“Ölkəmizdə məktəbli forması ənənəsi kütləvi şəkildə sovetlər dövründə tətbiq edilməyə başlayıb. Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən “Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsi”nə əsasən, orta təhsilalanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər:
“Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir. Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbində təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir. Amma bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasından istifadə etməlidir”. pizza
Ekspert əlavə edib ki, hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib istədikləri dizaynda forma müəyyən edə bilərlər:
“Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur. Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz.
Rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar var. Bu da hava şəraiti ilə bağlıdır. Belə ki, valideynlər soyuq havalarda məktəbli formaları nazik olduğu üçün uşaqlar üşüyürlər, onlara soyuq olur. Ona görə də daha çox qış aylarında bu hal baş verir. Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz”.
K.Əsədov forma qiymətləri ilə bağlı da fikrini bildirib:
“Təhsil nazirliyində işləyənlər üçün məktəbli formasının qiyməti normaldır. Çünki onlar işləmədən yüksək məbləğdə əmək haqqı alırlar və hətta uşaqlarına bahalı parçalardan məktəbli formasını tikdirirlər. Amma aşağı əmək haqqı alan, qazancı az olan ailələr üçün bahadır. Nəzərə alsaq ki, həm yay, həm də qış geyimi lazımdır, bundan başqa bir ailədə bir neçə nəfər orta məktəbdə təhsil alır, bu da valideynlər üçün ağır yükdür. Yəni orta statistik azərbaycanlı üçün məktəbli forması bahadır”.
Əsmər Qabil
Telegram kanalımız