“Neftçi”, “Şəfa”, “Xəzər Lənkəran”, “Qarabağ”...

“Neftçi”, “Şəfa”, “Xəzər Lənkəran”, “Qarabağ”...

İdman Veb saytların hazırlanması

07 Oktyabr 2019 11:57 1127


Azərbaycan Premyer Liqasının 7-ci turundan sonra bəzi diqqətçən statistikalar qeydə alınıb.

“Yeni Sabah” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.

Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

Bundan əlavə, Bakının “Keşlə” klubu Azərbaycan Premyer Liqasının I dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub. Bütün qolları evdə buraxan paytaxt klubu VII turun “Sumqayıt”la rəqib meydanındakı matçda (0:0) seriyasını 4-ə çatdırıb. Tərlan Əhmədovun yetirmələri mövsümün əvvəlki səfər matçlarında “Sabah” (1:0), “Qəbələ” (3:0) və “Neftçi”dən (0:0) də qol buraxmamışdı.

“Keşlə” rəqib meydanında sonuncu dəfə ötən mövsümün sonunda – mayın 11-də keçirilən “Səbail”lə qarşılaşmada qol buraxıb. 4:1 hesabı ilə qalib gələn qonaqları 54-cü dəqiqədə Oke Akpoveta məyus edib. Həmin qoldan sonra “Keşlə” 396 dəqiqədir səfərdə qapısını toxunulmaz saxlayır.

“Keşlə”nin tarixində rəqib meydanında belə quru seriyalar olsa da, heç vaxt starta təsadüf etməyib. Bakılılar ilk dəfə mövsümün əvvəlində belə seriyaya imza atıb. Bunadək startda ən yaxşı nəticə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilk üç oyunda “Turan” (3:0), “Xəzər Lənkəran” (0:0) və “Qəbələ”dən (1:0) qol buraxmayan paytaxt klubunun seriyası Gəncədə “Kəpəz”lə görüşdə qırılıb – 0:1.

Qeyd edək ki, “Keşlə” növbəti səfər oyununu X turun noyabrın 2-də baş tutacaq matçında “Səbail”ə qarşı keçirəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!