Bəzi qurumlarla işləməyin nə qədər çətin olduğunu jurnalistlər bilir. Elə mövzular var ki, ekspert rəyi öyrənsək də rəsmi tərəfin fikrinə ehtiyac olur. Onsuz da əksi olduqda “niyə bizim fikrimizi öyrənmədən yazırsız?” deyirlər. Jurnalistikada operativlik (təbii ki, doğru,düzgün olmaqla) və gündəmi anında tutmaq vacib məsələlərdən biridir. Bəs rəsmi tərəfdən cavab ala bilmiriksə necə edək? Mövzu öləndən sonra rəsmi cavab alıb verəkmi? Bunun nə mənası qalır? Təbii ki, kənardan “ölən söhbəti yenə niyə açdılar?” kimi iradları da nəzərə alaq.
Zəng vurub hansısa mövzu ilə bağlı açıqlama istəyəndə “Sualınızı mail-ə göndərin” sözünü eşitdinizsə mövzunuz ölmüş sayılır. Bəs onlayn müraciətlərə nə qədər müddətə baxılır?
Burada digər bir problem də ortaya çıxır. Ağlına gələn, gündəm olmasa belə hər hansı sualı yazıb göndərəndə, bir müddət sonra görürsən ki, sənin sualına cavab press-reliz olaraq yayımlanıb. Press-reliz olaraq yayımlayacaqdınızsa bunu əvvəldən edə bilərdiniz. Pepperoni pizza
Qayıdaq əsas məsələyə. Sualı göndərdik, təbii ki, mövzu artıq can vermək üzrədir. Hətta olur ki, özün belə mövzunu unudursan. Bir gün görürsən ki, mail-ə cavab gəlib. Sevincək açırsan ki, mövzunu tamamlayacaq, amma qarşılaşdığın səni məyus edir. Cavab isə ya sualınla əlaqəli deyil, ya da başı çıxmaz deyə düşünüb 3 cümlədə eyni sözü fırlayıblar..
Son günlərdə Təhsil Nazirliyinə göndərdiyim sorğularda bu problemi yaşamışam. Deyim ki, ən çətin cavab alınası qurumlardan biridir. Son göndərdiyim sorğuya cavabda 3 cümlə yazılmışdı və üçü də eyni fikrə əsaslanırdı. Oxuya-oxuya özlüyümdə “ təkrara ehtiyac yoxdur,anlayıram” deyirdim. Digər sorğumun da aqibəti təxminən oxşar idi.
Sorğu: “Salam. Baş nazir Novruz Məmmədovun imzaladığı “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na görə, hazırda dərs deyən müəllimlər də tibbi müayinədən keçiriləcək? Yoxsa bundan sonra qəbul olanlardan tibbi arayış tələb olunacaq?
Müəllimlər özü gətirməlidir tibbi arayışı, yoxsa Nazirliyin nəzarəti altında həyata keçiriləcək?”
Cavab: “Sağlamlıq haqqında arayış müəllimlərin işə qəbulu prosesində tələb olunan sənədlər sırasındadır. Hazırda dərs deyən müəllimlər işə qəbul olunarkən onlardan sağlamlıq haqqında arayış alınıb. Bu, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçən müəllimlərə də şamil olunur”.
Sizcə,sorğuya göndərilən bu cavabda suallara cavab tapmaq mümkündürmü?
Məncə, sorğulara cavab verəndə sualın hansı şəxsdən gəlməsinə, həmin şəxsin vəzifəsinə diqqət etmək lazımdır. Vəzifə dedikdə, yəni jurnalistdir, yoxsa müəllim və ya bu məsələ ilə maraqlanan hər hansı şəxs.Təbii ki, hər bir halda doğru,dəqiq və sadə cavab verilməlidir. Amma bu sahənin içində olan biri dərhal söhbəti fırladığınızı, cavabın mövzuyla qəti əlaqəsi olmadığını anlayır.
Onlayn müraciətlərə gec baxılmasının səbəbləri kimi çox vaxt minlərlə sualın gəldiyini və vaxt aldığını bildirirlər. Bəs sual ortaya çıxır ki, onlayn sualları cavablandıran(ların) işi bu deyilmi?
Düşünürəm ki, bu problemi bir az da olsa həll etməyin yolu var. Məsələn, sualların çoxluğunu nəzərə alaraq “hə,yox” cavabı tələb edən sualları şifahi cavablandırmaq daha məntiqli və məqsədəuyğundur.
Əsmər Qabil
Telegram kanalımız