Misli Premyer Liqasında legioner limiti ləğv olunub. Bu barədə fevralın 3-də AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib. 2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq.
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Yəni meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan idman jurnalisti, keçmiş futbolçu Ağa Dadaşzadə bildirib ki, yeni qərar birbaşa milli komandaya təsir göstərəcək: pizza
“Legionerlərlə bağlı qərarda ən böyük problem bax budur. Onsuz da komandaların əsas heyətində oynayan yerli futboçuların 90 faizi yararsızdır. Amma ən azı 11 nəfər tapmalıyıq ki, milli komandanın heyətində oyunlara çıxsın.
Yerli klublarda azərbaycanlı futbolçunun hansısa legionerlə forma mübarizəsi aparması mümükün deyil. Legionlər daha güclü olur. Turnir cədvəlində orta sıralar üçün mübarizə aparan klublar yaxşı qiymətə transfer etdiyi legioneri qoyub azərbaycanlı futbolçunu oynatmaz.
Tutaq ki, ayda 10-15 min manat verdiyi hansısa qanalı legioneri qoyub onun yerinə Ağanı, Nazimi meydana buraxmaz.
Bu qaydanın birbaşa bəzi menecerlərə maddi xeyri var. Onlar xaricdə, məhəllədə futbol oynayan, ayaqyalın qaçan qaradərili futbolçuları peşəkar adı altında komandalara sırıyırlar. Bunun əyani nümunəsi “Neftçi”dir. 13-15 milyon manata yaxın dəyəri olan heyətin nə gündə olduğunu gördük”.
Ağa Dadaşzadə qeyd edib: “Deyirlər ki, Avropa ölkələrində bu strategiya tətbiq olunur. Avropanın futbolçu bazası, akademiyaları var. Bu gün Azərbaycanada bircə “Qarabağ”ın belə akademiyası həvəskar səviyyədədir. “Bakı” və “Qəbələ”nin akademiyaları da güclü olub. Amma Azərbaycan futbolunu elə məhv ediblər ki, onu 1 aya, 1 ilə düzəltmək mümkün deyil. İnkişaf istəyirdilərsə, 5 legioner limiti qoyardılar. Yerdə qalan 6 yerli oyunçunun 1-i 17 yaşa qədər, 1-də 19 yaşa qədər futbolçu olardı. Yəni ən az 2 azyaşlı yerli futbolçu məcburiyyəti olmalı idi.
Fərid Yusifli, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Yusif İmanov, Nicat Mehbalıyev azyaşlı limitinin çıxardığı futbolçulardır. Çıxış yolu sadəcə budur. 11 legionerlə oynamağın Azərbaycan futboluna xeyri nədir? Burada sadəcə boşuna pullar xərclənəcək. Litvadan, Moldovadan adı-sanı olmayan qaradərili futbolçuları “Pele” adı ilə gətirəcəklər. Sentyabrda Azərbaycan millisi oynatmağa 11 nəfər futbolçu tapa bilməyəcək”.
Nazim Hacıyev
Telegram kanalımız