Novruz bayramı Azərbaycanın milli və tarixi dəyəridir

saytların hazırlanması

Evə çatdırılma

Novruz bayramı Azərbaycanın milli və tarixi dəyəridir

Sosial

28 Fevral 2025 10:21 862


Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramıdır. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynayıb. 

Ömrünü torpağa bağlamış əkinçi əcdadlarımız yazın hər gəlişini, həyatın yenilənməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar. Novruz adət-ənənə-mərasim sistemi olaraq elə bir qlobal humanizm məzmununa, elə tarixi qədimliyə və utilitar mədəni-mənəvi zənginliyə malikdir ki, bu sistem içində milli məhdudluğa yer yoxdur. 

Burada milliliklə bəşərilik iç-içədir. Novruzun fəlsəfəsində millətlərdən, xalqlardan öncəki mədəniyyətin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır. Novruz elə nadir anlayışdır ki, orada həm də təbiətlə insan vəhdətdədir. Lakin tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında, sonrakı inkişafında  və onun tam bir düşüncə sisteminə çevrilməsində əlahiddə rol oynamışdı.  pizza mizza

Ən maraqlı cəhət budur ki, Novruz fəlsəfəsində xalqların və millətlərin təşəkkülü, inkişafı kodlaşdırılmışdır. Başqa sözlə, dünya xalqları Novruz rituallarını yaşatdıqları dərəcədə, Novruz bir həyat tərzi olaraq xalqların və millətlərin yaşamasına kömək edib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının, Folklor İnstitutunun, Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil bildirib ki, Novruz bayramının əsasında qədim xalq mərasimləri dayanır:

"Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət nümunəsidir. Keçmişdə olduğu kimi bu gün də  Azərbaycanda  Novruz mart ayının 21-də   bahar bayramı kimi qeyd olunmaqdadır. 

Novruz bayramının tarixi haqqında müxtəlif fikirlər vardır. Bu fikirlərin hər biri bayramın xarakteri və tərkibindəki mərasimlərlə əlaqəli  olaraq irəli sürülüb. Novruzun əsasında əski xalq mərasimləri dayanır. Baharın, yazın gəlişi ilə bağlı keçirilən mövsüm mərasimi kimi bu bayram çox qədim zamanlardan  mövcud olub. Novruzun əsas mahiyyətini təşkil edən yaz fəslinin gəlişi bayramı ən qədim dövrlərdə mövcud olmuşdur. Mədəniyyətin müxətlif nümunələri bunu təsdiqləməkdədir. 

Çin mənbələrinə görə, baharın gəlişi ilə bağlı mərasimlər “Yengi Kün” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaşen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə-Novruzda bayram keçirdiklərini qeyd edib. 1074-1075-ci illərdə   İsfahan, Bağdat, Rey ve Nişaburda rəsədxanalar qurduraraq bir təqvimin təsbitini əmr edən böyük Səlcuqlu sultanı Məlikşah Cəlali təqvimi deyilən bir türk təqvimi hazırlatdırıb. Bu rəsədxanalarda Ömər Xəyyam, Əbül Müzəffər İsfirazı, Mömin ən Nəcib əl Vasti kimi dövrün alimləri işləyib. Qısa bir müddət işlənən (Məlikşahın ölümünə qədər) bu təqvimə Sultanın adına görə „Cəlaliyə“, „Tarixi-Cəlali“, və ya „Tarixi Məliki“ adları verilib. Günəş ilini əsas götürən Cəlali təqvimində günəşin qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul edilib. 

Səlcuqlulardan sönra bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim üzərində düzəlişlər edilmiş və „Tarixi Elxan“ adı verilən bir təqvim meydana gəldi.  Ölkəmizdə Novruz qədim zamanlardan başlayaraq yazı qarşılama mövsüm mərasimi kimi təntənə ilə qeyd olunub. Novruzun fəlsəfəsi  xeyirxahlıq, barış və  sosial paylaşmadır.  Qışla yazın mübarizəsi Xeyirlə-Şərin mübarizəsi kimi anlaşılmış və Novruz xeyirxah bir başlanğıc kimi qəbul edilib.  Novruzun gəlişi ilə təbiətdə dirilmə, canlanma və yenilənmə baş verir.  Təbiətədki yenilənmə cəmiyyətdəki yenilənməyə təkan verir, sosial-mədəni institutlar aktivləşir və nikbin ehtiyatlar cəmiyyətin bütün üzvləri üçün səfərbər edilir. Bayram bir mənəvi səfərbərlik hadisəsi kimi cəmiyyətin həyatına daxil olub və bu gün də özünün fələsəfəsinə sədaqətini davam etdirməkdədir". 

Folklorşünas qeyd edib ki, Novruzun Zərdüştlüklə də tarixi bağları var:

"Folklorda Novruzla bağlı nümunələr müxəlif şəkildədir. Mifologiyada təbiət kultları, mərasim folklorunda inisiasiya xarakterli rituallar və oyunlar, mövsüm mərasimi nəğmələri, aşıq şeirində bahar motivləri və s. şəklində Novruz bayramının əsasları öz əksini tapır. Novruz bayramı qədim xalq inancları ilə bağlıdır.  Buraya ilk növbədə “ölüb-dirilmə” ilə bağlı  qədim xalq inancı aiddir. 

Bayramın dini bir bayram olmadığı məlumdur. Meri Boysun əsərində Zərdüştlük dövründə də keçirilən bayram mərasimləri içərisində Novruz adlı bayram olub. Lakin bu bayram zaman və funksiya baxımından bahar bayramı olan Novruzla üst-üstə düşmür. Novruzun kökləri, ritualları və təbiətlə bağlı izlərinin zərdüştlük Yeni ilindən gəldiyi haqqında mülahizələr vardır. İnanclara görə, həmin gün xalq qışın əziyyətlərindən xilas olur, mal-qarasını saxlamaq üçün daha rahat şərait yaranmasına sevinir. Mövsüm mərasiminin  mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur.  Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və Yeni il başlanır".

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!