Pəhləvilər sülaləsi:   hökmranlıq, sürgün, narkotik, intihar...

saytların hazırlanması

Evə çatdırılma

Pəhləvilər sülaləsi: hökmranlıq, sürgün, narkotik, intihar...

Dünya

13 Yanvar 2026 17:40 702


Ötən ilin sonlarından etibarən İranda yenidən baş qaldıran etirazlar fonunda gündəmə gələn və ya gətirilən adlardan biri də Pəhləvi sülaləsinin varisi, sürgündəki Pəhləvi xanədanına 1980-ci ildən bu yana rəhbərlik edən Rza Pəhləvidir.

Xaricdə fəaliyyət göstərən monarxiya tərəfdarları-mühacir dairələr onu İran İslam Respublikasına alternativ hakimiyyətin rəhbəri kimi təqdim etməyə çalışsa da, Azərbaycan ictimaiyyəti Pəhləvilər dövrünü tarixin Azərbaycana qarşı siyasətlə dolu səhifə kimi xatırlayır. Bu mənfi imicin əsas səbəbi isə Pəhləvi xanədanı dövründə Güney Azərbaycanda həyata keçirilmiş sistemli assimilyasiya, həbslər, işgəncələr və milli-mədəni haqların boğulması siyasətidir.

Pəhləvilər kimdir? Pepperoni pizza

Pəhləvilər sülaləsi 1925-ci ildə Rza şah Pəhləvinin hakimiyyətə gəlişi ilə İran tarixində yeni mərhələnin əsasını qoydu. Rza şahın əsas siyasi xətti ölkəni vahid fars kimliyi üzərində qurulmuş mərkəzləşmiş dövlətə çevirmək idi. Bu siyasət çoxmillətli İran cəmiyyətində xüsusilə sayca çox olan Azərbaycan türklərini hədəf aldı.

Türk dili rəsmi və ictimai həyatdan sıxışdırıldı, ana dilində təhsil qadağan edildi, yer adları dəyişdirildi, milli düşüncəli ziyalılar “separatizm” ittihamı ilə təqib olundu. Azərbaycan türklərinin mədəni mövcudluğu “dövlət üçün təhlükə kimi təqdim edildi.

Məhəmməd Rza Pəhləvi: Milli yaddaşın və kimliyin qatili

Rza şahın oğlu Məhəmməd Rza Pəhləvi dövründə bu siyasət daha da sərtləşdi. 1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin qan içində boğulması, minlərlə azərbaycanlının edamı, sürgünü və həbsi bu dövrün ən ağır səhifələrindəndir.

SAVAK adlı təhlükəsizlik qurumu Güney Azərbaycanda işgəncə, qorxu və susdurma mexanizmi kimi fəaliyyət göstərdi. Azərbaycan türklərinin dil, mədəniyyət və siyasi haqları sistemli şəkildə tapdalandı.

Bu səbəbdən Pəhləvilər monarxiya tərəfdarları üçün İran tarixinin rəmzi sayılsa da, Güney Azərbaycan fəalları üçün milli yaddaşın və kimliyin qatili kimi xatırlanır.

Azərbaycan kökləri və inkar edilən milli kimlik

Pəhləvilər ailəsinin ən böyük paradokslarından biri onların Azərbaycan türk köklərinə sahib olmalarıdır. Məhəmməd Rza şahın anası kraliça Nimtac Ayrımlı Şimali Azərbaycanın nüfuzlu ailələrindən idi.

Məhəmməd Rza Pəhləvinin üçüncü xanımı, kraliça Fərəh Pəhləvi də Azərbaycan mənşəli ailədən gəlir.

Başqa sözlə, Azərbaycanlı anaların südü ilə böyüyən Pəhləvilər, Azərbaycan türklərinə qarşı sistemli repressiya və assimilyasiya siyasəti yürütdü.

Rza Pəhləvi: etirazların “alternativi”, yoxsa Troya atı?

