yerli telekanalların vəziyyəti ciddi tənqid olunur.
İntellektual auditoriya, hətta azərbaycanlı məşhurlar belə demək olar ki, yerli televiziyalara baxmadıqlarını bildirirlər. Bu yaxınlarda tanınmış müğənnilər Nadir Qafarzadə və Əli Mirəliyev Azərbaycan telviziyalarını izləmədiklərini açıq şəkildə dilə gətiriblər.
Onlar hesab edirlər ki, televiziyalarda normal layihələr yoxdur, şoulaşdırılmış verilişlər bəyağı vəziyyətə salınaraq efirə verilir. pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əməkdar artist Dilarə Əliyeva televiziyaya baxıb-baxmamağın azad seçim olduğunu deyib:
“Seçim hər zaman azaddır, elə bir dövrdə yaşayırıq ki, kim nəyə baxmaq istədiyini rahat şəkildə seçə bilər. O insan informasiyanı televiziyadan da ala bilər, dünyada var olan digər sistemlərdən də. Televiziya verilişlərinə gəldikdə isə həqiqətən televiziyada əziyyət çəkən, öz işini bilən çox peşəkar insanlar var və onlar verilişləri üçün heç də az əziyyət çəkmirlər. Təbii ki, hər bir sahədə olduğu kimi televiziyada da olan axsaqlıqlar var, amma bu televiziyanı geridə qoya bilməz. Gözəl verilişlərimiz, aparıcılarımız və əziyyət çəkən insanların dəyərini bilən tamaşaçılar var. Mən düşünürəm ki, harada olursansa, ol, əgər sən işini sevməsən gözəl iş sərgiləyə bilməzsən”.
Həm də reytinqli verilişlərdən birinin aparıcısı olan sənətçi bu gün televiziyada da müəyyən axsaqlıqların olduğunu qeyd edib:
“Hər kəsin seçimi də, fikri də azaddır, hamı fikrini bildirə bilər. Əgər ortaya müəyyən bir iş qoyulubsa, ona münasibət də təbii ki, birmənalı olmayacaq. Hər kəsin bir fikri var, hamıya qulaq asıb, ortaq bir məxrəcə gəlmək olar. Tamaşaçıların istəyini nəzərə alan verilişlər də hazırlamaq olar. Yəni sözüm ondadır ki, indi durub televiziyaya baxmayanları qınasaq, özümüz qınaq atəşinə tuş gəlmiş olarıq. Bu azad seçimdir, sadəcə televiziyada sərgilənən verilişlər böyük bir komanda sayəsində ərsəyə gəlir. Məsələn, indi insanlar məşhur olmaq, öz mahnısını, rəqsini göstərmək üçün daha rahat yol tapıblar. Amma televiziya elə bir məkandır ki, orda işini peşəkarcasına görən şəxslər toplaşıb. Onlar bir şeyi əvvəlcə redaktə edir, montaj edir, daha sonra tamaşaçıya təqdim edir. Hər bir sahədə geriləmə, axsaqlıq var, bu televiziyalardan da yan keçməyib. Təbii ki, televiziyalarda zəif verilişlər var, amma unutmayaq ki, keyfiyyətli verilişlər, güclü aparıcılar, komandalar da var. Sadəcə hərdən nə baş verməsindən asılı olmayaraq hər kəs nə görmək istəyirsə, onu da görür”.
Onun sözlərinə görə, yerli telekanallar bu gün tamaşaçıların diqqətini çəkmək üçün əllərindən gələni edirlər:
“Əziyyəti dəyərləndirmək lazımdır. Bu baxımdan verilişlərimizə baxanlar da, baxmayanlar da sağ olsun. Hər halda, televiziya yenə əlindən gələni etməyə çalışır. Telekanallar bu çətin vaxtda tamaşaçıların marağını cəlb etməyə çalışır. Televiziya elə bir məkandır ki, orada çox tamaşaçının zövqünü əhatə edə biləcək verilişlər var. Həm əyləncəli, həm maarifləndirici, həm sağlamlıqla bağlı verilişlərimiz var. Təbii ki, bunların hamısı birdən uğurlu, yaxud uğursuz ola bilməz. Onların içində daha gözəl iş sərgiləyən komandalar var və onların bol-bol, onlara dəyər verən tamaşaçıları var. Çalışaq elə olaq ki, hər zaman baxımlı qalaq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız