Naxçıvanda Vasif Talıbov erasının bitməsindən sonra artıq 1 aydan çoxdur ki, regionda sürətli dəyişikliklər baş verir.
Xan əyyamından qalma qaydaların addım-addım Azərbaycan qanunlarıyla dəyişdirilməsi, habelə Talıbov iqtidarından qalma “köhnə qvardiya”nın sıradan çıxarılmasından sonra muxtar respublikada inkişaf edən sahələrdən biri də azad sahibkarlıq sahəsidir.
Talıbovun dövründə çayxanalara və xırda biznesə qarşı aparılan ölüm-dirim savaşından sonra hazırda bölgədə yeni bir dövrün başladığını qeyd etmək olar. Toyuqlu pizza
Yenisabah.az-a açıqlamasında Naxçıvandan olan jurnalist Çingiz Özgür deyib ki, Naxçıvanda iqtisadiyyatın inkişafına mane olan amillərin hamısı bəlli idi:
“Məsələ Vasif Talıbov hakimiyyətinin Naxçıvanda qanunla yox, özünəməxsus qaydalarla idarə olunması idi. Ümumiyyətlə, Naxçıvanda qadağa qoyulmuşdu ki, heç bir kənddə çayxana işləməməlidir. Əgər söhbət kiçik sahibkarlıqdan gedirsə, adi bir çayxana, kafe, yaxud balaca bir köşk də buna aiddir. Lakin bunlar Naxçıvanda tamamilə ləğv olunmuşdu”.
Onun sözlərinə görə, Naxçıvanda yalnız dövlət tərəfindən tikilən kənd mərkəzləri adlanan binalarda buna icazə verilirdi ki, hər kənddə də sadəcə bir dənə bu kimi iaşə müəssisələri var idi:
“Yəni bu, kiçik sahibkarlığın qarşısını alırdı. Məsələn, Türkiyədən, yaxud başqa bir yerdən gətirib hansısa məhsulu kənddə satmaq qadağan idi. Çox güman ki, yeni islahatlardan sonra ilk canlanma məhz bu sektora gələcək. Bu, həm ucqar kəndlərdə kiçik biznesin inkişafına təkan olacaq, həm də mobil ticarət genişlənəcək. Lakin böyük mənada iqtisadiyyat naziri Mikayıl Cabbarovun Naxçıvana səfərini götürsək, bu, artıq o deməkdir ki, Naxçıvanda daha böyük layihələr başlaya bilər”.
O, əlavə edib ki, əslində, Naxçıvanda bununla bağlı zəmin var:
“Məsələn, Naxçıvanın 2 rayonu –Şahbuz və Ordubad həm qış, həm də yay turizmi üçün çox əlverişli bir rayondur. O bölgələrdə nə fərdi, nə də böyük sahibkarlıq turizmiylə bağlı heç bir addım atılmamışdı.
Bundan savayı, əgər Zəngəzur dəhlizi açılarsa, o dəhlizin Ordubaddan Sədərəyə qədər keçən yolun üzərində obyektlərin, parkların tikilməsi, eləcə də sahibkarların bölgəyə cəlb olunmağı biznes layihələrin inkişafında böyük yenilik gətirə bilər”.
Ç. Özgür güman edir ki, burada yerli sahibkarlara üstünlük veriləcək:
“Yəqin ki, növbəti mərhələdə Naxçıvandan çıxmış və Bakıda işlə bağlı iqtisadi gücü olan adamlar dəvət olunacaq. Əslində, bunlar bizim arzumuzdur və bilmirəm ki, bu, olacaq, ya yox. Ümid edirəm ki, əgər imkan varsa, öz hesablarına, yoxdursa, dövlətdən alınan kreditlər hesabına bu bölgələrdə işlər görüləcək”.
Müsahibimiz bildirib ki, bu, çox böyük bir layihədir:
“Ona görə ki, İkinci Qarabağ müharibəsindən və Zəngəzur dəhlizi söhbəti meydana gələndən sonra həmin ərazidəki torpaqlar da bahalaşmağa başlayıb. Hətta Vasif Talıbovun hakimiyyəti dövründə bu bahalaşma var idi.
