Orqan transplantasiyası necə həyata keçirilməlidir?

Orqan transplantasiyası necə həyata keçirilməlidir?

Sağlamlıq Veb saytların hazırlanması

08 Sentyabr 2022 00:43 4467


“İnsan orqanını pul qarşılığında kiməsə təklif edirsə bu, artıq insan alveridir. Dünya bunun əleyhinədir. Əgər ölkədə bu hadisə leqallaşdırılıbsa, bunu leqal şəkildə etmək lazımdır ki, sonradan baş verəcək hüquqi məsələlərə görə, nə donor, nə respient(orqan köçürülən) nə həkim, nə də qeyri-tibb işçiləri buna görə məsuliyyət daşısın və Azərbaycanda olan bu transplantasiya işinə hər hansı bir şəkildə kölgə düşsün”.

Bunu Yenisabah.az-a transplantoloq Bəhruz Səlimli deyib. O deyib ki, əvvəllər İranda belə proseslər həyata keçirilsə də problemlər olduğu üçün sonradan aradan qalxıb:

“Əvvəllər İranda belə bir praktika vardı. Hazırda bu proses orada da yığışdırılıb. Bu, həm əxlaqi, həm də hüquqi məsələdir. Buna görə bunun çıxış yolu yalnız və yalnız qanuni yoldur. Qanın özü də donor sayılır. Lakin bu orqan çox sürətlə bərpa olduğundan, əksər hallarda qan verdikdən sonra şokolad və şirin çay yeməklə baş gicəllənmə kimi ağırlaşmalar aradan qalxdığına görə, belə hüquqi problemlər ortaya çıxmırdı. Amma böyrəyin bir hissəsini vermək və ya qaraciyərin 50 faizindən çox hissəsini başqasına vermək, günlərlə xəstəxanada yatmaq, çoxsaylı ağırlaşmalarla üzləşmək və əmək qabiliyyətinin aşağı düşməsi, daha sonra bu insanlara əlilliyin verilib-verilməyəcəyi sual formasında qaldığı üçün mütləq və mütləq bu proses leqal yolla həyata keçirilməlidir”.

Həkim Azərbaycanda donor olmaq üçün ilk növbədə donor bankına müraciət edilməli olduğunu vurğulayıb:

“Azərbaycanda donor olmaq üçün mütləq şəkildə donor bankına müraciət edilməli, qeydiyyata düşülməlidir. Əgər o şəxs orqanını verdiyi insandan nəsə tələb edirsə, bu, etik deyil. Bu da insan ticarəti olaraq dəyərləndirilir. Bu zaman da bu iş icra edilmir. Bəlkə də gizli şəkildə necəsə, nələrsə ola bilər.

Azərbaycanda ölən insanların orqanlarının donor bankına düşməsi mexanizmi işlənib hazırlanmayıb. Çünki burda bəzi hüquqi məsələlər ortaya çıxır. Donorluqda bütün xərcləri dövlət tam qarşılamalıdır. Həm də bu proses şəffaf həyata keçirilməlidir”.

Tranplantoloq bildirib ki, bu sahədə Türkiyə təcrübəsinə müraciət edilsə, məsləhətlidir:

“Türkiyə canlıdan canlıya transplantasiya sayına görə dünyada birinci yerdədir. Əhali başına düşən faizə görə isə Koreya ön sıradadır. Xəstənin yanında qalan adamın günü də iş günü sayılır. Buna görə maaş alır. İşləyirsə, həmin gün ona iş günü yazılır. Təqaüdə çıxanda da bu, nəzərə alınır. Bunlar hamısı qanunvericilikdə əks olunub. Bir ara gəmilərdə bu hallar həyata keçirilirdi. Qeyri-qanuni yollarla orqanını kiməsə bağışlamaqla donor yuxarıda vurğuladığım haqqlarından məhrum olur. 

Bu proses Türkiyədə necə tətbiq olunursa, o şəkildə  Azərbaycanda tətbiq olunmağı məqsədəmüvafiqdir. Həm adət-ənənə baxımından yaxın olmağımız, həm də vətəndaşlarımızın da mövqelərinin, baxış bucaqlarının aşağı-yuxarı eyni olması belə düşünməyə əsas verir. Türkiyədə insan ölümündən sonra orqanlarının bağışlanmasını bildiribsə, və ya bağışlamayıbsa, onun hüquqi vəsatəti kimdədirsə, ona və ya ailə üzvlərinə yaxınlaşaraq xəstənin rəhmətə getməsi barəsində məlumat verir, başqa sözlə, xəstə “kadavra” dediyimiz hal, yəni beyin ölümü keçirir, amma hələ ki, ürəyi döyünür və orqanları çalışırsa, beyin ölümünün olması təsdiq olunandan sonra yaxınlarına xəstənin beyin ölümü haqqında informasiyanı bir komanda verir. Xəstənin beyin ölümü keçirdiyi və onun aparatdan ayrılması nəticəsində təmamən dünyasını dəyişməsi və onda olan qiymətli orqanların digər insanaların həyatlarını xilas edəcəyi barədə məlumatı da digər komanda verir. Əgər orqanlarını bağışlamağı bildirməyibsə, ölənin donor olmasını təklif edirlər. Başqa bir qrup isə onlara bundan doğacaq hüquqi məsələləri izah edir. Azərbaycanda isə donor bankında epizodik hallar xaricində bu hazırlanmayıb. Bu proses yalnız canlıdan canlıya mümkündür. Yəni, ölən insanların orqanlarının köçürülməsi təcrübəsi yoxdur”.

“Bu proses tam olaraq pulsuz həyata keçirilməlidirmi?” sualını həkim belə cavablandırıb:

“Türkiyədə xəstəxanalarla anlaşma belədir ki, ya fiks maaş alınır, bunun əsasında olur və ya yəni keçirdiyi əməliyyat sayına görə alınır. Bunların hamısının da ödənməsini dövlət öz boynuna götürür. Bu, çox böyük bir hüquqi işləmdir. Azərbaycanda bu sahədə boşluq var”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!