Tarix İnstitunun Keşikçidağla bağlı bəyanatı təqdirəlayiq olsa da, fikrimcə daha fərqli bir metod izlənməliydi.
"Yeni Sabah" xəbər verir ki, millət vəkili Fazil Mustafa AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının Keşikçidağla bağlı bəyanatını şərh edib. Millət vəkili hesab edir ki, burada uzaq tarixə baş vuraraq nəyisə xeyrimizə sübut etmənin heç bir anlamı yoxdur:
“Əsas başlanğıc olaraq 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının və Azərbaycan SSR-nin sərhədlərini təsdiq edən sənədlər götürülməli idi. Sonra isə Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdəki hüquqi və faktiki duruma diqqət yönəltmək lazım idi. Biz vaxtilə və indiyədək Qarabağ məsələsində də təqribən eyni yanlışın içərisinə girmiş olmuşuq. Qarabağ məsələsini də tarixi dava kimi yürütməyə çalışdığımızdan hansısa ədalətli və səlahiyyətli beynəlxalq jüriyə bunu isbatlamaq imkanını bizə kimsə tanımazdı və tanımadı da! Qalaq-qalaq birtərəfli qaydada yazdıqlarımız da əsasən dar çevrədə özümüzə təsəlli kimi müzakirə olundu. Biz bu davaya da 1918-ci ilin müstəqil dövlətlər tarixindən yanaşmalıydıq və problemi siyasi-hüquqi müstəviyə çəkməliydik. Yəni BMT bir dövlət olaraq Azərbaycanı və Ermənistanı hansı kvadrat kilometr üzərindən tanımışsa, onun dəyişməzliyi prinsipini israrla təkrar etməklə mübarizəmizi davam etdirməliyik. Keşikçidağ məsələsində də hansısa qeyri-müəyyənlik epizodları olsa belə, yenə də hüquqi və faktiki vəziyyətdən çıxış etməliyik. Və hökmən bu işə Türkiyəni də qatmalıyıq, onun Azərbaycana dəstəyini hiss etdirməliyik”. Dördpendirli pizza
Millət vəkili vurğulayıb ki, Azərbaycana qarşı ərazi iddiaları səsləndirmək bir savaş səbəbidir:
“Keşikçidağ Azərbaycanın ərazisidir, nəinki əvəzləməyə, heç gecələməyə də torpaq vermək olmaz! Unutmayaq, bu qətiyyən rəsmi Gürcüstanın layihəsi deyil, bu birbaşa rəsmi Gürcüstanın üzərinə kənardan yüklənmiş bir layihədir. Təsəvvür edin ki, adamlar özü üçün həyati çıxış və giriş qapısı olan iki dövləti, öz ərazisində yaşayan 400 minlik bir azərbaycanlı kütləsini düşmənə çevirir və özünün də həllolunmamış problemləri başından aşır. Bu cür məsələlərdə tərəddüdlü, gəvşək təkliflər vermək olmaz, dövlət tərəfindən vahid bir mövqe formalaşdırılmalıdır. Bu mövqe hamı tərəfindən bütün platformalarda səsləndirilməli və rəsmi Gürcüstanın diqqətinə çatdırılmalıdır”.
Telegram kanalımız