Bundan başqa, Naxçıvanda bütün obyektlər sadəcə bir əldə idi. İstər böyük ticarət, istərsə də istehsal müəssisələri olsun bunlara yalnız bir adam baxırdı. Məsələn, “Badamlı” kimi şirkətləri buna nümunə göstərmək olar. Çox güman ki, bunlar əvvəlki sahiblərinə qaytarılacaq, yaxud yeni sahibkarlar bunu alacaq.
Naxçıvanın təbii sərvətlərinə gəldikdə isə bölgənin təbii mineral suları, yaxud dadlı meyvələri var ki, bunlar da iqtisadiyyatın başqa bir sahəsi olacaq və bunlara təkan veriləcək”.
İqtisadçı ekspert Asif İbrahimov isə söyləyib ki, Naxçıvanda bir çox məsələlər, əsasən də xırda və orta sahibkarlıq basqı altında idi:
“Ümumiyyətlə, Naxçıvanda demoqrafik problem də var idi. Naxçıvan əhalisinin böyük əksəriyyəti Türkiyə, Rusiya və paytaxt Bakıya köç etmək məcburiyyətində qalmışdı. Bu məsələ 90-cı illərin sonlarından etibarən, daha sıx dinamika ilə inkişaf etməyə başladı. Eləcə də bir çox vergi ödəyiciləri orada fəaliyyətini dayandırıb Azərbaycanın digər bölgələrində fəaliyyət göstərməyə başladı”.

“Məsələn, biz mediadan da görmüşük ki, Naxçıvanda bəzi vergi ödəyicilərinin başına gətirilən xoşagəlməz halların şahidi olurduq. Bu səbəbdən də orada bir az iqtisadiyyata basqı mövcud idi. Naxçıvanda ictimai iaşə obyektləri də kontrollu şəkildə nəzarət olunurdu, yaxud çayxanalar orada fəaliyyətini demək olar ki, dayandırmışdı. Məsələn, 2008-ci ildə Naxçıvan şəhərində yerləşən İran konsolluğunun yanında bir çayxana var idi. Lakin sonrakı illərdə məlum oldu ki, o da tam ləğv edilib”, – əlavə edib.
Mütəxəssis bəyan edib ki, artıq Naxçıvanda yeni islahatlar aparılır:
“Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində hansı iqtisadi model tətbiq edilirdisə, bundan sonra orada da tətbiq edilməyə başladı. Son vergi ödəyicilərinin sayının artmasını müşahidə etdikdə görürük ki, artım həqiqətən var. Artıq insanlar kiçik və orta sahibkarlıq subyekti olaraq qeydiyyatdan keçirlər və bu, bir potensialdır”.
İqtisadçı düşünür ki, Naxçıvanın bunlara adaptasiya olunmağı təqribən il yarım-2 il ərzində olacaq:
“Çünki Naxçıvanda ona qədər görüləsi işlər hələ çoxdur. Bundan başqa, Naxçıvanda ƏDV ilə bağlı məsələlər var idi. Bu, çox elementar bir məsələdir, lakin ümumazərbaycan ərazisində tətbiq olunan hansısa bir mexanizm orada tətbiq olunmurdu. Səbəblər araşdırılanda isə məlum oldu ki, Naxçıvanda ya yeni nəsil kart aparatları yox idi, yaxud bunun tətbiq edilməsinə maneəçilik törədilirdi”.
“Hesab edirəm ki, artıq bölgədə hökumət tərəfindən verilmiş yeni imtiyazlar orada iqtisadiyyatın şaxələndirilməsinə, güclənməsinə və əsasən də ağır iqtisadi zonalaşmada ciddi problem yaşadığımıza görə, əhalinin köçməsinə gətirib çıxarmışdı ki, bu da bundan sonra müsbət təsirlərini göstərəcək. Ən böyük hədəf isə bölgədən köç edən vətəndaşlarımızın geri qaytarılması olmalıdır”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız