“Onlar ləyaqət hissini o qədər itiriblər ki...” – Müsahibə 

saytların hazırlanması

Evə çatdırılma

“Onlar ləyaqət hissini o qədər itiriblər ki...” – Müsahibə 

Siyasət

29 Dekabr 2022 14:56 1046


Politoloq Natiq Mirinin “Yeni Sabah”a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında yenə də Azərbaycana qarşı hədyan dolu çıxışlar edib və Laçın yolunun bağlanmasının günahkarını Azərbaycan kimi təqdim edib...

- Məğlub olan, kapitulyasiya sənədinə imza atan bir dövlət heç bir zaman müharibədən sonra bu tonda konkret şərtlər irəli sürməklə iddialar ortaya qoya bilmir və qoya da bilməz. Çünki tarixdə belə bir şey yoxdur. Belə bir cırtdan dövlət, əgər bu cür iddialarla çıxış edirsə, demək ki, Ermənistanı dəstəkləyən və ona qaz verən dövlətlər var ki, bunların da başında Fransa durur. O cümlədən qonşu İran da bu prosesə dəstək verir. Hətta müəyyən bir müharibə olacağı təqdirdə Ermənistana dəstək olacaqları ilə bağlı müəyyən vədlər də verirlər. Ancaq Ermənistan çox təəssüf ki, hələ də anlamır ki, heç kim ermənilərin əvəzinə gəlib bu cəbhədə Azərbaycanla döyüşməyəcək. pizza

- Hər dəfə erməni tərəfinin belə açıqlamalar verməsinin səbəbi nədir, sizcə?

- Ermənistanda hər zaman reallığı itiriblər və bu günün özündə də hiss olunur ki, onlar 44 günlük müharibədən ciddi dərs ala bilməyib. Ayrıca, ermənilərdə bir aşağılıq kompleksi var. Onlar ləyaqət hissini o qədər itiriblər ki, istənilən bir güc mərkəzinin əlində alət olmağı özlərinə fəxr bilirlər. Dünənə kimi, Rusiyanın əlində çox ciddi bir geosiyasi alət olan Ermənistan bu gün özü üçün Qərbdə yeni ağalar axtarır. Onlar müxtəlif zamanlarda, müxtəlif şəkillərdə bir neçə kresloda oturmaqla zamana qazanmağa oynayır. Ancaq düşünürəm ki, bu zamanı Ermənistana verə biləcək bir dövlət yoxdur. Çünki Azərbaycan üçün bu gün ən bahalı olan şey zamandır. Ona görə ki, dünyada qlobal səviyyədə elə bil geosiyasi bir mühit yaranıb ki, bu gün biz problemlərimizi həll etməsək, heç nə olmayacaq. Xüsusilə də mən Zəngəzur dəhlizi kimi məsələlərdən öncə daxili problemlərimizin həllini önə çəkərdim. Çünki daxildə bir ölkə bütöv olmasa, sərhədləri bütöv olmasa, bu ölkədən enerji axını davam edəcək və bu ölkəni parçalamağa davam edəcəklər. Ona görə də ilk öncə ölkəni bütövləşdirmək lazımdır.

- Deyirsiniz ki, problemin qaynağını daxildə axtarmalıyıq?

- Bəli, çünki biz bunu ikinci ildir ki, etmədiyimiz üçün başımıza bu cür bəlalar gəlməkdə davam edir və Ermənistan artıq bir kapitulyasiya ölkəsi kimi deyil, əksinə, bərabər şərtlərlə bizim təklif etdiyimiz sülh müqaviləsini artıq üçüncü dəfə korrektə edərək Azərbaycana qaytarır. Bu nə deməkdir?! Buna imkan verməmək lazımdır.

Onun üçün də beynəlxalq hüquqa görə Azərbaycanın haqqıdır ki, sərhəddə Azərbaycanda gömrük və sərhəd qoşunları durmalıdır. Hər kəs yoxlamadan keçərək Azərbaycan torpaqlarına girməlidir. Baxmayaraq ki, Azərbaycan dövlətinə girərkən ermənilərin, ləzgilərin, yaxud talışların yaşadığı ərazilərə gedəcəksən; bunun bizə heç bir əhəmiyyəti yoxdur. Sərhəd sərhəddir və bütün giriş-çıxışlar yoxlanışdan keçməlidir. Mənə belə bir təcrübə göstərin ki, yoxlanışdan keçməyərək ölkə ərazisinə daxil olursan.