Hazırda ABŞ-də yaşayan 65 yaşlı Rza Pəhləvi son etirazlar zamanı xalqına “küçələrə çıxın, daha sonra şəhərləri ələ keçirin” çağırışları edib.

Bu çağırışlar İran daxilindən müəyyən dəstək tapsa da, eyni zamanda ciddi suallar da doğurdu.

Xüsusilə onun İsrail və yəhudi siyasi dairələri ilə yaxın əlaqələri Tehranda və regionda “Troya atı” müzakirələrini gündəmə gətirdi. İran dövlət mediası onu açıq şəkildə “İsrail Pəhləvi” adlandırır.

Rza Pəhləvinin 2023-cü ildə İsrailə səfəri, İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü,  Qüdsdə Ağlama Divarının yəhudilərin dini ritual papağı kipa ilə ziyarəti, Holokost qurbanlarına həsr olunmuş Yad Vaşem memorialında olması bu əlaqələrin təsadüfi olmadığını göstərir.

Rza Pəhləvinin 3 qızından biri yəhudi əsilli iş adamı ilə ailə qurub. Bununla Pəhləvi xanədanı, tarixində ilk dəfə olaraq, Yahudi köklü bir ailə üzvünü qəbul edib. Rza Pəhləvinin qızı Prenses İman Pəhləvi amerikalı texnologiya investoru Bradley Şerman ilə Parisdə keçirilən ənənəvi və müasir elementlərin qarışdığı təntənəli toy mərasimi ilə evlənib.

Sürgündə ailə faciələri

Məhəmməd Rza Pəhləvinin rejimi devrildikdən illər sonra onun iki övladı ard-arda faciəli şəkildə vəfat etdi.

2001-ci ildə İranın sonuncu şahının qızı Leylanın yaşadığı otelin otağında meyiti tapıldı. Onun kokain və yuxu dərmanlarını dozadan artıq içmə səbəbindən öldüyü bildirildi.

2011-ci ildə isə şahın iki oğlundan kiçiyi Əli Rza Pəhləvi yaşadığı ABŞ-nin Boston şəhərində silahla özünü başından güllələyərək intihar etdi.

Ailəyə yaxın şəxslər Pəhləvilərin sürgünə məcbur edilməsinin Əli Rza Pəhləvi üçün “çox “travmatik” olduğunu və bu səbəbdən “şəxsiyyət itkisi” yaşadığını deyib.

Tarix onları həm İran monarxiyasının simvolu, həm də Güney Azərbaycan üçün repressiya siyasəti ilə xatırlayır. Bugünkü etirazlar və regiondakı proseslər isə onların mirasının hələ də canlı təsirini göstərir. Tarix, Pəhləviləri unutmaqla deyil, öyrənmək və təhlil etməklə tam şəkildə anlayacaq.

Ekspertlərin fikrincə, Pəhləvi xanədanının, xüsusilə də Rza Pəhləvinin mövcud siyasi reallıqlar fonunda İranda hakimiyyətə qayıtmaq ehtimalı olduqca zəifdir. Analitiklər bildirirlər ki, İran cəmiyyətində monarxiya idarəçiliyi ideyasına geniş sosial dəstək mövcud deyil. Bu səbəbdən, Rza Pəhləvinin etiraz aksiyalarına açıq dəstək verməsi aksiyaların spontan xarakterini, onların əsasən iqtisadi və sosial tələblər üzərində formalaşmasını, eləcə də xalq iradəsini əks etdirməsini şübhə altına alır. Nəticədə bu durum hakim rejimin sərt tədbirləri əsaslandırmasını asanlaşdırır.

Eyni zamanda, Pəhləvi amili etirazların əsas tələblərini - sosial ədalət, azadlıqlar və iqtisadi problemləri - kölgədə qoya bilər. Hadisələrin real mənzərəsi onun prosesdə daha çox mübahisəli və parçalaycı faktor kimi rol oynadığını göstərdi.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!