- Qüsurlar dediniz. Məsələn, nə?

- Bəli, qüsurlarımız var və biz qüsurun müəyyən hissəsini özümüzdə axtarmalıyıq. Bizə kim mane olur ki, üçüncü ilə keçməsinə baxmayaraq, torpaqlarımıza kimin gəlib-getməsini özümüz deyil, ruslar müəyyənləşdirir. Ermənistanın belə açıqlamalarının səbəbi də buradan gəlir ki, biz hər dəfə geri çəkildikcə, ayağını bir addım daha irəli qoyur. Kapitulyasiya sənədinə imza atan bir ölkənin ordusu qalib bir dövlətin ərazisində ola bilə bilərmi?! Belə şey mümkündürmü?! Olmayıb və ola da bilməz! Sadəcə olaraq, bu terrorçu ünsürləri Azərbaycandan qovub çıxarmaq lazımdır. Bunun üçün də hüquqi baza var və kimsə barmağını tərpədə bilməz. Etmirik, lakin ən böyük sual budur.

- Təklifləriniz nədir?

- Bu 2 amil yerinə yetiriləndən sonra Qarabağdakı separatçı rejim orada dura bilməyəcək. Çünki maliyyə qaynaqları çökəndən, Azərbaycanın mis-molibden və qızılları bu ərazilərədn çıxa bilməyəndən, eləcə də böyük pullar qazanmaq imkanından məhrum olandan və ayrıca, mühasirədə qalandan sonra onlar necə Qarabağdakı idarəetmədə qala bilərlər? 

Bundan sonrakı məsələlər isə artıq texniki məsələlərdir və ortada Konstitusiya var. Bundan sonra da buna uyğun davranış ortalığa qoymaq lazımdır. Baxmaq lazım deyil ki, Fransa və ABŞ BMT-də nə dedilər. Kim nə deyir desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu gün Laçın yolu ilə bağlı Azərbaycana təzyiq etmək istəyənlərin əlində zərrə qədər hüquqi baza yoxdur. Çünki Laçın, eləcə də Laçın dəhlizini həm BMT, həm də bütün dünya dövlətləri tanıyıb. Hətta düşünürəm ki, insanlarımıza da Laçın yolunda əziyyət verməyə dəyməz. İlk nəticə yolda gömrük məntəqələrinin qurulması və bütün gəliş-gedişləri, eləcə də maliyyə mənbələrinin kəsilməsidir. Hər kəs yoxlanışdan keçsin və Azərbaycanın icazəsi olmadan heç bir təxribatçı ünsürlər torpaqlarımıza girməsin. Bütün enerji daşıyıcıları Azərbaycanın icazəsi ilə ermənilərin yaşadığı ərazilərə təmin olunsun.

- Maraqlıdır, lakin bir sualım da var. Tutaq ki, siz deyənlər oldu. Bəs kənardan gələn təzyiqləri necə dəf edəcəyik?

- Baxın, bunların hamısı bizim nəzarətimizdə olmadıqca biz bəhanələri başqa yerdə axtarmalı olacağıq. Fransanın nə deməsinin, Ermənistana nə vəd verməsinin bizə heç bir istisi-soyuğu yoxdur, özü bilər, kim nə edir. Öz ölkəmizdə nizam-intizam quracaq tərəf bizik, Azərbaycan dövlətidir. Ona görə də buyurub, dövlət boynuna düşən məsələləri yerinə yetirməlidir. Yoxsa ki, ağlayıb-sızlamaqla bu məsələləri həll etmək olmur. Nə zaman görmüsünüz ki, donuza darı anbarından “çıx” deyən kimi çıxsın? Donuzu çıxarmaq lazımdır. Biz bir balaca sərt siyasət yürüdən kimi Rusiya belə qarşımızdan qaçır. Məgər bəlli deyil ki, bu siyasət davamlı və ardıcıl olmalıdır?! Ayrıca, öz dövlətimizə və sərhədlərimizə sahib çıxmalıyıq. Bütün bəlaların, problemlərin və zaman oyununun arxasında dayanan səbəb budur.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!